Türkiyənin Cerablus müdaxiləsi hansı nəticələrə gətirib çıxaracaq?

Vüqar Zifəroğlu: “İndiki dönəmdə İŞİD, regionda siyasi-strateji maraqları üst-üstə düşməyən qüvvələri belə bir araya gətirə bilib”

Vüqar Zifəroğlu: "İndiki dönəmdə İŞİD, regionda siyasi-strateji maraqları üst-üstə düşməyən qüvvələri belə bir araya gətirə bilib"

Türkiyə yenə dünyanın diqqət mərkəzindədir. Bu dəfə ölkədə baş qaldıran hansısa hərbi çevriliş cəhdinə görə deyil, Suriyada İŞİD terror təşkilatına qarşı başladığı mübarizəyə görə dünyanın diqqət mərkəzinə çevrilib. Hələlik rəsmi Ankaranın sərgilədyi qətiyyətli mövqe beynəlxalq aləm tərəfindən dəstəklənir. Ancaq irəlidə nələrin baş verəcəyi isə maraqlıdır. Bəs görəsən Türkiyənin Suriyada başladığı əməliyyat nə ilə nəticələnəcək? Və Türkiyənin bundan qazancı və ya ziyanı nə olacaq?

"Oğuz" Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu deyir ki, Türkiyə Silahlı Qüvvələrinin İŞİD-in məskunlaşdığı Suriyanın Cerablus şəhərinin azad edilməsi uğrunda koalisiya qüvvələri ilə müştərək şəkildə əməliyyatlara start verməsi ilə əslində yeni bir başlanğıc üçün ciddi addım atıldı. Onun sözlərinə görə, bu əməliyyatlarla Suriyada güc dəngələri yenidən dəyişməkdədir və yalnız daxilindəki teroru durdurmaq üşün Türkiyənin ən son vasitə kimi ilk dəfə birbaşa hərbi müdaxilə düyməsini basması ilə əhəmiyyət daşımır: "Eyni zamanda qardaş ölkənin Yaxın Şərq siyasətində ciddi dəyişikliklər etmək niyyətində olduğunun da göstəricisi hesab olunmalıdır. Diqqət etsək görərik ki, əməliyyat, ABŞ-ın ikinci adamı Co Baydenin Türkiyə səfəri və eləcə də buna paralel olaraq Avropa Birliyinin 39 günlük fasilədən sonra Türkiyəyə nümayəndə heyəti göndərməsi fonunda baş verməkdədir". Politoloq hesab edir ki, Türkiyənin uzun müddətdən sonra birbaşa müdaxilə qərarı verməsinin, heç şübhəsiz ki, ciddi səbəbləri var: "Bu səbəblərdən birincisi, Türkiyəni daxildən sarsıdan terrordur. Türkiyədə ard-arda baş verən terror aktları Suriya ətrafında gedən proseslərlə sıx bağlıdır. Yəni burada daxili faktorlar rol aldığı kimi (FETÖ-ya qarşı mübarizə), xarici faktorlar da var (Türkiyənin Surya ilə bağlı Rusiya və İranla əldə etdiyi son razılaşmalar). Lakin terrora qarşı mübarizədə hədəfin yalnız İŞİD olacağını düşünmək də yanlış olardı. Bunu həm ABŞ, həm də Suriya məsələsində maraqlarını uzlaşdıran Rusiya-İran ikilisi yaxşı bilir. Hədəfdə həm də kürd silahlı qruplaşmaları olacaq. İkinci başlıca səbəb sərhəddə təhlükəsizliyin təmini və xüsusilə də bu məsələdə önəmli halqa olan Cerablusun strateji əhəmiyyətidir. Türkiyənin sərhəddə təhlükəsiz bölgə formalaşdırmaq istəyi təbiidir. Suriyanın potensial Əfqanıstana çevrilməsi fonunda Türkiyənin Pakistanın rolunu üstlənəcəyi perspektivi qorxudur və bu baxımdan sərhəddə nəzarət bölgəsinin yaradılması, əslində birbaşa dövlət təhlükəsizliyi məsələsi olaraq da qiymətləndirilə bilər. Türkiyə iki ildir ki, o bölgədə İŞİD-i istəmədiyini, eyni zamanda PYD/YPG güclərinin nəzarəti ələ keçirməsinə də izn verməyəcəklərini ən yüksək səviyyədə bildirməkdədir. Təbii ki, baş verən son proseslərlə birlikdə YPG-nin Membiçi ələ keçirdikdən sonra şimala doğru Cerablus istiqamətində irəliləməsi Türkiyəni narahat edirdi. Cerablus - 911 kilometrlik sərhəd zolağında İŞİD-in əlində qalan son şəhər idi. Digər tərəfdən "kürd zolağı" məsələsi, eləcə də İraqda peşmərgə güclərinin Mosulu hədəf olaraq elan etmələri, hərbi müdaxiləyə alternativ yol

qoymurdu". Vüqar Zifəroğlu deyir ki, üçüncü səbəb, son günlərin aktual mövzusuna çevrilən və Aralıq dənizinə çıxış əldə etmək üçün nəzərdə tutulan "kürd zolağı"dır: "Əminliklə söyləmək olar ki, Membiçin YPG-nin nəzarətində olması ilə Türkiyənin qırmızı cizgi olaraq elan etdiyi Fərat çayının qərb sahilinin də bu güclərin əlinə keçməsini əngəlləmək də, başlıca hədəfdir. Birmənalıdır ki, hər hansı bir "kürd zolağı"nı Türkiyə haqlı olaraq istəmir və bu hərbi hərəkat eyni zamanda PYD/YPG-nin bu koridoru qurmasını əngəlləməyə yönəlib. Bütün bu səbəblər Türkiyəni istər Suriya, istər İraq ərazilərində daha aktiv fəaliyyətə təhrik etməkdə idi. Maraqlı məqamdır ki, indiki dönəmdə İŞİD, regionda siyasi-strateji maraqları üst-üstə düşməyən qüvvələri belə bir araya gətirə bilib: Amerika, Rusiya və Türkiyə. Təsəvvür edin, regiona baxış müstəvisində biri-birindən fərqlənən 3 qüvvə konkret olaraq İŞİD hədəfində birləşib". Politoloq bildirib ki, hərbi əməliyyatların üç vacib nəticəsi var: "Birincisi, 24 noyabr rus təyyarəsinin vurulmasından sonra faktiki olaraq Türk Hava Qüvvətlərinə qapadılan Suriya hava sahəsinin Türk şahinlərinin üzünə açılması. Əslində tam 9 aydır ki, Suriyada oyundankənar vəziyyətə düşən Türkiyə, bu gün Cerablus əməliyyatı ilə təkrar meydana daxil olmaqdadır. İkinci vacib nəticə, Türkiyənin Suriya siyasətində dəyişikliklərin edilməsi ilə bağlıdır. "Əsəd hər nə olursa olsun, getməlidir!",- sərt siyasəti, artıq yumuşalmaqdadır. Mövcud şərtlər bunu diqtə edir. Artıq diplomatik gedişlərə dayanıqlı yeni bir strateji yanaşmadan söhbət gedə bilər ki, bu heç də Türkiyənin Əsədlə müttəfiq olması və ya rejimi qəbul etməsi anlamını da ifadə etməz. Bu sadəcə olaraq hazırkı reallıqdan çıxış edərək, Əsədə qarşı olan münasibətlərdə yumuşalmaların olacağını ifadə edir. Mövcud şərtlər Türkiyəni hazırkı reallıqları nəzərə alaraq baxış müstəvisini yeniləməyə məcbur etməkdədir. Üçüncü vacib nəticə kürd qruplaşmaları ilə bağlıdır. Bu isə öz növbəsində Türkiyənin birbaşa maraq dairəsində olan Suriyanın şimalına öz təsirini göstərəcək. Mümkündür ki, Azad Suriya Ordusu nəzarət altına alınan bölgədə yerləşdirildikdən sonra, Türkiyənin uzun müddətdir ki, özü üçün prioritet elan etdiyi tampon bölgəni bu vasitə ilə formalaşdıra bilsin. Ümumiyyətlə, Suriyada marağı olan güclərin hər biri öz bölgəsində hakim olur, amma başqasının da nəzarətində olan bölgəyə müdaxilə edə bilməz. Hər halda Baydenin, daha çox kürd qruplaşmalarına ünvanlanan "Fərat çayının qərb sahili" ilə bağlı mesajı, bu kontekstdə qiymətləndirilərsə, Türkiyənin xeyrinədir. Hazırda PYD-nin, ümumiyyətlə kürd qruplaşmalarının hansı addımları atacağı maraq doğurur. Onlar ya Amerikanın çəkdiyi sərhədlər daxilində hərəkət edəcəklər, ya da yeni istiqamətlərə yönələcəklər. Bu ilk növbədə özünü Rakka bölgəsində göstərəcək. Əgər YPG qüvvələri bu bölgəyə toplaşacaqlarsa, o zaman deyə bilərik ki, "kürd zolağı" məsələsində Rusiya və ABŞ Türkiyənin gözlədiyi yöndə bir razılığa gəliblər". Vüqar Zifəroğlu onu da deyib ki, əməliyyatın məhz 24 avqustda başlaması da diqqətçəkicidir və simvolik məna daşıyır: "500 il əvvəl, həmin gün Yavuz Sultan Selimin ordusu Misir səfəri zamanı Məmlük dövləti ilə Cerablus yaxınlarında yerləşən Metrcidabık Ovasında qarşı-qarşıya gəlmiş və parlaq qələbə qazanmışdı. Bu qələbə nəticəsində Suriya, Livan və Fələstin torpaqları Osmanlı İmperiyasının tərkibinə daxil olmuşdu".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31