Dəyişən zaman və toqquşan dünyagörüşləri: Yeni nəsil necə geyinməlidir?
20:22 SosialBir neçə gün əvvəl Bakının tarixi simvollarından biri olan İçərişəhərdə baş verən hadisə qısa müddətdə sosial şəbəkələrin ən çox müzakirə olunan mövzularından birinə çevrildi. Yay fəslinin isti günlərində şortik geyinən gənclə orta yaşlı kişi arasında yaranan mübahisənin görüntüləri müxtəlif platformalarda sürətlə yayıldı və cəmiyyətdə yeni bir diskussiyanın əsasını qoydu. İlk baxışda adi məişət mübahisəsi təsiri bağışlayan hadisə əslində daha dərin bir problemin - fərdi azadlıqlarla ictimai dəyərlər arasındakı həssas balansın yenidən gündəmə gəlməsinə səbəb oldu. Müzakirələr zamanı bir tərəf insanların geyim seçiminin şəxsi məsələ olduğunu və heç kimin buna müdaxilə etmək hüququnun olmadığını vurğulayırdı. Digər tərəf isə ictimai məkanlarda müəyyən davranış və geyim normalarının gözlənilməsinin vacibliyini önə çəkirdi. Beləliklə, söhbət artıq təkcə bir nəfərin necə geyinməsindən deyil, cəmiyyətin dəyişən dəyərlərindən, nəsillər arasındakı baxış fərqlərindən, ənənə ilə müasirlik arasındakı münasibətlərdən gedirdi. Əslində geyim məsələsi dünyanın bir çox ölkələrində zaman-zaman müzakirə mövzusu olub. Çünki geyim yalnız insanın üzərində daşıdığı parça deyil, həm də onun dünyagörüşünün, zövqünün, həyat tərzinin və özünüifadə formasının bir hissəsidir. Məhz buna görə də bu mövzu ətrafında yaranan mübahisələr çox vaxt sadə görünən bir hadisənin çərçivəsini aşaraq daha geniş sosial, mədəni və mənəvi məsələlərin müzakirəsinə çevrilir.
Bəs fərdi azadlıq harada başlayır və ictimai həssaslıqlar harada bitir?
"Müasir dünyada insanların düşüncə tərzi, həyata baxışı və dəyərlər sistemi əvvəlki dövrlərlə müqayisədə daha rəngarəng və fərqlidir. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin həyatımıza daxil olması müxtəlif mədəniyyətlərin, fərqli həyat tərzlərinin və baxışların daha geniş şəkildə yayılmasına səbəb olub. Bu səbəbdən də cəmiyyətdə bir çox mövzularda olduğu kimi, geyim məsələsində də fərqli yanaşmalar mövcuddur".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında sosioloq Nailə İsmayılova deyib. Sosioloq bildirib ki, bu məsələdə diqqət çəkən məqamlardan biri də yeni nəsillə yaşlı nəslin dünyagörüşləri arasında yaranan fərqlərdir. Bir dövrün insanları üçün normal hesab olunan davranış və geyim forması başqa bir dövrün nümayəndələri tərəfindən fərqli qiymətləndirilə bilər. Bu baxımdan geyim ətrafında yaranan müzakirələrin bir hissəsi məhz müxtəlif nəsillərin dünyaya baxışlarının toqquşması ilə bağlıdır. Hər bir insanın öz seçimi, öz düşüncəsi və öz həyat tərzi var. Kiminsə necə geyinməsinə qarışmaq, ona təzyiq göstərmək və ya onu müəyyən qəliblərə salmağa çalışmaq düzgün yanaşma deyil. İnsanların fərdi seçimlərinə hörmətlə yanaşmaq vacibdir. Biz "mən bu cür geyinirəm" deyə başqalarının da mütləq eyni şəkildə geyinməsini tələb edə bilmərik. Hər kəsin öz zövqü, öz baxışı və öz həyat fəlsəfəsi mövcuddur. Məhz buna görə də fərqli seçimlərə dözümlü yanaşmaq lazımdır. Lakin bütün bunlarla yanaşı, geyim məsələsinə görə hər hansı insidentin yaşanmasının, qarşıdurmaların yaranmasının və ya insanların bir-birinə qarşı aqressiv münasibət göstərməsinin də qəti tərəfdarı deyiləm. Cəmiyyətdə müxtəlif baxışların mövcudluğu təbiidir və bu müxtəliflik qarşıdurma deyil, qarşılıqlı hörmət müstəvisində həll olunmalıdır.
"Şəxsi baxışıma gəldikdə isə, qadınların və ya qızların daha çox xanım-xatun görünüşünü ön plana çıxaran don və klassik üslublu geyimlərdən istifadə etmələrini daha çox bəyənirəm. Bu, mənim estetik zövqümlə bağlı olan bir məsələdir. Lakin bu fikir heç də kiməsə nəyi geyinib-geyinməmək barədə göstəriş vermək anlamına gəlmir. Sadəcə olaraq, mənim şəxsi baxışıma görə qadının zərifliyini və xanımlığını vurğulayan geyimlər daha gözəl görünür. Bununla yanaşı, bədənin bəzi hissələrinin açıq şəkildə nümayiş etdirildiyi ifrat açıq-saçıq geyimlərin tərəfdarı deyiləm. Hesab edirəm ki, geyim insanın şəxsiyyətini, davranışını və zövqünü ifadə edən vasitələrdən biridir və burada müəyyən ölçü hissinin qorunması vacibdir. Hər bir geyim seçimi insanın öz qərarı olsa da, müəyyən məkanlarda və müəyyən şəraitlərdə uyğunluq prinsipi də nəzərə alınmalıdır", - deyə sosioloq şəxsi görüşlərini də bölüşüb.
N. İsmayılova qeyd edib ki, ümumiyyətlə, geyim yerinə və düşdüyün məclisə uyğun olmalıdır. İnsan hansı mühitə daxil olduğunu, hansı tədbirdə iştirak etdiyini və qarşısındakı insanların hansı dəyərlərə sahib olduqlarını nəzərə almalıdır. Məsələn, qonaq getdiyin ailənin milli-mənəvi dəyərlərinə, onların dünyagörüşünə və düşüncələrinə hörmət əlaməti olaraq daha uyğun geyim seçmək həm mədəniyyətin, həm də qarşılıqlı hörmətin göstəricisi hesab oluna bilər. Bu məsələ xüsusilə rəsmi tədbirlərdə daha çox diqqət çəkir. Bəzən görürük ki, bəzi xanımlar rəsmi tədbirlərə məkanın xarakterinə uyğun olmayan geyimlərlə qatılırlar. Belə hallarda geyim tədbirin ümumi ab-havası ilə uyğunlaşmır və xoş təəssürat yaratmır. Əlbəttə, burada söhbət qadağalardan və ya məhdudiyyətlərdən getmir. Sadəcə olaraq, hər tədbirin öz etik normaları və qəbul edilmiş davranış qaydaları mövcuddur. Eyni yanaşma kişilərə də aiddir. Bəzən kişilərin də yeri gəldi-gəlmədi hər məkana cins şalvarla və ya şortiklə getdiyinin şahidi oluruq. Halbuki hər məkanın özünəməxsus geyim etiketi var. Cins şalvarlar tarixən daha çox işçi geyimi kimi formalaşıb. Onların əsas üstünlüyü möhkəm, davamlı və praktik olmasıdır. Lakin rəsmi tədbirlərdə, dövlət tədbirlərində və ya ciddi görüşlərdə kişilərin kostyum geyinməsi daha münasib və daha estetik görünür.
Sosioloqun sözlərinə görə, geyim mədəniyyəti yalnız gənclərlə bağlı məsələ deyil. Bəzən yaşlı xanımlar arasında da öz yaşına uyğun olmayan, şəhər mühitində həddindən artıq diqqət çəkən və abartılı görünən geyim tərzinə rast gəlinir. Hesab edirəm ki, insan yaşını, olduğu məkanı və iştirak etdiyi tədbirin xarakterini nəzərə almalıdır. Burada əsas məqsəd kimisə məhdudlaşdırmaq deyil, sadəcə olaraq uyğunluq prinsipini qorumaqdır. İnsan hara getdiyini bilməlidir. Çimərlik üçün nəzərdə tutulan geyimlə rəsmi tədbirə getmək nə qədər uyğunsuz görünürsə, rəsmi tədbir üçün nəzərdə tutulmuş geyimlə çimərliyə getmək də bir o qədər qəribə görünər. Hər mühitin öz tələbi və öz xüsusiyyəti var. Çimərlikdə rahatlıq əsasdır və geyim də buna uyğun olmalıdır. Lakin toy mərasiminə, ailə məclisinə və ya ictimai tədbirə gedərkən həmin məkanın xarakteri nəzərə alınmalıdır. Xüsusilə toylar və kütləvi tədbirlər müxtəlif yaş qruplarını bir araya gətirən məkanlardır. Orada uşaqlar da olur, gənclər də olur, ağsaqqallar və ağbirçəklər də iştirak edirlər. Belə məkanlarda geyim seçərkən təkcə şəxsi rahatlığı deyil, ətrafdakı insanların da hiss və düşüncələrini nəzərə almaq müəyyən mənada qarşılıqlı hörmətin göstəricisidir.
"Bir sözlə, geyim hər bir insanın şəxsi seçimi və fərdi azadlığıdır. Heç kəsin başqa bir insanın geyiminə görə onu təhqir etməyə, alçaltmağa və ya təzyiq göstərməyə haqqı yoxdur. Eyni zamanda, cəmiyyət daxilində yaşadığımızı da unutmamalıyıq. Buna görə də geyim seçimində həm şəxsi azadlıq, həm də düşdüyümüz məkanın xüsusiyyətləri, ətrafımızdakı insanlara hörmət və ictimai davranış qaydaları arasında müəyyən tarazlığın qorunması daha doğru yanaşma hesab oluna bilər", - deyə sosioloq sonda vurğulayıb.
Səidə Ramazanova