Qərbin təhlükəli Yaxın Şərq planı

Vüqar Zifəroğlu: “Qərbin məqsədi kürdlərin vasitəsilə Türkiyəni əhatəyə alaraq, enerji dəhlizi yaratmaq və eləcə də Türkiyənin ətrafında onu Yaxın Şərqdən müəyyən qədər təcrid edə biləcək ciddi bir qüvvə formalaşdırmaqdır”

Son günlər Türkiyə istər daxildə, istərsə də regional proseslərdə gərgin bir dövr yaşamaqdadır. Qərbin kürd dövləti yaratmaq istəyinin tədricən reallaşması rəsmi Ankaranı da adekvat addımlar atmaq məcburiyyətində qoyub. Artıq Türkiyənin Suriyaya hərbi müdaxilə edəcəyi barədə də fikirlər səslənməkdədir. Bəs görəsən belə bir proses baє verəcəyi təqdirdə Türkiyə üçün hansı fəsadlar ortaya çıxa bilər. Bu və ya digər məsələlərlə bağlı "OLAYLAR"-ın suallarını "Oğuz" Müstəqil Araєdırmaçılar Qrupunun rəhbər Vüqar Zifəroğlu cavablandırıb.

-Vüqar bəy, son günlər Türkiyənin Suriyaya müdaxilə edəcəyi barədə fikirlər səslənir. Sizcə, rəsmi Ankara belə bir addım ata bilərmi və bu baş verəcəyi təqdirdə hansı fəsadlara yol açar?

-Bildiyiniz kimi, Türkiyə rəhbərliyi, iyunun 29-da Milli Təhlükəsizlik Şurasının toplantısını keçirib və  fəaliyyət planı hazırlanıb. Toplantıda Suriyanın Cerablus bölgəsində 110 km uzunluqda və 15 km dərinlikdə İŞİD nəzarətində olan regionda "Təhlükəsizlik Bölgəsi" qurulması planı müzakirə edilib. Plan qəbul olunub. Əslində qardaş ölkə hər zaman Suriyanın şimalında tampon bölgə formalaşdırmaqda maraqlı olub. İndiki proseslər isə - istər PKK-nın ölkənin güney-doğu bölgəsində yenidən aktivləşməsi, istərsə də Suriya ilə sərhəd bölgələrdə İŞİD təhlükəsi bu addımı atmaq üçün ciddi əsaslar verir. Türkiyə eyni zamanda Suriyanın şimal bölgəsində  kürd xətti bölgələrinin yaradılmasından narahatdır. Bu narahatçılıq kifayət qədər əsaslıdır. Diqqət etsəniz görərsiniz ki, hazırda İraqın şimalından sonra, Suriyanın da şimalında eyni ssenarinin təkrarlanması, nəticə etibarı ilə Türkiyənin milli maraqlarına ciddi zərbədir. Yaxın Şərqdə qurulan yeni ssenariyə görə Qərb kürdlərin vasitəsi ilə Türkiyəni əhatəyə alaraq, enerji dəhlizi yaratmaq və eləcə də Türkiyənin ətrafında onu Yaxın Şərqdən müəyyən qədər təcrid edə biləcək ciddi bir qüvvə formalaşdırmaqdır. Bu həm də Yaxın Şərqin enerji qaynaqlarının dünya bazarlarına çıxması prosesindən Türkiyənin tamamən təcrid edilməsi deməkdir. Lakin ordunun konkret addımlar atıb-atmayacağı məsələsi bir az mübahisəlidir və bunun da iki səbəbi var. Birinci səbəb daxili faktorlarla bağlıdır. Türkiyə mediasında da bildirildiyi kimi, orduya direktifi tam legitim olan bir hökumət verməlidir və zatən ordu legitim hökumətdən belə bir direktiv almaq niyyətindədir. Bildiyiniz kimi, Türkiyədə isə hələ hökumət qurulmayıb və hazırki hökumət müvəqqətidir. İkinci məqam isə xarici faktorlarla əlaqədardır. Belə ki, Suriyaya hətta "Qabaqlayıcı Özünümüdafiə" haqqı ilə olsa belə müdaxilə zamanı Türkiyə, ilk növbədə qarşısında Rusiya və xüsusilə də İranı görəcək. İran istənilən halda Türkiyənin belə bir addım atacağına səssiz qalmayacaq. Qərbin, ABŞ-ın da bu müdaxiləyə müsbət yanaşacağına inanmıram. Yəni proseslər, heç də göründüyü kimi sadə deyil. 

-Bu ərəfədə Qərb ciddi cəhdlə kürd dövlətinin qurulması planı üzərində işləyir. İndiki məqamda kürd dövlətinin yaranması təhlükəsi varmı?

-Kürdistan adlı dövlətin yaradılması, Yaxın Şərqin onsuz da mürəkkəb olan mənzərəsini daha da qarışdıra bilər. Və burada söhbət yalnız Türkiyənin bunun əleyhinə olmasından getmir. Ərəb dövlətləri, nə qədər biri-birilərinə münasibətdə rəqib olsalar belə, qıraqdan gələn təhlükə zamanı müəyyən güc ortaya qoyacaq şəkildə birləşməyi bacarırlar və bunu Yəmən hadisələri sübut etdi. Yəni, ərəblər də belə bir dövlətin yaranmasına imkan verməzlər. Qərb isə bir sıra ərəb ölkələri ilə hesablaşır və regionda onlar ən vacib müttəfiqlər hesab olunurlar. Kürdlərə sadəcə yüksək özünüidarə statusunda muxtariyyət vədi var və bu vəd İraqın şimalında - tarixi türk torpaqlarının hesabına yerinə yetirilib. İkinci bir vəd Suriyanın şimalında ola bilər. Hazırda Türkiyənin tampon bölgə planı da məhz bunu əngəlləyə bilmək üçündür. Və burada ən maraqlı məqam, Ankaranın ərəblərlə müttəfiq şəkildə hərəkət edə bilməsi perspektividir. Bunu ən azı Əsəd rejiminin arxasında duran və eləcə də son illərdə ətrafında ciddi geosiyasi həlqə formalaşdırmağa müvəffəq olmuş İran faktoru mümkün edir.    

-Lakin İranla Qərbin razılaşması ertələnməkdədir. Bu onun mцvqelərini müəyyən qədər zəiflədə bilərmi?

-İran və "altılıq" ölkələri arasında iyunun 30-na imzalanması planlanan müqavilə təxirə salınıb və müzakirələrin iyulun 9-dək davam edəcəyi planlaşdırılır. Lakin tərəflərin danışıqların müddətini daha 3 və ya 6 ay uzadacaqları ehtimalları da böyükdür. Anlaşmanın əldə olunmaması bir neçə mühüm məsələ ilə bağlı hələ də ortaq mövqenin tapılmamasıdır ki, bu da təbiidir.  İran tərəfi müqavilə imzalandıqdan dərhal sonra embarqoların ləğv olunmasını, ABŞ hökuməti isə tədricən aradan qaldırılacağını bildirirdi. Razılaşdırılmayan daha bir mühüm məqam İranın raket hərbi komplekslərinin beynəlxalq yoxlamalara açılmasıdır. Qərb ölkələri İranın uzaqmənzilli raket sistemlərinin yoxlanılmasını tələb edirlər. İran isə hərbi obyektlərin təftiş olunmasının nüvə razılaşmasına aid olmadığını bildirir. Lakin razılaşmanın gec və ya tez imzalanacağını düşünürəm. Bu həm ABŞ və Qərbə, həm də İrana lazımdır. İran hazırda Suriya-İraq-Livan və eləcə də Yəmən faktorlarından yararlanmaqla ciddi iddia ortaya qoymaqdadır. Eyni zamanda Rusiya ilə Qərb münasibətləri enerji faktorlarından dolayı İrana olan ehtiyacı artırır. Yəni razılaşmanın ertələnməsi geosiyasi müvqelərinin zəiflləməsinə səbəb olmayacaq, lakin iqtisadi nöqteyi nəzərdən ciddi neqativ təsir göstərməkdədir. Cənub qonşumuzun iqtisadi durumu heç də ürəkaçan səviyyədə deyil və rəsmi Tehranın embarqoların dərhal ləğv olunmasında israr etməsinin əsas səbəbi də budur.      

-Bu arada uyğurlara qarşı Çin hökumətinin qətliamına dünya birliyinin göz yummasını necə dəyərləndirirsiniz? Və rəsmi Pekin qətliamlarım miqyasını genişləndirə bilərmi?

-Bəli, geniєləndirə bilər və ildən-ilə də geniєləndirməkdədir. Çinin uyğur türklərinə qarşı həyata keçirdiyi qətliamlara təbii ki, dünya birliyi tərəfindən "dur" demənin zamanı çoxdan  çatıb. Məsələn, Yaponiya gəmilərinin Türküstan bayrağı altında dənizdə üzmələri böyük dəstək və diqqət idi. İnsan hüquqlarından, demokratiyadan bar-bar bağıran Qərbin XXI əsrdə törədilən bir soyqırıma səssiz qalmaları nifrətlə qarşılanmalı haldır. İstənilən halda Türk Cümhuriyyətlərinin də məsələyə münasibəti olmalıdır.


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31