Toylarda içki qadağası: Əyləncə, yoxsa ənənə?

Azərbaycan cəmiyyətində toy təkcə iki gəncin ailə qurması deyil, həm də əsrlər boyu formalaşmış adət-ənənələrin, ailə dəyərlərinin və ictimai münasibətlərin nümayiş olunduğu xüsusi bir mərasim hesab olunur. İnsanlar üçün toy məclisləri sevincin paylaşılması, qohumluq və dostluq əlaqələrinin möhkəmləndirilməsi, ailələrin bir araya gəlməsi baxımından mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də toylarla bağlı hər hansı dəyişiklik və ya yeni təklif ortaya çıxanda bu məsələ qısa müddətdə geniş ictimai müzakirə mövzusuna çevrilir. Son illər Azərbaycanda toy mərasimlərinin mahiyyəti, təşkilati forması və məzmunu ətrafında müxtəlif müzakirələr aparılır. Bir tərəfdən artan xərclər, dəbdəbə yarışı, ailələrin üzərinə düşən maliyyə yükü, digər tərəfdən isə müasir həyat tərzinin gətirdiyi yeni yanaşmalar ənənəvi toy modelinə yenidən baxılması ilə bağlı fikirləri gücləndirib. Əgər əvvəllər müzakirələr daha çox toyların həddindən artıq təmtəraqlı keçirilməsi, ailələrin borca düşməsi və mərasimlərin iqtisadi tərəfi ətrafında gedirdisə, indi diqqət çəkən mövzulardan biri də məclislərin ümumi formatı və burada tətbiq olunan müxtəlif ənənələrdir. Xüsusilə son günlərdə yas mərasimlərində israfçılığın qarşısının alınması ilə bağlı səslənən təkliflərlə paralel olaraq toy məclislərində spirtli içkilərin təqdim olunması məsələsi də yenidən gündəmə gəlib. Bu mövzu cəmiyyətdə fərqli mövqelərin formalaşmasına səbəb olub. Bəziləri hesab edir ki, toylar daha sadə, ailə yönümlü və milli-mənəvi dəyərlərə uyğun şəkildə təşkil edilməlidir. Digərləri isə insanların şəxsi seçimlərinə müdaxilə edilməsinin doğru olmadığını düşünür. Beləliklə, məsələ təkcə bir içki növünün təqdim olunub-olunmaması çərçivəsindən çıxaraq daha geniş sosial və mədəni müzakirəyə çevrilir. Əslində bu debat yalnız Azərbaycana xas deyil. Dünyanın müxtəlif ölkələrində də son illərdə kütləvi tədbirlərin keçirilməsi qaydaları, ictimai davranış normaları və mərasim mədəniyyəti ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxır. Müasir dövrdə bir çox cəmiyyətlər ənənə ilə yeniliyin, fərdi azadlıqlarla ictimai məsuliyyətin, milli dəyərlərlə qloballaşmanın yaratdığı təsirlər arasında balans tapmağa çalışırlar. Toy mərasimləri də bu prosesdən kənarda qalmır. Maraqlıdır ki, toylar cəmiyyətin özünü ən aydın şəkildə göstərdiyi sosial platformalardan biri hesab olunur. Burada insanların həyat tərzi, dünyagörüşü, dəyərləri, ailə münasibətləri və sosial davranışları öz əksini tapır. Məhz buna görə də toylarla bağlı ortaya çıxan hər bir müzakirə əslində daha böyük bir sualın ətrafında cərəyan edir: Müasir Azərbaycan cəmiyyəti hansı istiqamətdə dəyişir və bu dəyişikliklər ənənəvi mərasimlərə necə təsir göstərir?

Mövzunu sosioloq Naib Niftəliyev Olaylar.az-a şərh edib. Sosioloqun sözlərinə görə, istənilən mərasimə - istər yas, istərsə də şadlıq məclislərinə, toylara və digər tədbirlərə dövlətin birbaşa müdaxiləsi nə hüquqi, nə mənəvi, nə də əxlaqi baxımdan tam adekvat addım hesab oluna bilməz. Bu baxımdan qanunların tətbiqinin və hüquqi tənzimləmənin də müəyyən hədləri var. İstənilən halda cəmiyyət alternativ davranış normalarını bu və ya digər formada formalaşdırır və insanlar əylənmək, şənlənmək, kədərlərini bölüşmək və ya ehsan vermək istədikdə bunun yollarını tapırlar. Hətta müəyyən qadağalar olsa belə, insanlar davranışlarını müxtəlif formalarda davam etdirirlər. Mən şəxsən spirtli içkilərin tərəfdarı deyiləm. Lakin hesab edirəm ki, bu məsələ daha çox hüquqi deyil, mənəvi və əxlaqi müstəvidə tənzimlənməlidir. Kimisə spirtli içki qəbul etməyə və ya əksinə, bundan imtina etməyə məcbur etmək olduqca çətin və mürəkkəb məsələdir. Təbii ki, bu təklifin tərəfdarları da olacaq, əleyhdarları da. İstənilən fikir kimi, bu mövqenin də onu dəstəkləyənləri və ona qarşı çıxanları həmişə mövcuddur. Ümumilikdə, təklif ilk baxışdan cəlbedici görünür. Müəyyən dava-dalaşların, xoşagəlməz hadisələrin və hətta bəzi faciələrin spirtli içkilərlə bağlı olduğu danılmazdır. Burada müəyyən qarşılıqlı əlaqə və asılılıq mövcuddur. Lakin digər tərəfdən, hansı spirtli içkilərin, hansı həddə və necə istifadə olunması məsələsi də aktualdır. Toylarda təqdim olunan içkilərin çeşidi və ümumilikdə spirtli içkilərin qadağan olunub-olunmaması ayrıca müzakirə mövzusudur. 

Sosioloq bildirib ki, prinsip etibarilə bu, məclis sahibinin öz qərarından asılı olan məsələdir. Əgər məclisdə spirtli içki təqdim olunmursa, təbii ki, onu qəbul edən də olmayacaq. Gizli şəkildə bunun təşkili mümkün deyil. Restoranlar və şadlıq sarayları daxili qaydalar vasitəsilə həddindən artıq içki istifadəsini müəyyən qədər məhdudlaşdıra bilərlər. Ancaq bəzi hallarda insanları tam şəkildə məhdudlaşdırmaq da çətin olur. Bir çox insanlar toy məclislərinə əylənmək və içki qəbul etmək məkanı kimi baxırlar. Təəssüf ki, bu yanaşma bəzən içkili vəziyyətdə yaranan münaqişələrə, xoşagəlməz hadisələrə və hətta faciələrə səbəb olur. Bu baxımdan sosial və hüquqi müdaxilənin müəyyən dərəcədə vacibliyi aydındır. Digər tərəfdən, elə içkilər də var ki, onların tərkibində müəyyən miqdarda spirt olsa da, məhdud istifadəsi bəzi mütəxəssislər tərəfindən sağlamlıq baxımından zərərsiz və ya nisbətən faydalı hesab edilir. Məsələn, daha kəskin spirtli içkilərin məhdudlaşdırılması, digərlərinə isə müəyyən həddə icazə verilməsi kimi variantlar nəzərdən keçirilə bilər. Əgər biz Şərq və islam ənənələrinə istinad ediriksə, bunu cəmiyyətə tam və məcburi şəkildə tətbiq etmək mümkün deyil. İnsanların fərqli həyat tərzi və davranışları var. Azərbaycan cəmiyyəti multikultural və qarışıq dəyərlər sisteminə malikdir. Burada həm islamdan gələn dəyərlər mövcuddur, həm də tarix boyu formalaşmış digər mədəni ənənələrin müəyyən elementləri qorunub saxlanılıb. Bu baxımdan cəmiyyətin davranış modelləri müxtəlif mənbələrdən qidalanır. Bu gün məclislərdə badə qaldırıb Allahın adını çəkən, xoşbəxtlik və rifah arzulayan insanların sayı kifayət qədər çoxdur. Onlar bunu etik davranışın və adət-ənənənin bir hissəsi kimi qəbul edirlər. Bir çox insan hesab edir ki, spirtli içkilər az miqdarda və nəzarətli şəkildə istifadə edilərsə, bu, həm məclisin ab-havasına müsbət təsir göstərir, həm də insanlar arasında ünsiyyəti asanlaşdırır. Ona görə də ilk növbədə insanların düşüncə tərzini dəyişmək, spirtli içkilərin zərərlərini əsaslandırmaq və cəmiyyətə izah etmək lazımdır. Hər hansı bir qadağa tətbiq edilirsə, onun alternativləri də təqdim olunmalıdır. Sadəcə "olmaz" deməklə nə toyların, nə də yas məclislərinin mahiyyətini dəyişmək mümkündür. İnsanlar bəzən belə qadağaları məclislərin ənənəvi ruhunun zəifləməsi kimi qəbul edirlər.

"Təbii ki, dava-dalaş və fiziki qarşıdurmalarla nəticələnən hallar qəbuledilməzdir. Bunun qarşısını almaq üçün müəyyən tənzimləmə mexanizmləri mövcud olmalıdır. Toy sahibləri ilə yanaşı, restoran və şadlıq sarayı rəhbərləri də təhlükəsizlik tədbirləri görməlidirlər və bir çox hallarda bunu edirlər. Eyni zamanda içki istifadəsinə müəyyən nəzarət mexanizmlərinin tətbiqi də vacibdir. Həddindən artıq içən, aqressiv davranış nümayiş etdirən və potensial problem yarada biləcək şəxslərlə bağlı həm toy sahibi, həm də iştirakçılar qabaqlayıcı tədbirlər görməyi bacarmalıdırlar. Çünki insanlar toy məclislərinə yeni ailə quran şəxslərin sevincini bölüşmək, onlara dəstək olmaq və xoş vaxt keçirmək üçün gəlirlər. Bu baxımdan içki məsələsi əsas deyil, ikinci planda duran mövzu olmalıdır. Qida və içki məsələsində keyfiyyətli alkoqolsuz içkilərin çeşidinin artırılması, eləcə də az alkoqollu və ciddi problem yaratmayan içkilərlə bağlı müəyyən siyahıların hazırlanması vasitəsilə tənzimləmə mexanizmi qurmaq mümkündür. Bundan əlavə, ayıq sürücülük xidməti kimi təşəbbüslər də bu prosesdə müsbət rol oynaya bilər. Lakin spirtli içkilərin tamamilə yığışdırılması, məncə, nə real görünür, nə də yaxın perspektivdə mümkün olacaq. Bu yalnız o halda mümkündür ki, hüquqi məhdudiyyətlərlə yanaşı restoranlar, toy xidməti göstərən müəssisələr və toy sahibləri ümumi razılığa gələ bilsinlər. Maraqlıdır ki, özü müxtəlif məclislərdə spirtli içki qəbul edən insanların sonradan başqalarının toylarında içkinin qadağan olunmasını tələb etməsi bir qədər qeyri-ciddi görünə bilər. Çünki insanın özünün uzun illər tətbiq etdiyi davranışı başqalarına qadağan etməsi müəyyən suallar yaradır. Bəzi insanlar üçün içkisiz toy maraqlıdır, digərləri üçün isə maraqsızdır. Buna görə də söhbət yalnız toylardan deyil, ümumilikdə spirtli içki istifadəsinin məhdudlaşdırılması və ya azaldılması istiqamətində aparılan siyasətdən gedə bilər", - deyə N. Niftəliyev vurğulayıb.

Sosioloqun fikrincə, bu məsələ spirtli içki bazarında fəaliyyət göstərən və həmin məhsulların satışından gəlir əldə edən şəxslərin maraqlarına da təsir edir. Buna görə də alternativ iqtisadi və sosial yanaşmaların formalaşdırılması vacibdir. İnsanlar öz vəsaitlərini daha sağlam və faydalı istiqamətlərə yönəltməlidirlər. Əgər spirtli içkilərə olan tələbat cəmiyyətdə azalarsa, bu, öz-özlüyündə müəyyən tənzimləyici mexanizmə çevriləcək və əlavə qadağalara ehtiyac qalmayacaq. Bununla belə, qabaqlayıcı, tənzimləyici, hüquqi, inzibati və sosial məsuliyyət yaradan tədbirlərin görülməsi vacibdir. Müxtəlif təkliflər mövcuddur, lakin hesab edirəm ki, bu məsələdə emosional deyil, daha real, praktik və hüquqi baxımdan əsaslandırılmış qərarlar üzərində düşünmək lazımdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31