“Bugünkü filmlərdə yumor inkişaf edib” – Arif Quliyev

Arif Əli oğlu Quliyev 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilmişdir. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirmişdir.

Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaratmışdır. Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur.

Hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.

1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülmüşdür.

1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunmuşdur. Elə həmin il Xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

Olaylar.az Arif Quliyevlə müsahibəni təqdim edir:

- Arif müəllim, son illər mədəniyyət aləmində fəaliyyətinizi necə dəyərləndirirsiz,  tez-tez film, serial təklifi alırsızmı?

- Baxmayaraq ki, təqaüdə çıxmışam, lakin mədəniyyət, incəsənət aləmindən uzaq düşməmişəm. Kifayət qədər filmlərdən təklif alır, müxtəlif verilişlərə dəvət edilirəm. Hər şənbə günü Xəzər Tv-də yayımlanan "Ay yay yay" romantik komediyasında rol alıram. Burada Qənaət obrazını canlandırıram. Son illər ərzində bir çox özəl filmlərdə çəkilmişəm.  "Yumurta", "Bəxt üzüyü 2", "Nazlı", "Halal pullar", "100 Kağız", "Bizmesmen", "İki tüstü" kimi filmləri bu siyahıya daxil edə bilərik.

Bunlardan əlavə, dövlət filmlərindən 2014-cü ildə ekranlaşdırılmış "Axırıncı dayanacaq" filmində rol almışam. Film İlqar Fəhmi və Fikrət Əliyevin ssenarasi əsasında "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib. Olduqca peşəkar heyətə malik olan filmdir. Tofiq Hüseynov, Qorxmaz Əlili, Səmayə Musayeva, Zemfira Sadıqova, Tariyel Qasımov, Fuad Poladov, Zemfira Nərimanova, Bəhram Bağırzadə və Ağaxan Salmanlı öz rollarını ustalıqla ifa ediblər.

Burada baş rollardan birini canlandıraraq Tapdıq obrazını ifa etmişəm. Tamaşaçıların filmi sevərək izlədiyini düşünürəm.

- Son vaxtlar kommersiya məqsədilə çəkilən komediya filmlərinin sayı artıb. Belə filmlərdə yumorun keyfiyyəti hansı səviyyədədir?

- Çəkildiyim bütün komediya filmlərində keyfiyyətli yumoru hiss edirəm. İronik  gülüşün daxilində islah edici elementlər olduğunu duyuram. Bir çox komediya filmlərinin izləyiciyə ibrətamiz tərzdə gülüş ötürməsi müsbət haldır. Deyə bilərəm ki, yumor elə bir güclü məvhumdur ki, insanların iç üzünü ustalıqla ifşa edir. Gənclik illərimdə aktyor kimi bir çox komediya filmlərində rol almışam. Bu gün də rol almağa davam edirəm. Deyim ki, mən elə böyük bir fərqi hiss etmirəm. Daha dəqiqi bu fərqi teatrşünasların öhdəsinə buraxıram. Biz sadəcə öz rolunu məharətlə ifa etməyə çalışan aktyorlarıq. Lakin indi yumor anlayışı əvvəlki komediya filmlərinə nisbətən daha da inkişaf edib. Bu gün yumor təkcə güldürmür, həm də düşündürür. Qədim yunan filosofu Heraklit deyib ki, "hər şey dəyişir və inkişaf edir". Gülüşün obyekti də, yeri də dəyişə bilər, lakin onun məğzi, daxili təsir edici qüvvəsi dəyişməmlidir. Yumor hər zaman dərk edilən olmalıdır.

- Ötən illərə nisbətən teatrlara axın artıb. Demək olar ki, bir çox teatr tamaşaçı sarıdan əziyyət çəkmir.

- Teatr mənəvi zövq, inkişafın mərkəzidir. Onun hər zaman öz xüsusi tamaşaçısı olub. Çünki insanlar burada sevimli aktyorları ilə canlı ünsiyyət qurmaq imkanına malik olurlar. Tamaşaçı teatrda canlandırılan əsəri görüb, hiss edərək mənimsəyir və nəticə çıxarır. Teatrlara axının çoxalmasının bir çox səbəbi ola bilər. Əvvəlcə onu deyim ki, teatrlarda bu gün mədəni inkişaf nəzərə çarpır. Zəngin və yeni repertuar da tamaşaçı cəlb etməkdə əvəzsiz rol oyanayır. Bir baxın internet erasında istənilən filmi evdə rahatlıqla izləmək olar. Lakin insanlar tamaşa izləmək üçün tetarlara can atırlar. Əgər inkişaf olmasaydı bu hal da baş verməzdi.

Dövlət və müstəqil teatrlarda kifayət qədər peşəkar  aktyorlar fəaliyyət göstərir. Yəni, yaradıcı və ziyalı aktyorluq dövlət və müstəqil teatrlardakı fəaliyyətə görə dəyişmir. Gənc aktyorların yaradıcılığına qarşı hər zaman tələbkar yanaşmışam. Bu minvalla Planet Parni iz Baku KVN teatrını xüsusi olaraq bəyənirəm. Tamaşaçını intellektual yumorla təmin edirlər. Burada  İmanov qardaşlarının istedadı və yaradıcılıq qabiliyyətləri əhəmiyyətli rol oynayır.

Sevindirici haldır ki, Azərbaycanda peşəkar aktyor nəsli yetişir. Bu gün gənc aktyorların qazandıqları uğurların təməlində  gəldikləri mədəniyyət, teatr ocağına məhəbbət dayanır.

Aktyorlar hərtərəfli inkişaf etməlidir ki, istənilən obrazı təbii canlandırmağı bacarsınlar. Bundan sonra onların istedadı teatra tamaşaçı axınını gücləndirəcək.

- Televiziya izləyiciləri illərdir türk seriallarına daha çox maraq duyur. Yerli seriallar bu tamaşaçı kütləsini nə üçün toplaya bilmir?

Bilirsiniz, hər filmin, hər tamaşanın öz izləyicisi var. Bu gün Azərbaycan, türk, rus və s. ölkələrin filmlərinin öz xüsusi izləyiciləri var. Doğrudur, yalnız bir ölkənin seriallarını izləməyə qapılaraq öz seriallarımızı yaddan çıxartmaq olmaz. Çünki Azərbaycan seriallarının inkişafı göz önündədir. Yetərli qədər tamaşaçı marağını qazanan yerli seriallar kifayət qədər var.

- Arif müəllim, aktyorun sevilməsində oynadığı obraz xüsusi əhəmiyyət kəsb edir. İfa etdiyiniz hansı roldan sonra tamaşaçı sevgisini daha çox duydunuz?

- Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə ekranlaşdırılmış və "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Bəyin oğurlanması" filmindən sonra daha çox sevildiyimi hiss etdim. Miriş obrazı ilə daha çox tanındım.

Bilirisiniz, o sevgi ki, əvvəldən sən tərəfindən qazanılıb o daimidir. Əgər o sevgi qismət olmasaydı əvvəl də onu görməzdin. Yəni, sevilmənin dünəni, sabahı yoxdur.  Bu sevgi yalnız efir adamlarına aid deyil. Hər sahədə fəaliyyət göstərən insanlara qarşı xüsusi dəyər mövcuddur. İncəsənətin başqa sahələrdən fərqi odur ki, burada yaratdığın peşəkar və içdən əsərlər hər zaman tamaşaçı yaddaşında canlı və silinməz qalır. Qəlb sevgisi ilə yaradılan hər şey qalıcıdır.

İnsanın seçdiyi sənət özünə uyğun olmalıdır. Birdə görürsən deyirlər istedadlı aktyor, istedadsız aktyor. Burada fərq nədir? Fərq ondan ibarətdir ki, istedadlı aktyor bu sənət üçün seçilmiş adamdır. O bu iş üçün yaradılıb yəni, çox çalışmasına ehtiyac yoxdur. Bu onun daxilindən gəlir. İstedadsız aktyor isə öz üzərində daha çox çalışır. Obrazı əzbərləyir, mənimsəyir və onun öz daxili dünyasından aldığı güc ilə deyil, kitab üsulu ilə ifa edir. Bu isə çox zaman tamaşaçı üçün suni təsir bağışlayır. Ona görə aktyorun ifası bəyənilmir. Aktyorluqda başlıca faktor insan və onun daxili inkişafı, istedadıdır. Xatırlayıram ki, bir dəfə gözəl yazıçımız Anar müəllim dedi ki, aktyorlar bizə şərik çıxırlar. Bizim yazdığımızı yaxşı ifa edərək onu insanlara özününkü kimi təqdim edirlər.  Fəxr edirəm ki, məhz aktyorluq sənətinin yolunu tutmuşam..

- İllər əvvəl aktyorluqdan başqa hansı sənətə maraq duymusuz?

Qabilin çox sevdiyim şeirində deyildiyi kimi,

Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

Yəni, əsas olaraq insan anlamalıdır ki, onun yaradıcılığına  hansı sahədə ehtiyac var. Mən özümü bu sahədə hiss etmişəm. Başqa bir sahədə özümü indiki kimi ifadə edə bilərdim mi? Düşünürəmki yox.

Onu da deyim ki, gənc yaşlarımda  jurnalistikaya böyük marağam olub. Mədəni-Maarif Texnikumunu bitirdikdən sonra Mingəçevir teatrına təyinat aldım. Burada şəhər qəzetinə, şəhərin mədəni həyatından yazılar yazırdım. "Mingəçevir işıqları"qəzetində əvvəlcə ictimai müxbir daha sonra isə xüsusi müxbir kimi çalışmışam. Həmin vəsiqəni bugünkü günə kimi xoş xatirə və qürurla qoruyub saxlayıram. Hərbi xidmətə yollandığım zaman da faəliyyətimi davam etdirdim. Bir sıra qəzetlərə hərbi hissəinin mədəni həyətından məqalələr yazırdım.

Lakin sonradan davam etmədim. Dediyim ki, özümü yalnız teatrda görürdüm. Bu məqsədlə bugünkü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum.

- Dediniz ki, tez-tez televiziya verilişlərinə dəvət alıram. Verilişlərdə efir mədəniyyətini necə dəyərləndirirsiz?

Çox verilişlərə dəvət alsam da bu barədə seçiciyəm. Hər verilişə qatılmıram. Birdə görürsən aparıcı reytinq üçün intiriqalı şou ilə qonağı alçaltmağa çalışır və bir çox hallar da buna nail də olur. Belə verilişlərə əlbətdə ki qatılmıram. Aparıcı qonağı yüksəltməlidir, aşağılmalı yox.

- Arif müəllim, son olaraq nə demək istərdiz?

Demək istəyirəm ki, son dövrlərdə online media sürətlə inkişaf edir, bunun qarşısında qəzetlər öz gücünü saxlıya bilirsə bu böyük və sevindirici hadisədir. Mən bu çətin yolda bütün qəzetlərə uğurlar arzulayıram.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR