Milli-mədəni irsimiz: Keçmişdən gələcəyə uzanan körpü

Milli-mədəni irs hər bir xalqın keçmişini bu günlə, bu gününü isə gələcəklə birləşdirən mənəvi körpüdür. Xalqların əsrlər boyu formalaşdırdığı həyat tərzi, dünyagörüşü, adət-ənənələri, sənəti, dili və mədəni dəyərləri məhz bu irsin tərkib hissəsini təşkil edir. İnsan cəmiyyətləri inkişaf etdikcə maddi sərvətlər dəyişə, şəhərlər yenilənə, texnologiyalar sürətlə irəliləyə bilər. Lakin bir xalqı xalq edən, onu başqalarından fərqləndirən əsas amillərdən biri məhz onun milli-mədəni irsidir. Çünki milli-mədəni irs sadəcə keçmişdən qalan yadigarlar toplusu deyil, eyni zamanda bir millətin yaddaşı, kimliyi və mənəvi pasportudur.
İrs anlayışı ümumilikdə nəsildən-nəslə ötürülən maddi və mənəvi dəyərləri ifadə edir. Bu dəyərlər insanların həyat tərzini, düşüncə sistemini, estetik zövqünü və mənəvi dünyasını özündə əks etdirir. Tarix boyu formalaşan irs nümunələri hər bir xalqın keçdiyi inkişaf yolunu, yaşadığı çətinlikləri, qazandığı nailiyyətləri və yaratdığı mədəniyyət nümunələrini gələcək nəsillərə çatdırır. Məhz buna görə də irs anlayışı yalnız keçmişlə bağlı deyil, həm də gələcəyin qurulmasına xidmət edən mühüm bir mənəvi sərvətdir.
Milli-mədəni irs isə bu anlayışın daha geniş və dərin qatını təşkil edir. Buraya xalqın adət-ənənələri, folkloru, musiqisi, rəqsləri, sənətkarlıq nümunələri, mərasimləri, bayramları, tarixi abidələri, memarlıq inciləri və milli-mənəvi dəyərləri daxildir. Hər bir xalq öz milli-mədəni irsini qorumaqla yalnız keçmişinə sahib çıxmır, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verir. Məncə, milli-mədəni irsin əhəmiyyəti yalnız tarix kitablarında və muzeylərdə qorunub saxlanılmasında deyil, onun gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsindədir. Çünki yaşadılan irs qorunan irsdir. Azərbaycan xalqı da zəngin və çoxəsrlik milli-mədəni irsə sahib olan xalqlardan biridir. Minilliklər boyunca müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan özünəməxsus mədəniyyət yaradaraq dünya irsinə dəyərli töhfələr verib. 

Mövzu ilə bağlı daha ətraflı tarixçi alim Elnur Nəciyev Olaylar.az-a açıqlamasında danışıb: 
"  Milli-mədəni irs hər bir xalqın tarixi yaddaşını, mənəvi dəyərlərini və milli kimliyini özündə ehtiva edən mühüm mədəni sərvətdir. Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı adət-ənənələr, folklor nümunələri, musiqi irsi, tətbiqi sənət növləri, mərasimlər və həyat tərzi elementləri bu irsin əsas tərkib hissələridir. Milli-mədəni irs yalnız keçmişin yadigarı deyil, həm də cəmiyyətin bu gününü və gələcəyini formalaşdıran mühüm amildir.
Milli-mədəni irs xalqın keçdiyi tarixi yolu, dünyagörüşünü, sosial münasibətlərini və mənəvi dəyərlər sistemini əks etdirir. Məsələn, muğam, aşıq sənəti, xalçaçılıq, Novruz ənənələri və xalq yaradıcılığının digər nümunələri Azərbaycan xalqının estetik düşüncəsini, təbiətə münasibətini və həyat fəlsəfəsini nümayiş etdirir. Bu irs nümunələri nəsillər arasında mədəni varisliyi təmin edir, milli mənsubiyyət hissini gücləndirir və xalqın özünüdərkinə xidmət edir.
Qədim ənənələrin günümüzə qədər qorunub saxlanılmasının əsas səbəbi onların xalqın gündəlik həyatına və mənəvi dünyasına sıx bağlı olmasıdır. Ailə institutu, el adətləri, bayram və mərasimlər uzun illər ərzində nəsildən-nəslə ötürülərək yaşadılmışdır. Bununla yanaşı, dövlət səviyyəsində həyata keçirilən mədəniyyət siyasəti, qeyri-maddi mədəni irsin qorunması istiqamətində görülən tədbirlər, eləcə də UNESCO tərəfindən tanınan irs nümunələrinin beynəlxalq səviyyədə təşviqi bu prosesə mühüm töhfə verir.
Qloballaşma müxtəlif mədəniyyətlər arasında əlaqələri gücləndirsə də, milli xüsusiyyətlərin zəifləməsi riskini də artırır. Bu baxımdan milli-mədəni irsin qorunması mədəni müxtəlifliyin saxlanılması, milli kimliyin möhkəmləndirilməsi və cəmiyyətin mənəvi davamlılığının təmin olunması üçün xüsusi əhəmiyyət daşıyır. Milli irsini qoruyan xalqlar qlobal mədəni proseslərdə daha güclü mövqedən çıxış edir və öz dəyərlərini beynəlxalq müstəvidə tanıtmaq imkanı əldə edirlər.
Gənc nəslin milli-mədəni irsə marağının artırılması üçün hansı addımlar atılmalıdır sualına gəldikdə, düşünürəm ki, bu istiqamətdə ilk növbədə təhsil sisteminin rolu böyükdür. Məktəblərdə və ali təhsil müəssisələrində milli irs mövzularının daha geniş tədris olunması, ekskursiyaların, mədəni tədbirlərin və ustad dərslərinin təşkili mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda rəqəmsal platformalarda, sosial şəbəkələrdə və multimedia layihələrində milli irsin müasir təqdimat formalarından istifadə edilməlidir. Gənclərin folklor festivallarına, sənətkarlıq layihələrinə və mədəni könüllülük proqramlarına cəlb olunması da onların bu sahəyə marağını artıran vacib vasitələrdəndir.
Müasir dövrdə bəzi ənənəvi sənətkarlıq sahələri, o cümlədən misgərlik, papaqçılıq, keçəçilik, dulusçuluğun müəyyən növləri, eləcə də bəzi regional folklor nümunələri və şifahi xalq yaradıcılığı örnəkləri unudulmaq təhlükəsi ilə üzləşir. Kənd mühitində yaşadılan bir sıra mərasim və oyun ənənələrinin də sistemli şəkildə sənədləşdirilməsinə və təbliğinə ehtiyac vardır.
Milli irsimizin hansı elementləri gələcək nəsillərə daha diqqətlə ötürülməlidir?
Muğam, aşıq sənəti, xalçaçılıq məktəbləri, Novruz ənənələri, xalq rəqsləri, milli mətbəx nümunələri və Azərbaycan dilinin zənginliyi xüsusi diqqətlə qorunmalı və gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda xalqın tarixi yaddaşını yaşadan şifahi ədəbiyyat nümunələri, ailə dəyərləri və tolerantlıq ənənələri də milli-mədəni irsimizin ayrılmaz hissəsi kimi gələcək nəsillərin tərbiyəsində mühüm rol oynayır.
Nəticə etibarilə, milli-mədəni irs keçmişlə gələcək arasında möhkəm bir körpü rolunu oynayır. Onun qorunması və yaşadılması yalnız mədəniyyət xadimlərinin və dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Milli irsimizə sahib çıxmaq, əslində, milli kimliyimizi və tarixi yaddaşımızı qorumaq deməkdir". 

Mövzu ilə bağlı Sənətşünas Sədaqət Zaurqızı Olaylar.az-a açıqlama verib: 

"Qloballaşma dövründə xalqlar arasında mədəni əlaqələrin genişlənməsi yeni imkanlar yaratdığı kimi, bəzi milli dəyərlərin unudulması riskini də artırır. Bu səbəbdən milli-mədəni irsin qorunması artıq yalnız keçmişə ehtiram məsələsi deyil, həm də gələcəyin formalaşdırılması üçün strateji əhəmiyyət daşıyan vəzifədir.
Azərbaycanın zəngin mədəni irsi əsrlər boyu incəsənətimizin formalaşmasına güclü təsir göstərib. Muğamın fəlsəfi dərinliyi, aşıq sənətinin poetik ruhu, xalça ornamentlərinin simvolik dili, memarlıq nümunələrinin estetik bütövlüyü milli incəsənətimizin əsas qaynaqlarından biridir. Rəssamlar, bəstəkarlar, memarlar və dizaynerlər bu irsdən bəhrələnərək müasir sənət nümunələri yaradır, keçmişlə bu gün arasında görünməz körpü qururlar.
Azərbaycan xalçaları bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xalça üzərində əks olunan buta, həyat ağacı, əjdaha, quş və həndəsi motivlər sadəcə dekorativ elementlər deyil, xalqın mifoloji düşüncəsinin, dünyanı qavrama tərzinin və həyat fəlsəfəsinin ifadəsidir. Müasir tekstil dizaynında, interyer həllərində və vizual sənətdə bu motivlərin yeni formada təqdim edilməsi milli ənənələrin yaşadılmasına xidmət edir.
Musiqi sahəsində də eyni prosesi müşahidə etmək mümkündür. Muğamın klassik ifaçılıq ənənələri qorunmaqla yanaşı, onun caz, simfonik və elektron musiqi ilə sintezi yeni yaradıcılıq istiqamətləri formalaşdırır. Toy mərasimlərinin ayrılmaz hissəsinə çevrilmiş vağzalı melodiyası bu gün də öz emosional təsir gücünü qoruyub saxlayır və milli yaddaşın mühüm elementi kimi yaşayır.
Milli-mədəni irsin yaşadılması yalnız fərdi təşəbbüslərlə deyil, dövlət proqramları, elmi tədqiqatlar, muzey fəaliyyəti, festivallar və təhsil layihələri vasitəsilə də təmin olunur. Son illərdə ənənəvi sənət növlərinin öyrədilməsi, ustad-şagird ənənəsinin dəstəklənməsi və regionlarda sənətkarlıq mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi bu istiqamətdə mühüm addımlar hesab oluna bilər. Bununla yanaşı, müasir sənətkarların milli ənənələrdən istifadəsi məsələsi daim diqqət mərkəzində olmalıdır. Təəssüf ki, bəzən milli ornament və motivlər yalnız dekorativ element kimi qəbul edilir, onların daşıdığı semantik məna və tarixi kontekst nəzərə alınmır. Halbuki milli irsə yaradıcı yanaşma onun səthi təkrarı deyil, mahiyyətinin düzgün dərk edilərək müasir dövrün dili ilə yenidən ifadə olunmasıdır.
Rəqəmsal texnologiyaların sürətli inkişafı milli-mədəni irsin təbliği üçün yeni imkanlar açır. Virtual muzeylər, rəqəmsal arxivlər, üçölçülü modelləşdirmə, mobil tətbiqlər, sənədli filmlər və sosial media platformaları vasitəsilə mədəniyyət nümunələrini daha geniş auditoriyaya çatdırmaq mümkündür. Xüsusilə gənc nəslin milli irsə marağının artırılmasında rəqəmsal alətlər mühüm rol oynayır.

Bu gün diqqət və qorunmaya daha çox ehtiyac duyan irs nümunələri arasında qədim sənətkarlıq sahələri, yerli dialekt və şivələr, ənənəvi oyunlar, mərasim folkloru, xalq təbabəti ilə bağlı biliklər, köhnə toy və yas adətləri, eləcə də bəzi musiqi ifaçılığı ənənələri xüsusi yer tutur. Unudulmaq təhlükəsi ilə üzləşən bu dəyərlərin sənədləşdirilməsi, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi vacibdir.
Milli-mədəni irsin qorunması məsələsində xüsusi diqqət tələb edən sahələrdən biri də bu gün məişətimizdən demək olar ki, çıxmış ənənəvi xalça məmulatları və xovsuz xalçaçılıq nümunələridir. Tarixən çuval, xurcun, məfrəş, duzqabı, heybə, yəhərüstü örtüklər kimi xalça məmulatları Azərbaycan insanının gündəlik həyatının ayrılmaz hissəsi olub. Bu nümunələr xüsusilə köçəri və yarımköçəri həyat tərzi sürən icmaların məişətində həm funksional, həm də estetik əhəmiyyət daşıyırdı. Lakin həyat tərzinin dəyişməsi, urbanizasiya və müasir məişət əşyalarının geniş yayılması nəticəsində bu məmulatlar öz praktiki funksiyalarını itirərək gündəlik istifadədən çıxıb.

Bu gün Azərbaycanda köçəri həyat tərzinin müəyyən elementləri yalnız bəzi bölgələrdə, o cümlədən Şamaxının Mərəzə və ətraf ərazilərində məhdud şəkildə qorunub saxlanılır. Təbii ki, həyat şəraitinin dəyişməsi ilə qədim məişət nümunələrinin əvvəlki formada istifadəsi mümkün deyil. Lakin bu, onların tamamilə unudulması anlamına gəlməməlidir. Xüsusilə xovsuz xalçalar - palaz, kilim, cecim, şəddə, vərni, zili və sumaxlar yüksək bədii-estetik dəyərə malik olmalarına baxmayaraq, müasir məişətdə əvvəlki yerini itirib. Halbuki bu xalçalar yüngüllüyü, funksionallığı və zəngin ornament sistemi ilə müasir interyer dizaynına uğurla inteqrasiya oluna bilər. Bu gün əsas məqsəd ənənəvi xalça məmulatlarını muzey eksponatına çevirmək deyil, onları yenidən gündəlik həyatımıza qaytarmaq olmalıdır. Xovsuz xalçaların və ənənəvi toxuculuq nümunələrinin müasir evlərin interyerində, dekorativ panellərdə, mebel üzlüklərində, pərdələrdə, aksesuar və suvenir istehsalında istifadəsi bu sənətin yaşadılması üçün yeni imkanlar yaradır.
Milli-mədəni irsin yaşadılması sahəsində musiqi sənəti də xüsusi yer tutur. Azərbaycan muğamının qorunması və beynəlxalq miqyasda tanıdılması istiqamətində son illər mühüm işlər görülüb. Bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsləri xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən beynəlxalq muğam festivalları, muğam mərkəzlərinin yaradılması və gənc ifaçıların dəstəklənməsi bu unikal sənətin inkişafına mühüm töhfə verir. Milli-mədəni irsimizin həssas sahələrindən biri də milli geyim məsələsidir. Təəssüf ki, bu gün cəmiyyətdə folklor rəqs kollektivlərinin səhnə geyimləri ilə tarixi-etnoqrafik milli geyim nümunələri tez-tez qarışdırılır.
Sovet dövründə milli geyimlər "köhnəliyin qalığı" kimi qiymətləndirilsə də, rəqs kollektivlərinin fəaliyyəti sayəsində onların müəyyən elementləri qorunub saxlanıldı. Lakin bu gün müstəqil dövlət olaraq milli geyim irsimizə daha dərindən yanaşmalı, səhnə üçün stilizə edilmiş geyimlərlə tarixi-etnoqrafik geyim nümunələrini aydın şəkildə fərqləndirməliyik.

Milli geyimlərin yenidən gündəlik həyata qaytarılması, müasir moda sənayesində onların elementlərindən istifadə edilməsi, ənənəvi biçim və naxışların müasir üslubda təqdim olunması mühüm əhəmiyyət daşıyır.
Son illərdə müxtəlif şəhərlərdə keçirilən xalça festivalları və milli geyim festivallarının təşkili bu baxımdan təqdirəlayiq təşəbbüsdür. Lakin bu tədbirlərdə nümayiş etdirilən geyim nümunələrinin elmi-etnoqrafik əsaslara söykənməsi, tamaşaçıya hansı nümunənin tarixi milli geyim, hansının isə səhnə üçün hazırlanmış folklor geyimi olması barədə dolğun məlumat verilməsi vacibdir.
Diqqətə ehtiyacı olan digər bir sahə isə qədim musiqi alətləridir. Vaxtilə geniş istifadə olunan çəqanə, çoğur, rud, bərbət, qopuz, tənbur kimi alətlər zamanla ifaçılıq ənənəsindən kənarda qalıb. Sevindirici haldır ki, son illərdə bu alətlərin rekonstruksiyası istiqamətində mühüm işlər görülür. Xüsusilə sənətşünas-alim Məcnun Kərimovun rəhbərliyi ilə həyata keçirilən tədqiqatlar nəticəsində bir çox qədim alətlər yenidən bərpa olunub və "Qədim Musiqi Alətləri Ansamblı"nın repertuarına daxil edilib. Milli-mədəni irsin qorunması yalnız keçmişi yaşatmaq deyil, onu müasir həyatın tərkib hissəsinə çevirmək deməkdir. Ənənələrimiz müasir dövrün tələblərinə uyğunlaşdırılaraq gündəlik həyatımızda yer aldıqca, milli kimliyimiz də daha güclü şəkildə gələcək nəsillərə ötürüləcək.
Milli-mədəni irsi qorumaqla yanaşı, onu müasir dövrün tələblərinə uyğun təqdim etmək tamamilə mümkündür. Əsas məsələ ənənə ilə yenilik arasında düzgün tarazlığı tapmaqdır. Çünki mədəni irs yalnız muzey eksponatı kimi qorunmamalı, gündəlik həyatın bir hissəsinə çevrilməli, yeni nəsillərin düşüncəsində yaşamalıdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31