Laçın ərazisində dövlət sərhədindən buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb - Komitə sədri

Ölkənin gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin dövriyyəsi üzrə müşahidə olunan artıma cavab olaraq mövcud dövlət sərhədindən buraxılış məntəqələrinin yenidənqurulması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması məqsədilə tərəfimizdən müvafiq işləri aparılır.

Olaylar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır.

"Eyni zamanda, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır. Hazırda həmçinin Laçın rayonu ərazisində dövlət sərhədindən buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb".

Sədr qeyd edib ki, regionumuzda inkişaf etdirilməsi vacib olan mövcud və yeni nəqliyyat dəhlizlərinin təşviqi və icrası istiqamətində Dövlət Gömrük Komitəsi həm aidiyyəti dövlət orqanları, həm də dəhliz üzərində yerləşən ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir.

"Biz bu əməkdaşlığın təkcə ölkəmiz üçün deyil, bütün region dövlətlərinin gələcək inkişafı və regional inteqrasiyanın gücləndirilməsi baxımından da vacib olduğunu hesab edirik", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Zəngilan şəhərində "Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları" mövzusunda beynəlxalq konfransa start verilib. Konfrans Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Konfransın keçirilməsində məqsəd trans-regional nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsi ilə bağlı dövlət, özəl və akademik sektorlar arasında müzakirələrin təşkili, maraqlı tərəflər arasında əməkdaşlığın qurulmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31