Banklarımıza güvənə bilirikmi?- ARAŞDIRMA
13:52 Sosialİyunun 24-də ölkədə fəaliyyət göstərən bəzi bankların müştərilərinin kart hesablarında problem yaranıb. Rəsmi məlumata görə, problem banklararası hesablaşma fayllarının emalı zamanı texniki səbəbdən yaranıb. Yaranmış vəziyyət vətəndaşlarda haqlı olaraq belə bir sual formalaşdırıb: Banklarımıza etibar edə bilərikmi?
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, ölkədə fəaliyyət göstərən ABB, AccessBank, ExpressBank, Yelo Bank və digər bankların müştərilərinin kart hesablarından vəsaitlər yoxa çıxıb. Bu bankların ortaq cəhəti odur ki, hamısı Azericard prosessinq mərkəzinə bağlıdır: "ABB problemi "3-cü tərəf provayderi" ilə bağlı texniki nasazlıqla izah edib. Azericard baş verənlərin banklararası hesablaşma fayllarının emalı zamanı yarandığını, lakin səbəbin "Azericard-dan asılı olmadığını" bildirib. Mərkəzi Bank isə hadisənin kibermüdaxilə deyil, texniki səbəbdən baş verdiyini, ödəniş infrastrukturunda problem olmadığını açıqlayıb. Amma problemin kökü və məsuliyyət indiyədək açıqlanmayıb. Hansı ki, ictimai etimad baxımından ən vacib məqam da elə budur. Bəs oğurluqdur, yoxsa sistem xətası?
Banklardan əldə etdiyim məlumatlar, müşahidələrim və MB-nin açıqlaması göstərir ki, baş verənlər böyük ehtimalla kiber hücum deyil: "Silinmələr təsadüfi deyil, real əməliyyatların təkrarıdır.Vəsaitlər dərhal geri qaytarılır, balanslar avtomatik bərpa olunur. Bu, oğurluğun yox, dublikasiyanın olduğunu göstərir. Yəni "pulu aparan" kənar, yaxud kiber müdaxilə deyil, bankların öz informasiya sistemidir. Bəs kimdir günahkar? Bir neçə müstəqil bankın eyni anda eyni problemlə üzləşməsi yalnız ortaq bir halqa ilə izah oluna bilər. Bu zəncirdə ortaq element ikidir: MB-nin hesablaşma infrastrukturu və Azericard prosessinqi. MB öz infrastrukturunda problem olmadığını birmənalı açıqladığına görə, məntiqlə ortaq element kimi Azericard qalır. Onun "hadisə mənim ərazimdə olub, amma günah məndə deyil" tipli dumanlı açıqlaması da problemin böyük ehtimalla məhz prosessinq mərkəzindəki emalda olduğuna işarə edir. Üstəlik də, hesablaşma zəncirində bir anomaliya baş verirsə, sistem onu dərhal aşkarlayıb bloklamalı idi. Anomaliyanın tutulmaması və təkrar əməliyyatların eyni anda bir neçə bankı vurması göstərir ki, belə kritik qurumda bu mexanizmlər ya yoxdur, ya da təkmil deyil. Düşünürəm ki, belə bir xətadan sonra MB daha sərt addımlar atmalı idi. Problem ABB-də, yaxud digər banklarda deyil, məhz MB-nin nəzarəti və lisenziyası altında işləyən qurumda - Azericard-da yaranıb. Xatırladaq ki, əvvəllər də burada problemli situasiyalar olub. Ümid edirəm, MB hadisəni araşdırıb ciddi audit təşkil edəcək".
Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov qeyd edib ki, banklara ictimai etimad və inam maliyyə sisteminin sabitliyini təmin edən ən mühüm şərtlərdən biridir. Bu etimadı yüksəltmək və qoruyub saxlamaq üçün davamlı şəkildə işlər aparılmalıdır. Bunun üçün aşağıdakı addımların atılması vacibdir: "Maliyyə hesabatlılığında və fəaliyyətdə tam şəffaflıq təmin edilməlidir. Əmanətlərin etibarlı müdafiəsi qanunvericilik səviyyəsində tam təmin olunmalıdır. Mərkəzi Bank bankların fəaliyyətinə ciddi və effektiv nəzarət mexanizmləri həyata keçirməlidir. Banklarda daxili korporativ idarəetmə sistemləri mütləq gücləndirilməlidir. Müştərilərin hüquqları qorunmalı, xüsusilə rəqəmsal təhlükəsizlik ən yüksək səviyyədə təmin edilməlidir. Banklar yalnız mənfəət və gəlir əldə etməyi hədəfləməməli, müştərilərin maliyyə maraqlarını da mütləq nəzərə almalıdırlar. Nəzərə almaq lazımdır ki, ictimai etimadın təməlində güclü şəffaflıq, müştəri hüquqlarının qorunması və peşəkar idarəetmə sistemi dayanır".
Onun bildirdiyinə görə, bankların ən böyük problemi peşəkar idarəetmə çatışmazlığıdır: "Hesab edirəm ki, bu gün bank sektorunda ən böyük çatışmazlıq məhz peşəkar idarəetmə sistemi ilə bağlıdır. Banklarda şəffaflıq, sabitlik, təhlükəsizlik və hesabatlıq nə qədər mükəmməl görünsə belə, əgər peşəkar idarəetmədə boşluqlar varsa, digər şərtləri təmin etməyin heç bir mənası qalmır. Hazırda ən böyük problem idarəetmədədir. Təəssüf ki, bəzi hallarda bank ixtisası olmayan, bank mövzusunda heç bir anlayışı və təcrübəsi tapılmayan şəxslərin rəhbər vəzifələrə gətirildiyini görmək mümkündür. Bu, olduqca üzücü bir məsələdir. Bank fəaliyyətinə aidiyyəti olmayan şəxslərin bankçılıq sektorunda yüksək vəzifələr tutması tamamilə qəbulolunmazdır".
İqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, son illərdə Azərbaycan bankları rəqəmsallaşma və mobil tətbiqlərin yenilənməsi istiqamətində, xüsusilə müştəri xidmətlərində ciddi uğurlar əldə ediblər. Xüsusilə də müştərilərə göstərilən xidmətlərdə rəqəmsal bankçılıq istiqamətində ciddi naliyyətlər mövcuddur:
"Lakin təssüf ki, Azərbaycan banklarının tətəbiq etdikləri yeniliklər çağdaş dünyadakı rəqəmsal dəyişikliklərin sürətinə tam adekvat deyil. Bunun da bir sıra səbəbləri var. Bankların rəqəmsal və İKT üzrə yeniliklərin tətbiqi, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ayırdıqları büdcə kifayət qədər azdır. Hətta bəzi banklarda bu sahə üzrə mütəxəssis çatışmazlığı da mövcuddur. Bununla yanaşı, bankların müəyyən uğurlar əldə etdiyini etifar etmək lazımdır. Xüsusən, nağdsız əməliyyatların həyata keçirilməsi, bu əməliyyatın daha təhlükəsiz və üçüncü şəxslərdən qorunması strateji hədəflərdən biridir. Azərbaycanda mövcud bank qanunvericiliyinə uyğun olaraq vətəndaşların məlumatlarının kənara sızması və ya ələ keçirilməsi ilə bağlı bankların səhvi ucbatından ciddi bir problem yaşanmayıb. Vətəndaşlar müxtəlif hallarda aldadılaraq özləri könüllü şəkildə öz məlumatlarını üçüncü tərəfə paylaşırlar ki, nəticədə banklardakı vəsaitlərini itirirlər. Lakin, vəsaitlərin itirilməsində kibertəhlükəsizliklə bağlı bankların hər hansı səhvi ucbatından müştərilərin ziyana getməsi faktına rast gəlmirik. Bu da özülüyündə kifayət qədər uğurdur. Dünyanın nüfuzlu banklarında belə kiber hücumlar nəticəsində müştərilərin ziyana düşməsi faktları olduğu halda, Azərbaycanda bankların birbaşa təhlükəsizlik boşluğu səbəbindən müştəri vəsaitlərinin itirilməsi halına rast gəlinməyib".
Onun sözlərinə görə, bu sahədə əsas problem müştərilərin cari hesablarında olan şəxsi vəsaitinin sığortalanması ilə bağlıdır:"Artıq dünyanın bir çox ölkələrində kibertəhlükəsizliklə bağlı önləyici tədbir kimi sığorta mexanizmini tətbiq etməyə başlayıblar. Sadə dildə ifadə etsək, əgər vətəndaşın bank kartında yüz manat pul varsa bank onu ikitərəflı sığortalayır. Gündəlik istifadə olunan pensiya və təqaüd, əmək haqqı, eləcə də istehlak xərcləri üçün vətəndaşın saxladığı vəsaitlər belə sığortalanır. Azərbaycanda əmanətlərin sığortalanması sistemi mövcud olsa da, cari hesabların sığortalanması mexanizmi hələlik tətbiq olunmayıb. Yalnız əmanətlərlə bağlı qorunan səğorta sistemi formalaşıb.
Bu günlərdə ölkənin ən böyük bankında baş verən və 24 saatdan çox çəkən texniki problem zamanı vətəndaşlar öz vəsaitləri üzərində sərəncam verə bilmədilər. Bu zaman heç bir sığorta mexanizmi tətbiq edilmir. Bu halda vətəndaş bir müştəri olaraq qarşı tərəfin günahkar olduğunu haqlı olaraq etiraf edir. Banklar kredit verərkən müştəriyə bir gün belə güzəşt etmədiyi halda, bu cür hallarda müştərinin vəsait sərbəstliyinin məhdudlaşdırılmasına görə heç bir sığorta və ya kompensasiya mexanizmi işə düşmədi. Gələcəkdə bu növ kiber və ya texniki risklərə qarşı sığorta sisteminin qurulması zəruridir" .
Ekspert əlavə edib ki, Azərbaycanda bir sıra banklar var ki, onlar həm güvənlik, həm də rəqəmsal xidmətlər baxımından öndədir: "Azərbaycan bank bazarında müxtəlif göstəricilərə görə fərqlənən liderlər mövcuddur. Maliyyə vəsaitlərin saxlanması baxımından hələ ki, Azərbaycanın ən etibarlı bankı Kapital Bankdır. Azərbaycan bankları arasında PAŞA Bankı isə daha çox korporativ bankçılıq (biznes bankçılığı) istiqamətində uğurlu bank kimi qeyd edə bilərik. Xüsusilə də Paşa Bank investisiya bankçılığı istiqamətində ölkə bankları arasında lider hesab edilə bilər. Rəqəmsallaşma baxımından daha optimal və mobil tətbiqi formalaşdıra bilmiş bank Leobankdır. Leobank kifayət qədər rəqəmsal alətlərdən istifadə etməklə müştərilərinə xidmət göstərir. Əslində, müxtəlif kateqoriyalar üzrə müxtəlif bankları qeyd etmək olar".
Alim