Sosial medianın “pulsuz” erası bitir? – Facebook və instagramın yeni “premium” ssenarisi
20:34 SosialBir zamanlar internetin ən böyük üstünlüyü onun sərhədsiz və pulsuz olması idi. İnsanlar dünyanın istənilən nöqtəsində yaşayan dostları ilə əlaqə saxlaya, şəkillər paylaşa, xəbərlər izləyə, fikir mübadiləsi apara və bütün bunları heç bir ödəniş etmədən həyata keçirə bilirdilər. Sosial şəbəkələr məhz bu azadlıq və əlçatanlıq prinsipi üzərində qurulmuşdu. Son iyirmi ildə milyardlarla insanın həyat tərzini dəyişən Facebook və Instagram kimi platformalar rəqəmsal dünyanın ayrılmaz hissəsinə çevrilərək ünsiyyət anlayışını yenidən formalaşdırdı. Bu gün bir çox insan üçün sosial şəbəkələr sadəcə əyləncə vasitəsi deyil, həm də informasiya mənbəyi, iş platforması, reklam aləti, ictimai müzakirə meydanı və hətta gəlir əldə etmək vasitəsidir. Lakin rəqəmsal dünyanın sürətlə dəyişdiyi bir dövrdə sosial şəbəkələrin gələcəyi ilə bağlı yeni suallar meydana çıxmağa başlayıb. Son günlərdə "Meta" şirkətinə məxsus Instagram və Facebook platformalarının gələcəkdə ödənişli abunə sisteminə keçə biləcəyi ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Hələlik bu məsələ ilə bağlı qəti qərar və ya tammiqyaslı dəyişiklik elan edilməsə də, iddiaların özü belə istifadəçilər arasında ciddi maraq doğurub. Çünki söhbət dünyanın ən böyük və ən çox istifadə olunan sosial media platformalarından gedir. Bu ehtimal ilk baxışdan adi texnoloji yenilik kimi görünə bilər. Lakin əslində məsələ daha geniş məna daşıyır. Əgər sosial şəbəkələr mərhələli şəkildə ödənişli xidmətlərə üstünlük verməyə başlasa, bu, internet iqtisadiyyatında uzun illərdir mövcud olan qaydaların dəyişməsi demək olacaq. İllərlə insanlar sosial media platformalarına pulsuz daxil olub, öz məzmunlarını yaradıb, həmin platformaların böyüməsinə töhfə veriblər. İndi isə rəqəmsal xidmətlərin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi sualı daha aktuallaşıb: internet əvvəlki kimi hamı üçün açıq və pulsuz qalacaq, yoxsa istifadəçilər getdikcə daha çox xidmət üçün ödəniş etməyə məcbur olacaqlar?
Mövzuya marağı artıran digər məqam isə sosial şəbəkələrin artıq sadəcə texnologiya məhsulu olmamasıdır. Bu platformalar müasir cəmiyyətin sosial münasibətlərinə, iqtisadi fəaliyyətinə, media sektoruna və hətta siyasi proseslərə təsir göstərən qlobal gücə çevriliblər. Milyonlarla kiçik sahibkar məhsullarını Instagram üzərindən satır, minlərlə media qurumu auditoriyasını Facebook vasitəsilə formalaşdırır, milyonlarla insan isə gündəlik xəbərləri və ictimai hadisələri məhz sosial şəbəkələrdən izləyir. Belə bir şəraitdə hər hansı ödənişli modelə keçid təkcə istifadəçilərin büdcəsinə deyil, bütövlükdə rəqəmsal ekosistemə təsir göstərə bilər. Digər tərəfdən, son illərdə internetdə pulsuz xidmət anlayışının özü də dəyişməyə başlayıb. Musiqi dinləmək, film izləmək, məlumat saxlamaq, süni intellekt xidmətlərindən istifadə etmək və digər rəqəmsal imkanlar üçün ödəniş etmək artıq milyonlarla insan üçün adi haldır. Bu səbəbdən sosial şəbəkələrin də müəyyən xidmətləri pullu etməsi ehtimalı əvvəlki illərlə müqayisədə daha real görünür. Bununla yanaşı, insanların sosial media platformalarına münasibəti digər rəqəmsal xidmətlərdən fərqləndiyi üçün bu dəyişikliklərin necə qarşılanacağı da maraq doğuran məsələlərdən biridir. Bütün bunlar fonunda əsas sual açıq qalır: Facebook və Instagram kimi platformaların gələcəyi necə olacaq? Sosial şəbəkələr həqiqətənmi yeni ödənişli dövrə qədəm qoyur, yoxsa bu, sadəcə rəqəmsal bazarın növbəti transformasiyasıdır? Əgər belə bir dəyişiklik baş verərsə, bu qərar istifadəçilərin davranışına, sosial medianın inkişaf istiqamətinə və internetin gələcəyinə necə təsir göstərəcək? Dünyada milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmiş platformalar ətrafında yaranan bu müzakirələr əslində rəqəmsal dünyanın sabahı haqqında daha böyük sualların ortaya çıxmasına səbəb olur.
Mövzunu İnnovasiya üzrə mütəxəssis Bəxtiyar Həsənov Olaylar.az-a şərh edib. Mütəxəssis bildirib ki, "Meta" şirkətinə məxsus platformaların tamamilə ödənişli olması hazırkı mərhələdə real görünməsə də, "freemium" modeli, yəni əsas funksiyaların pulsuz, əlavə və genişləndirilmiş imkanların isə ödənişli olması artıq rəqəmsal platformalar üçün formalaşmış və özünü doğrultmuş biznes modellərindən biridir. Son illərdə dünyanın aparıcı texnologiya şirkətlərinin fəaliyyətinə nəzər saldıqda görürük ki, istifadəçilərə baza xidmətlərini pulsuz təqdim etməklə yanaşı, daha fərqli və üstün imkanları ödəniş müqabilində təqdim etmək tendensiyası sürətlə genişlənir. Sosial şəbəkələr də bu prosesdən kənarda qalmır və "Meta"nın idarə etdiyi platformalarda da bu istiqamətdə addımların atılması artıq müşahidə olunur. Dünyanın ən böyük sosial şəbəkələrinin məhz bu istiqamətə yönəlməsinin arxasında ciddi iqtisadi və hüquqi səbəblər dayanır. Uzun illər ərzində sosial media şirkətlərinin əsas gəlir mənbəyi istifadəçi məlumatlarına əsaslanan hədəfli reklam modeli olub. Bu model platformalara milyardlarla istifadəçinin davranışlarını təhlil etməyə, onların maraq dairələrini müəyyənləşdirməyə və reklamverənlərə daha dəqiq hədəflənmiş reklam imkanları təqdim etməyə şərait yaradırdı. Məhz buna görə sosial şəbəkələr uzun müddət ərzində istifadəçilərdən birbaşa ödəniş tələb etmədən fəaliyyət göstərə biliblər. Lakin son illərdə bu model ciddi təzyiqlərlə üzləşib. Xüsusilə Avropa İttifaqının tətbiq etdiyi sərt məxfilik qanunları və şəxsi məlumatların qorunmasına yönəlmiş yeni hüquqi mexanizmlər texnologiya şirkətlərinin əvvəlki kimi rahat fəaliyyət göstərməsinə imkan vermir. Eyni zamanda Apple şirkətinin tətbiqlərdə istifadəçi izlənməsini məhdudlaşdıran siyasəti də reklam bazarında ciddi dəyişikliklərə səbəb olub. İstifadəçilərin məlumatlarının toplanması və emalı ilə bağlı imkanların azalması nəticəsində Meta-nın əsas gəlir mənbəyi hesab olunan hədəfli reklam sisteminin effektivliyi əvvəlki dövrlərlə müqayisədə zəifləməyə başlayıb. Belə bir şəraitdə şirkətlər yeni gəlir mənbələri axtarmağa məcbur olurlar. Şirkət istifadəçi məlumatlarından əvvəlki səviyyədə kommersiya məqsədilə istifadə edə bilmədiyi yerdə, itirilən gəliri birbaşa istifadəçidən əldə etməyə çalışır. Məhz buna görə də müxtəlif abunə modellərinin tətbiqi gündəmə gəlir. Bu, əslində texnologiya sektorunda müşahidə olunan daha geniş bir transformasiyanın tərkib hissəsidir. Platformalar artıq yalnız reklam gəlirlərindən asılı qalmaq istəmir və gəlirlərini daha sabit və proqnozlaşdırıla bilən mənbələr hesabına diversifikasiya etməyə çalışırlar. Digər tərəfdən, sosial şəbəkələrin fəaliyyət prinsipi ənənəvi rəqəmsal xidmətlərdən müəyyən qədər fərqlənir. Sosial şəbəkələrin əsas gücü onların kütləviliyindədir. Bu platformalar milyonlarla, hətta milyardlarla insanın eyni məkanda qarşılıqlı əlaqədə olması hesabına dəyər qazanır. Əgər birdən-birə bütün istifadəçilərdən ödəniş tələb olunarsa, bu, platformanın auditoriyasının əhəmiyyətli hissəsinin itirilməsinə səbəb ola bilər. İstifadəçi sayının azalması isə öz növbəsində reklamverənlərin marağının zəifləməsi ilə nəticələnər. Bu baxımdan tam ödənişli model sosial şəbəkələrin biznes məntiqinə uyğun görünmür.
Mütəxəssisin fikrincə, məhz buna görə Meta-nın daha çox "pulunu ödə və əlavə funksionallıqlar əldə et" prinsipi ilə hərəkət edəcəyi ehtimal olunur. Gələcəkdə istifadəçilərə hekayələri gizli izləmək, hekayəyə neçə dəfə baxıldığını və ya kimin baxdığını daha detallı şəkildə görmək, profillərin fərdiləşdirilməsi üçün əlavə imkanlar əldə etmək, süni intellekt əsaslı xüsusi alətlərdən istifadə etmək və digər premium funksiyalar təqdim oluna bilər. Bu cür yeniliklər platformanın əsas funksiyalarını pulsuz saxlayaraq əlavə rahatlıq və üstünlüklər istəyən istifadəçilərdən gəlir əldə etməyə imkan verir. Belə bir yanaşmanın üstünlüyü ondan ibarətdir ki, şirkət həm böyük auditoriyanı qoruyub saxlayır, həm də əlavə gəlir mənbələri formalaşdırır. Bu model artıq bir çox rəqəmsal platformalarda özünü doğruldub və istifadəçilərin müəyyən hissəsinin əlavə funksiyalar üçün ödəniş etməyə hazır olduğunu göstərib. Nəticədə şirkətlər kütləviliyi itirmədən gəlirlərini artırmaq imkanı əldə edirlər.
"Azərbaycan auditoriyasına gəldikdə isə, istifadəçilərin böyük əksəriyyətinin sosial şəbəkələrə görə aylıq sabit abunə haqqı ödəməyə hazır olduğunu demək çətindir. Ölkəmizdə internet resurslarına, xüsusilə əyləncə, ünsiyyət və sosial əlaqələr üçün istifadə olunan platformalara daha çox pulsuz xidmət kimi yanaşmaq ənənəsi hələ də güclü olaraq qalır. İllər ərzində Facebook, Instagram və digər sosial şəbəkələrdən heç bir ödəniş etmədən istifadə edən auditoriyanın birdən-birə pullu modelə keçidi asan görünmür. Düzdür, son illərdə müəyyən dəyişikliklər də müşahidə olunur. Netflix, Spotify və ya YouTube Premium kimi xidmətlərə abunə olan istifadəçi seqmenti artıq formalaşmağa başlayıb. İnsanlar keyfiyyətli məzmun, reklamsız istifadə təcrübəsi və əlavə imkanlar üçün müəyyən məbləğ ödəməyə daha açıq yanaşırlar. Lakin bu tendensiyanın hələ bütün cəmiyyətə yayıldığını söyləmək mümkün deyil. Xüsusilə sosial şəbəkələr məsələsində vəziyyət bir qədər fərqlidir. Facebook və Instagram istifadəçilərinin əksəriyyəti üçün bu platformalar gündəlik həyatın adi bir hissəsidir və onların ödənişli xidmətə çevrilməsi geniş auditoriya tərəfindən birmənalı qarşılanmaya bilər. Buna görə də Azərbaycanda da ən real ssenari əsas funksiyaların pulsuz saxlanılması, əlavə imkanların isə ödənişli formada təqdim edilməsidir. Belə yanaşma həm istifadəçilərin platformadan uzaqlaşmasının qarşısını ala, həm də ödəniş etməyə hazır olan istifadəçilərdən əlavə gəlir əldə olunmasına şərait yarada bilər", - deyə ekspert vurğulayıb.
B. Həsənov yekun olaraq qeyd edib ki, bu proses rəqəmsal dünyada yeni bir eranın başlanğıcını ifadə edir. Uzun illər internet iqtisadiyyatının əsas prinsiplərindən biri hesab olunan "məhsul pulsuzdursa, məhsul siz özünüzsünüz" yanaşması müəyyən dəyişikliklərə məruz qalır. Şəxsi məlumatların qorunması sahəsində sərtləşən qaydalar və reklam bazarındakı dəyişikliklər texnologiya şirkətlərini yeni biznes modelləri axtarmağa sövq edir. Tam ödənişli model hələ ki, real görünmür. Bunun həm iqtisadi, həm də sosial səbəbləri var. Lakin sosial şəbəkələrin getdikcə daha çox pullu funksiyalar təqdim etməsi, premium xidmətlərin sayının artması və istifadəçi təcrübəsinin müəyyən hissəsinin ödənişli imkanlarla zənginləşdirilməsi artıq qaçılmaz tendensiya kimi görünür. Gələcəkdə sosial media platformaları hər kəs üçün açıq qalacaq, lakin daha çox imkan əldə etmək istəyən istifadəçilər üçün ayrıca premium ekosistemlərin formalaşması ehtimalı getdikcə artır. Bu isə rəqəmsal xidmətlər bazarında yeni mərhələnin başlanğıcından xəbər verir.
Səidə Ramazanova