İqlim dəyişiklikləri və su hövzələrinin taleyi
13:47 SosialBir vaxtlar insan məskənlərinin, şəhərlərin və bütöv sivilizasiyaların formalaşdığı ərazilər əsasən su mənbələrinin ətrafında yaranırdı. Çaylar, göllər və dənizlər yalnız təbiətin bir hissəsi deyil, həm də insanların yaşayışının, iqtisadiyyatının əsas dayaqlarından biri hesab olunurdu. Lakin son onilliklərdə dünyada müşahidə olunan iqlim dəyişiklikləri bu təbii sərvətlərin taleyini ciddi şəkildə dəyişməyə başlayıb. Qlobal istiləşmə, yağıntı rejiminin pozulması, quraqlıqların artması və ekstremal hava hadisələrinin intensivləşməsi su hövzələrinin mövcudluğunu və davamlılığını təhdid edən əsas amillər sırasındadır.
Bu gün dünyanın müxtəlif bölgələrində eyni anda iki fərqli mənzərə ilə qarşılaşırıq. Bir tərəfdə illərlə insanların həyat mənbəyi olmuş çaylar əvvəlki gücünü itirir, göllər kiçilir, bəzi hallarda isə tamamilə quruma təhlükəsi ilə üz-üzə qalır. Digər tərəfdə isə intensiv yağıntılar və dəyişən iqlim şəraiti bəzi su hövzələrinin yenidən canlanmasına səbəb olur. Bu ziddiyyətli proseslər göstərir ki, iqlim dəyişiklikləri təkcə temperaturun yüksəlməsi demək deyil. O, eyni zamanda təbiətin minilliklər boyu formalaşmış tarazlığını dəyişdirən mürəkkəb bir prosesdir.
Son illərdə diqqət çəkən hadisələrdən biri də uzun müddət ekoloji fəlakətin simvollarından biri hesab olunan Urmiya gölündə müşahidə edilən dəyişikliklərdir. İllər boyu sürətlə quruyan, səviyyəsi kəskin azalan və regionun ekoloji tarazlığı üçün ciddi təhlükə yaradan göldə son yağıntılardan sonra su həcminin əhəmiyyətli dərəcədə artdığı bildirilir. Bu xəbər təkcə region ölkələrində deyil, beynəlxalq ekoloji dairələrdə də maraqla qarşılanıb. Çünki Urmiya gölü uzun müddət insan fəaliyyəti ilə iqlim dəyişikliklərinin birgə təsirinin acı nəticələrini nümayiş etdirən nümunələrdən biri sayılırdı. Lakin burada vacib bir sual ortaya çıxır: bir neçə mövsüm ərzində müşahidə olunan yağıntılar və su səviyyəsindəki artım gölün həqiqətən xilas olması anlamına gəlirmi? Yoxsa bu, iqlim dəyişikliklərinin yaratdığı müvəqqəti və qeyri-sabit proseslərdən biridir? Düşünürəm ki, bu suala cavab vermək üçün məsələyə yalnız bir gölün timsalında deyil, bütövlükdə qlobal su siyasəti və ekoloji təhlükəsizlik prizmasından yanaşmaq lazımdır.
İqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, bu təsirlərin hansı nəticələrə gətirib çıxardığı və Urmiya gölündə müşahidə olunan son vəziyyətin nə dərəcədə davamlı ola biləcəyi məsələləri hazırda xüsusi aktuallıq kəsb edir.
Urmiya gölündə intensiv yağıntılar nəticəsində su həcminin əhəmiyyətli dərəcədə artmasını ekoloji baxımdan necə qiymətləndirilir? İqlim dəyişiklikləri ilə yanaşı, insan fəaliyyəti su hövzələrinin qurumasında və ya bərpasında hansı rolu oynayır? Urmiya gölünün təcrübəsindən çıxış edərək, Azərbaycanın su ehtiyatlarının qorunması üçün hansı addımların atılması vacibdir?

Mövzu ilə bağlı "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Olaylar.az-a açıqlama verib:
" Son vaxtlar yağan intensiv yağışlar Urmu gölündə suyun səviyyəsinə təsir edib. İranın Qərbi Azərbaycan əyaləti üzrə Ətraf Mühitin Mühafizəsi İdarəsinin yaydığı məlumata görə, son 1 il ərzində Urmu gölündə suyun miqdarı 18 dəfə artıb. Son məlumata görə, hazırda Urmu gölündə mövcud olan su miqdarı 4 milyard 280 milyon kubmetrə çatıb. Yağıntının artması, mövsümi olaraq qarların əriməsi Urmu gölünü qidalandıran çaylarda sululuğun çoxalmasına səbəb olub. Göldə suyun səviyyəsinin artmasına bəndlərdən suyun buraxılması da təsir edib. Amma bütövlükdə Urmu gölündə suyun artması hökumətin siyasətinin nəticəsi deyil. Urmuda suyun səviyyəsinin qalxması təbii amillərlə daha çox bağlıdır.
Urmu gölündə normadan artıq yağıntılar nəticəsində su həcminin artması ekoloji baxımdan müsbət prosesdir. Urmu gölündə suyun səviyyəsi artarsa, bioloji müxtəlifliyin bərpası da tədricən mümkün ola bilər. Urmu gölü Mərkəzi Asiya köç marşrutu üzərində yerləşən mühüm ekosistemdir. Bu səbəbdən Urmuda su səviyyəsinin yüksəlməsi köçəri quşların yaşayış və qidalanma mühitinin yaxşılaşmasına şərait yaradır. Göldə suyun səviyyəsinin artması duz fırtınalarının azalmasına gətirib çıxaracaq. Gölün qurumuş dibinin yenidən su altında qalması ətraf ərazilərdə duz və toz hissəciklərinin havaya qalxmasını azaldır. Bu, həm insan sağlamlığı, həm də kənd təsərrüfatı üçün mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə su səthinin genişlənməsi bölgədə temperatur və rütubət balansına müsbət təsir göstərərək səhralaşma riskini qismən azaldacaq, göl ətrafındakı torpaqlarda duzlaşma prosesinin sürətini aşağı salacaq. İran ərazisi quraq zona hesab edilir. Bu səbəbdən yağıntılar uzunmüddətli həll sayılmır. Urmunun əsas problemi gölü qidalandıran çaylar üzərində tikilən bəndlər, yeraltı suların həddindən artıq istismarıdır.
Göldə suyun səviyyəsi və səth sahəsi əhəmiyyətli dərəcədə artsa da, Urmuda suyun səviyyəsi hələ də ekoloji normadan bir neçə metr aşağıdır. Bu isə o deməkdir ki, Urmu gölünün tam bərpasından söhbət gedə bilməz. Gölün tam bərpası üçün təsərrüfat suyuna qənaət sisteminə keçilməlidir. Yeraltı suların normadan artıq istismarı dayandırlmalı, kənd təsərrrüfatında modern suvarma texnologiyaları tətbiq edilməlidir. Urmu gölünün qurumasına atmosferdə istixana qazlarının artması nəticəsində yaranan istiləşmə də təsir edir. Ona görə də İran Paris sazişinə uyğun olaraq karbon emissiyasının azaldılması öhdəliklərinə əməl etməlidir".
Ekoloq hesab edir ki, su qıtlığı yaradan səbəblər bütün ölkələr üçün eynidir: "İntensiv yağışlar Azərbaycanda da su resurslarını artırıb. Bununla belə ölkəmiz də qənaət rejiminə keçməlidir. İlk növbədə suvarmada smart texnologiyaların tətbiqi vacibdir. Selləmə suvarma üsullarından imtina olunmalı, damcı, yağmurlama üsulundan geniş istifadə olunmalıdır. Bununla əlaqədar fermerlər məlumatlandırılmalı, onların damcı suvarma texnologiyalarına çıxışı təmin edilməlidir. Əsas problemlərdən biri su kanallarının torpaq məcralı olmasıdır. Tədricən suyun daşınması beton səthli kanallara keçirilməli, su kanalları, anbarları yenidən qurulmalıdır".
Zeynəb Mustafazadə