210 balla ali məktəbə girənlər diqqət: Gələcəkdə hansı peşələr tamamilə YOX OLACAQ?
19:30 SosialDünya sürətlə dəyişir və bu dəyişikliklərin mərkəzində texnologiya dayanır. Cəmi bir neçə il əvvəl fantastika kimi görünən süni intellekt, robot texnologiyaları, böyük verilənlər bazası, avtomatlaşdırma sistemləri və rəqəmsal platformalar bu gün artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Yeni texnologiyalar təkcə insanların ünsiyyət, alış-veriş və ya məlumat əldə etmə üsullarını dəyişmir, eyni zamanda əmək bazarını, iqtisadiyyatın strukturunu və təhsil sistemlərini də kökündən yenidən formalaşdırır. Bu dəyişikliklər fonunda dünyanın bir çox ölkələri gələcəyin tələblərinə uyğunlaşmaq üçün təhsil siyasətlərinə yenidən baxmağa başlayıblar. Çünki artıq universitetlərin əsas vəzifəsi yalnız diplom vermək deyil, həm də gələcəyin iqtisadiyyatında rəqabət apara biləcək peşəkar kadrlar yetişdirməkdir. Məhz bu səbəbdən dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olan Çin son illərdə ali təhsil sistemində genişmiqyaslı islahatlara start verib. Rəsmi Pekin hesab edir ki, əmək bazarında tələbatı azalan, məzunları iş tapmaqda çətinlik çəkən və müasir iqtisadiyyatın ehtiyaclarına tam cavab verməyən bəzi ixtisasların əvvəlki həcmdə saxlanılması artıq səmərəli deyil. Buna görə də ölkənin bir sıra universitetlərində köhnəlmiş hesab olunan və əmək bazarında aktuallığını itirən ixtisasların ixtisarı prosesi həyata keçirilir. Onların yerini isə süni intellekt, robototexnika, yarımkeçirici texnologiyalar, məlumat təhlükəsizliyi, rəqəmsal iqtisadiyyat, bulud texnologiyaları, maşın öyrənməsi, ağıllı istehsal sistemləri və digər innovativ istiqamətlər tutur. Əslində, bu proses təkcə Çinə aid deyil. Son illərdə aparılan beynəlxalq araşdırmalar göstərir ki, yaxın onilliklərdə mövcud peşələrin əhəmiyyətli hissəsi ya tamamilə yox olacaq, ya da ciddi şəkildə transformasiyaya uğrayacaq. Süni intellektin və avtomatlaşdırmanın inkişafı nəticəsində bu gün minlərlə insanın yerinə yetirdiyi bəzi vəzifələri gələcəkdə proqramlar və robot sistemləri həyata keçirəcək. Eyni zamanda, hazırda mövcud olmayan yeni peşələr yaranacaq və əmək bazarının əsas tələbatı məhz həmin istiqamətlər üzrə formalaşacaq. Bu səbəbdən təhsil sisteminin köhnə yanaşmalarla fəaliyyət göstərməsi artıq mümkün görünmür. Çin rəhbərliyi hesab edir ki, ölkənin qlobal texnoloji yarışda lider mövqeyini qoruyub saxlaması üçün ilk növbədə insan kapitalına investisiya yatırılmalıdır. XXI əsrdə dövlətlərin gücü təkcə təbii sərvətlərlə və ya hərbi potensialla deyil, eyni zamanda yüksək texnologiyalar yarada bilən insan resursları ilə ölçülür. Bu baxımdan universitetlər ölkənin gələcək inkişaf strategiyasının əsas elementlərindən biri kimi qəbul edilir. Pekin süni intellekt, rəqəmsallaşma və innovasiya sahələrində dünyanın aparıcı mərkəzlərindən birinə çevrilməyi hədəflədiyi üçün ali təhsil müəssisələrinin də bu məqsədə uyğun fəaliyyət göstərməsini tələb edir.
Bu dəyişikliklər eyni zamanda mühüm suallar da doğurur. Görəsən, ənənəvi ixtisasların ixtisarı nə dərəcədə doğrudur? Süni intellekt və rəqəmsal texnologiyalar həqiqətənmi gələcəyin əsas məşğulluq sahələrinə çevriləcək? Humanitar və sosial elmlərin rolu azalacaqmı? Çin modeli digər ölkələr üçün nümunə ola bilərmi?

Mövzu ilə bağlı İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Olaylar.az-a danışıb. Ekspert bildirib ki, hazırda müzakirə olunan bu məsələ kifayət qədər aktualdır. Çünki dünyada baş verən texnoloji dəyişikliklər, xüsusilə də süni intellektin sürətli inkişafı təhsil sistemlərinə, əmək bazarına və ümumilikdə ölkələrin inkişaf strategiyalarına ciddi təsir göstərməkdədir. Artıq dünyanın inkişaf etmiş ölkələri və iqtisadi baxımdan güclü dövlətləri gələcəyin çağırışlarını nəzərə alaraq təhsil siyasətlərinə yenidən baxır, əmək bazarının ehtiyaclarını təhlil edir və buna uyğun addımlar atırlar. Bu gün dünya nəhəngləri hesab olunan dövlətlər və qabaqcıl universitetlər bəzi qeyri-perspektivli, əmək bazarında əvvəlki qədər tələb görməyən ixtisasları ya ixtisar edir, ya da onların qəbul planlarını minimum səviyyəyə endirirlər. Bunun əvəzində isə müasir dövrün tələblərinə uyğun olan, innovasiya, rəqəmsallaşma və texnoloji inkişafla birbaşa bağlı sahələrə daha çox üstünlük verirlər. Xüsusilə kompüter elmləri, proqramlaşdırma, süni intellekt, kibertəhlükəsizlik, məlumat analitikası, robototexnika və digər texnoloji istiqamətlər bu gün prioritet hesab olunur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, yaxın 5-10 il ərzində süni intellekt və rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevriləcək. Bu proses artıq başlayıb və sürətlə davam edir. Əgər biz də gələcəkdə həmin dövlətlərlə rəqabət aparmaq, qlobal iqtisadiyyatda layiqli yer tutmaq və texnoloji inkişaf prosesindən geri qalmamaq istəyiriksə, onda bu istiqamətdə indidən ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, süni intellekt və rəqəmsal texnologiyalarla bağlı biliklərin tədrisi yalnız universitetlərlə məhdudlaşmamalı, orta ümumtəhsil məktəblərindən başlayaraq mərhələli şəkildə təhsil sisteminə inteqrasiya edilməlidir. Bu gün dünyanın bir çox ölkələrində şagirdlər erkən yaşlardan proqramlaşdırma, alqoritmik düşüncə və süni intellektlə bağlı ilkin biliklər əldə edirlər. Çünki artıq başa düşülür ki, gələcəyin iqtisadiyyatı bilik və texnologiya üzərində qurulacaq. Bu baxımdan Azərbaycan da qlobal proseslərdən geri qalmamalı və gələcəyin kadr hazırlığına bu gündən başlamalıdır. Məsələn, Çin son illərdə təhsil siyasətində ciddi dəyişikliklər həyata keçirib. Məlum olduğu kimi, təxminən 1200 ixtisasın dayandırılması və ya ləğv edilməsi istiqamətində addımlar atılıb. Bu, əslində təsadüfi qərar deyil. Çin əmək bazarını, texnoloji inkişaf meyillərini və gələcəyin iqtisadi modelini təhlil edərək dövrün tələblərinə cavab verməyən istiqamətləri azaltmağa, əvəzində isə yeni texnologiyalarla bağlı sahələri genişləndirməyə çalışır. Bu yanaşma onu göstərir ki, artıq inkişaf etmiş ölkələr təhsili yalnız diplom vermək üçün deyil, iqtisadi inkişafın əsas aləti kimi görürlər. Düşünürəm ki, Azərbaycanda da bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac var. Bizdə bəzi ixtisaslar var ki, həmin ixtisaslar üzrə qəbul balları kifayət qədər aşağıdır. Bu isə müəyyən suallar yaradır. Məsələn, bəzi hallarda 210, 220, 230 və ya 250 balla ali məktəblərə qəbul olmaq mümkündür. Üstəlik, həmin ixtisasların müəyyən hissəsində dövlət sifarişli yerlər də mövcuddur. Mən hesab edirəm ki, dövlət sifarişi anlayışı strateji yanaşma tələb edən məsələdir və bu imkanlar daha çox ölkənin gələcək inkişafına xidmət edən sahələrə yönəldilməlidir. Çünki dövlət sifarişi sadəcə təhsil haqqının dövlət tərəfindən ödənilməsi demək deyil. Dövlət sifarişi eyni zamanda dövlətin gələcək üçün hansı sahələri prioritet hesab etdiyini göstərən mühüm göstəricilərdən biridir. Əgər dövlət müəyyən ixtisas üzrə yüzlərlə dövlət sifarişli yer ayırırsa, bu o deməkdir ki, həmin sahədə gələcəkdə kadrlara ehtiyac olacağı gözlənilir. Ona görə də dövlət sifarişli yerlərin bölgüsü son dərəcə düşünülmüş şəkildə aparılmalıdır. Mənim fikrimcə, bəzi hallarda əmək bazarında yüksək tələbat görməyən və gələcək perspektivi zəif olan ixtisaslara dövlət sifarişli yerlərin ayrılması səmərəli yanaşma hesab edilə bilməz. Həmin yerlərin bir hissəsi daha perspektivli istiqamətlərə yönəldilə bilər. Bu zaman həm dövlət vəsaitindən daha səmərəli istifadə olunar, həm də gənclər gələcəkdə iş tapmaq baxımından daha üstün mövqedə olarlar.
Ekspert qeyd edib ki, son illərdə bu istiqamətdə müəyyən müsbət addımlar da atılıb. Xüsusilə kompüter yönümlü sahələrə dövlət tərəfindən ayrılan plan yerlərinin artırılması təqdirəlayiq addımdır. İnformasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt və əlaqəli istiqamətlər üzrə qəbul planlarının genişləndirilməsi gələcəyə hesablanmış düzgün siyasət kimi qiymətləndirilə bilər. Bu, həm də onu göstərir ki, dövlət artıq qlobal texnoloji tendensiyaları nəzərə almağa başlayıb. Lakin hesab edirəm ki, bu proses daha da sürətləndirilməlidir. Qeyri-perspektivli hesab olunan bəzi ixtisaslarda dövlət sifarişli yerlərin sayı azaldılmalı, həmin resurslar isə daha çox ehtiyac duyulan və gələcək inkişaf baxımından əhəmiyyətli sahələrə yönəldilməlidir. Çünki məhdud dövlət vəsaitinin maksimum səmərə ilə istifadə olunması vacib məsələdir. Bu kontekstdə kənd təsərrüfatı sahəsini xüsusi qeyd etmək istərdim. Hesab edirəm ki, kənd təsərrüfatı ilə bağlı ixtisaslara dövlət sifarişli yerlərin ayrılması çox düzgün və uzaqgörən qərardır. Çünki kənd təsərrüfatı hər zaman strateji əhəmiyyət daşıyan sahə olub və gələcəkdə də öz aktuallığını qoruyacaq. İnsanların qidaya olan tələbatı daim qalacaq və bu sahənin inkişafı ölkənin ərzaq təhlükəsizliyi baxımından da böyük əhəmiyyət daşıyır. Bəzi insanlar hesab edirlər ki, texnologiyalar inkişaf etdikcə yalnız kompüter sahələri ön plana çıxacaq. Mən isə düşünürəm ki, gələcəkdə həm yüksək texnologiyalar, həm də kənd təsərrüfatı paralel şəkildə inkişaf edəcək. Hətta mümkündür ki, süni intellektin sürətli inkişafı nəticəsində bir çox peşələr və ixtisaslar ixtisara məruz qalsın. Bu gün mövcud olan bəzi vəzifələrin gələcəkdə tamamilə yox olacağı ilə bağlı fikirlər də səsləndirilir. Belə bir şəraitdə insanların alternativ məşğulluq imkanlarına ehtiyacı yaranacaq. Həmin insanlar müxtəlif sahələrə, o cümlədən kənd təsərrüfatına, heyvandarlığa, əkinçiliyə və aqrar fəaliyyətə yönələ bilərlər. Bu səbəbdən də kənd təsərrüfatı üzrə peşəkar kadrların hazırlanması strateji əhəmiyyət daşıyır.
"Hesab edirəm ki, gələcəkdə ən ciddi rəqabət yalnız texnologiya sahəsində deyil, həm də ərzaq istehsalı və kənd təsərrüfatı sahəsində olacaq. Torpaqdan səmərəli istifadə etməyi bacaran, müasir aqrar texnologiyalara yiyələnən və kənd təsərrüfatını elmi əsaslarla inkişaf etdirən ölkələr daha üstün mövqedə olacaqlar. Bu baxımdan kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislərin rolu daha da artacaq. Məhz buna görə də düşünürəm ki, kənd təsərrüfatı gələcəyin ən perspektivli, inkişaf etmiş və tələbatlı istiqamətlərindən birinə çevriləcək. Bu sahəyə qoyulan investisiyalar, ayrılan dövlət sifarişli yerlər və hazırlanan kadrlar gələcəkdə ölkənin iqtisadi inkişafına ciddi töhfə verəcək. Ümumiyyətlə, dövlət sifarişli yerlərin bölgüsü məsələsinə daha həssas yanaşılmalı, əmək bazarının real ehtiyacları, texnoloji inkişaf meyilləri və gələcək perspektivlər nəzərə alınmalıdır. Bəzi ixtisaslar var ki, onların adlarını ayrıca siyahı şəklində də təqdim etmək mümkündür. Açığı, həmin ixtisaslara dövlət sifarişli yerlərin ayrılmasının tərəfdarı deyiləm. Hesab edirəm ki, dövlətin maliyyə resursları və təhsil siyasəti daha çox gələcəyin inkişaf istiqamətlərinə xidmət etməli, ölkənin rəqabət qabiliyyətini artıracaq sahələrə yönəldilməlidir", - deyə R. Nurəliyev vurğulayıb.
Saida Ramazanova