İnsan həyatına cavabdehlik tələb edən əməyin qiyməti devalvasiyaya uğrayıb?
12:59 Sosial"Bu gün cəmiyyətdə çox ciddi və düşündürücü bir paradoks yaranıb. İnsan həyatına birbaşa cavabdeh olan nüfuzlu həkim mürəkkəb əməliyyata görə cəmi 30-50 manat, professor isə bir saatlıq akademik əməyə 10-30 manat civarında ödəniş aldığı halda, bəzi xidmət sahələrində cəmi 10-15 dəqiqəlik iş üçün 100 manatdan başlayan qiymətlər tələb olunur". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim, professor Zahid Məmmədov deyib: "
"Söhbət burada kombi ustasının əməyini kiçiltməkdən getmir. Peşəkar ustanın əməyinin də layiqli şəkildə qiymətləndirilməsinin tərəfdarıyam. Problem başqa yerdədir: niyə yüksək ixtisas, illərlə təhsil, onillərlə elmi və peşəkar təcrübə, böyük məsuliyyət və insan həyatına cavabdehlik tələb edən əməyin qiyməti bu qədər devalvasiyaya uğrayıb?
Bir professorun bir saatlıq mühazirəsinin arxasında bakalavr, magistratura, doktorantura, dissertasiya, elmi tədqiqat, kitablar, məqalələr və illərlə formalaşan akademik təcrübə dayanır. Həkimin mürəkkəb əməliyyatının arxasında isə illərlə davam edən tibb təhsili, rezidentura, praktika, gecə-gündüz növbələr və insan həyatının məsuliyyəti dayanır.
Amma bəzən 10 dəqiqəlik texniki xidmətin qiyməti bir saatlıq professor əməyinin dəfələrlə üzərinə çıxır. Burada məsələ 100 manatın çox və ya az olması deyil. Məsələ əməyin ictimai və iqtisadi dəyərinin necə müəyyənləşdirilməsidir.
Əgər cəmiyyət yüksək ixtisaslı mütəxəssisə "sən bu qədər də qazanmağa layiq deyilsən" mesajı verirsə, bunun nəticəsi çox ağır olacaq. Gənc insan niyə illərlə oxusun, elmi fəaliyyətlə məşğul olsun, doktorantura keçsin, professor səviyyəsinə yüksəlsin? Əgər onun bir saatlıq intellektual əməyinin qiyməti bəzən adi məişət xidmətindən də aşağıdırsa, burada artıq əmək bazarının deyil, dəyərlər sisteminin problemi var.
Biz niyə professoru, həkimi, alimi illərlə yetişdiririk, amma onun əməyini bir neçə dəqiqəlik texniki xidmətin qiymətindən belə aşağı qiymətləndiririk?"