Z nəsli görmədiyi illərin həsrətində: Nostalji niyə qlobal fenomenə çevrildi?
20:16 SosialAydın Xan Əbilov: "Z nəslinin keçmişə qayıdışı emosional boşluğu doldurmaq cəhdidir".
Bir vaxtlar cəmiyyətlər gələcəyi təsəvvür etməklə yaşayırdı. İnsanlar yeni əsrin necə olacağını, hansı texnologiyaların meydana çıxacağını, həyatın nə qədər dəyişəcəyini maraqla gözləyirdilər. Gələcək ümid, yenilik və kəşf simvolu hesab olunurdu. Bu gün isə maraqlı bir mənzərə ilə qarşı-qarşıyayıq: texnologiyanın misilsiz sürətlə inkişaf etdiyi, süni intellektin həyatın bütün sahələrinə nüfuz etdiyi, dünyanın bir neçə saniyə ərzində informasiya mübadiləsi apardığı bir dövrdə insanlar getdikcə daha çox geriyə baxmağa başlayıblar. Musiqidə köhnə hitlər yenidən populyarlaşır, filmlərdə onilliklər əvvəl çəkilmiş ekran əsərlərinin davamı və ya yenilənmiş versiyaları təqdim olunur, dəb sənayesi illər öncə unudulmuş hesab edilən üslubları yenidən gündəmə gətirir. Hətta gündəlik həyat tərzində, ev dizaynında, oyuncaqlarda, video oyunlarda və istehlak məhsullarında belə keçmişə məxsus elementlər yenidən ön plana çıxır. Maraqlıdır ki, bu tendensiya təkcə müəyyən yaş qruplarını deyil, keçmişi heç yaşamamış gənc nəslin nümayəndələrini də əhatə edir. 1990-cı və ya 2000-ci illərdə yaşamayan insanlar həmin dövrün musiqilərinə qulaq asır, geyim tərzini təqlid edir, o illərin estetikası ilə maraqlanırlar. Bu isə nostaljinin artıq fərdi xatirələrdən çıxaraq qlobal mədəni fenomenə çevrildiyini göstərir. Sanki cəmiyyət kollektiv şəkildə keçmişdən nəyisə geri qaytarmağa çalışır. Mütəxəssislər hesab edirlər ki, sürətlə dəyişən dünya insanlarda qeyri-müəyyənlik hissini artırır. İqlim dəyişiklikləri, iqtisadi böhranlar, geosiyasi gərginliklər, müharibələr, sosial transformasiyalar və texnologiyanın yaratdığı yeni reallıqlar gələcəyi əvvəlki dövrlərlə müqayisədə daha çətin proqnozlaşdırılan hala gətirib. Belə şəraitdə insanlar tanımadıqları gələcəkdən daha çox, haqqında müəyyən təsəvvürə malik olduqları keçmişə üz tuturlar. Çünki keçmiş, hətta bütün problemlərinə baxmayaraq, insan şüurunda daha sabit və daha anlaşılan görünür. Bütün bunlar fonunda əsas sual açıq qalır: müasir insan həqiqətənmi gələcəkdən qorxur, yoxsa keçmişə qayıdış sadəcə zamanın növbəti mədəni dövrüdür? İnsanların köhnə dövrlərə artan marağı inkişafın dayanması deməkdir, yoxsa yeni dövrə keçid ərəfəsində cəmiyyətin öz köklərini yenidən kəşf etmək cəhdi? Musiqidən dəbə, filmlərdən texnologiyaya qədər həyatın demək olar bütün sahələrində müşahidə olunan bu fenomen əslində müasir insanın özü haqqında verdiyi ən maraqlı suallardan birinə çevrilib: biz gələcəyi qurmağa çalışırıq, yoxsa keçmişi yenidən yaşamağa?
Sözügedən mövzunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Olaylar.az-a şərh edib: "Ümumiyyətlə, dünyada baş verən hadisələrin - istər tarixi hadisələrin, istər incəsənət sahəsindəki dəyişikliklərin, istərsə də populyar kütləvi mədəniyyətdə gedən proseslərin müəyyən dövrlərlə inkişaf etdiyini görürük. Bu proseslərə nəzər saldıqda, təxminən otuzillik mərhələlərin mövcud olduğunu müşahidə etmək mümkündür. Məsələn, Birinci Dünya Müharibəsi ilə İkinci Dünya Müharibəsi arasında, yaxud İkinci Dünya Müharibəsindən sonra başlayan dövrdə baş verən ictimai-siyasi və mədəni dəyişikliklərə baxaq. Xruşşovun "istiləşmə" siyasəti, Avropada hippi hərəkatının yüksəlişi və digər hadisələr müəyyən bir dövrü xarakterizə edirdi. Daha sonra 1960-cı illərdən 1990-cı illərə qədər təxminən 30 il keçdikdən sonra SSRİ-nin dağılması kimi köklü dəyişikliklər baş verdi. Bu baxımdan dəb sənayesi, incəsənət və müxtəlif ictimai-mədəni hadisələr də müəyyən dövri xarakter daşıyır. Mənim fikrimcə, 30 il müəyyən bir tarixi mərhələ kimi qəbul oluna bilər. Bu müddət tamamlandıqdan sonra bir çox hadisələrə, tendensiyalara və üslublara yenidən qayıdış baş verir. Xüsusilə insanları və kütlələri birləşdirən məsələlərdə bunu daha aydın hiss etmək olur. Əslində bu, təkrarçılıq deyil. Belə bir məşhur fikir var: "Ən yeni olan şey köhnənin yeni formada qayıdışıdır." İnsanlar müəyyən yeniliklərə uzun müddət öyrəşirlər. Lakin bir və ya iki nəsil dəyişdikdən sonra həmin yeniliklər yenidən maraq doğurmağa başlayır. Təxminən 30 il də bir nəslin formalaşdığı və yetişdiyi dövr hesab oluna bilər. Nəsil dəyişdikcə yeni baxışlar, yeni yanaşmalar meydana çıxır. Bu həm incəsənətdə, həm dəb sənayesində, həm populyar mədəniyyətdə, həm də tarixi proseslərdə özünü göstərir".
Kulturoloq bildirib ki, bu dəyişikliklər bəzən inqilabi xarakter daşıyır. Ultra-liberal və ya radikal yeniliklər ortaya çıxır. Bəzən isə həmin yeniliklərin yaratdığı enerji və təsir o qədər güclü olur ki, bir deyil, iki dövr - yəni təxminən 60 il davam edir. 30 ildən sonra isə həmin ideyalar yeni formada, modernist baxış çərçivəsində yenidən canlandırılır. İndiki nəslin, xüsusilə uşaqlığı valideynlərinin gənclik dövrünə təsadüf etməyən yeniyetmə və gənclərin öz ata-analarının dövrünə maraq göstərməsini normal qəbul etməliyik. Televiziya verilişlərində, filmlərdə, fotoşəkillərdə və digər mənbələrdə gördükləri həmin dövrün dəb üslubu, həyat tərzi və mədəni hadisələri yeni nəsil üçün maraqlı görünür. Çünki Z nəsli bunların əksəriyyətini nə görüb, nə də yaşayıb. Onlar daha çox internet və virtual dünyanın içində böyüyüblər. Süni intellektlə bağlı yeniliklər onların gündəlik həyatının bir hissəsinə çevrilib. Buna görə də müəyyən mənada nostalji hisslər yaşayırlar. Üstəlik, mən hesab edirəm ki, Z nəslinin valideynləri, baba-nənələri və ümumilikdə yaxın çevrəsi ilə emosional bağlılığı əvvəlki nəsillərlə müqayisədə daha zəifdir. Buna görə də keçmişə nostalji münasibət göstərməklə həmin emosional boşluğu doldurmağa çalışırlar.
Ekspertin fikrincə, bu tamamilə müsbət hal deyil. İstənilən təkrarçılıq müəyyən mənada inkişafın və dialektikanın əleyhinə işləyə bilər. Yeni nəsil çalışmalıdır ki, özünəməxsus yenilikləri ilə həm cəmiyyəti, həm ölkəni, həm də yaşadığı zamanı dəyişdirə bilsin. Əks halda proses bir qədər buna bənzəyir: süni intellekt Azərbaycan xalq və toy mahnılarını yenidən işləyir, onları elektron musiqi müşayiəti ilə təqdim edir. Hazırda süni intellekt vasitəsilə yaradılan musiqi nümunələrinin böyük əksəriyyəti məhz bu prinsiplə qurulur. Yəni mövcud material götürülür və yeni texnologiyanın imkanları ilə yenidən təqdim edilir. İncəsənətdə və texnologiyada yeni ideyaların tükənməsi məsələsi ilə bağlı hər zaman mübahisələr olub. Lakin mən hesab etmirəm ki, bu mübahisələr tam məntiqlidir. İdeyalar heç vaxt tükənmir. Problem ideyaların olmamasında deyil. Düzdür, bu gün insan zehniyyətinə, idrakına, təfəkkürünə və yaradıcı şüuruna süni intellekt çox ciddi təsir göstərməyə başlayıb. Hətta artıq təkcə süni intellektdən deyil, superintellekt anlayışından danışılır. Bu superintellektin insanın həyatına, düşüncəsinə, şüuruna və idrakına təsir göstərərək onu müəyyən mənada öz təsiri altına alması ilə bağlı narahatlıqlar mövcuddur. Məlumdur ki, dünyanın ən böyük texnologiya şirkətlərinin rəhbərləri belə bir vaxtlar süni intellektin inkişafının müəyyən müddətə dayandırılması ilə bağlı çağırışlar etmişdilər. Bu cür bəyanatlar təsadüfi deyil. Doğrudan da insanın yaradıcı və intellektual potensialının gələcəyi ilə bağlı suallar mövcuddur. Bu baxımdan ideyaların tükənməsindən daha çox, qəlibləşdirilmiş insan şüurunun məhdudlaşmasından danışmaq olar. İnsan şüurunun müəyyən mənada texnologiyaların təsiri altında qalması təhlükəsi var. Hazırda insanlar arasında emosional bağlılıq əvvəlki dövrlərlə müqayisədə zəifləyib. İntellektual və kreativ bağlılıq da müəyyən qədər azalıb. Əvəzində süni intellektə maraq, smartfonlardan və sosial şəbəkələrdən asılılıq, virtual aləmin təsirindən çıxa bilməmək kimi problemlər güclənib. Yeni nəslin 1990-cı illərə və 2000-ci illərin əvvəllərinə qayıdışı da məhz bununla bağlıdır. Bu qayıdış təkcə dəbdə deyil, mətbəxdə, adət-ənənələrdə, idman növlərində, filmlərdə və digər sahələrdə də müşahidə olunur. İnsanlar keçmişə maraq göstərməklə müəyyən mənada itirdikləri emosional və sosial əlaqələri axtarmağa çalışırlar. Zaman keçdikcə bu proses də öz yerini tapacaq. Çox güman ki, yaxın gələcəkdə yeni nəsil yalnız keçmişə qayıtmaqla kifayətlənməyəcək, həm də özünün yaratdığı yeni modern üslublar, yeni baxışlar və yeni ideyalarla çıxış edəcək.
Səidə Ramazanova