Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

"Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulması yekunlaşmaq üzrədir. "OLAYLAR"-a Agentlikdən daxil olan məlumata görə, yenidən qurulan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun ümumi uzunluğu 35.9 km təşkil edir.

Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edəcək. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Hazırda yolun 200 min m2-dən çox hissəsinə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 8 yaşayış məntəqəsində yaşayan 6 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Çünki yolun yenidən qurulması ilə əhali istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat şəkildə gedib-gələ biləcəklər, yetişdirdikləri məhsulları xarab olmadan bazarlara çıxara biləcəklər. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafı hədəflənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31