Mingəçevir şəhərində 4 yaşayış massivində yol yenidən qurulur
Mingəçevir şəhərində 4 yaşayış massivində yol yenidən qurulur
14 Fevral 2020 11:10 TikintiVətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərin icrasına start verilib.
"OLAYLAR" xəbər verir ki, Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11.9 kilometr olan, "Günəşli", "Bağlar", "Üçxoz" və "Tingçilik" yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.
Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınır, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, karxana qruntu ilə əks-dolğu işləri görülür və kipləşdirilir, torpaq yataqları avtoqreyderlə profilə salınır, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın tikintisi işləri görülür, mövcud suötürücü boruların sınmış və ya çökərək yararsız vəziyyətdə olduğundan yeni suötürücü borular inşa olunur.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yollar boyu yol nişanları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.