Vahid forma müzakirəsi:Təhsilin prioritetləri nədir?
20:08 SosialTəhsil hər bir cəmiyyətin inkişafının əsas dayaqlarından biri kimi çıxış edir. O, yalnız bilik və bacarıqların ötürülməsi prosesi deyil, eyni zamanda insanın dünyagörüşünü formalaşdıran, sosial münasibətləri tənzimləyən və gələcək nəsillərin düşüncə tərzini müəyyən edən mühüm bir sistemdir. Təhsil vasitəsilə cəmiyyət öz intellektual potensialını artırır, mədəni və sosial dəyərlərini qoruyur və inkişaf etdirir. Bu prosesin mərkəzində isə müəllim dayanır-bilik verən, istiqamət göstərən və eyni zamanda cəmiyyət üçün nümunə rolunu daşıyan bir şəxs kimi. Düşünürəm ki, müəllim obrazı yalnız dərs prosesindəki fəaliyyəti ilə məhdudlaşmır. Onun davranışı, ünsiyyət tərzi, şagirdlərlə münasibəti və ümumi görünüşü təhsil mühitinin formalaşmasında mühüm rol oynayır.
Son zamanlar sosial şəbəkələrdə və ictimai müzakirələrdə müəllimlərin geyim qaydaları ilə bağlı mövzu gündəmə gəlib. Təklif olunan daha sadə və işgüzar geyim tərzi cəmiyyətin müxtəlif təbəqələrində fərqli reaksiyalar doğurur. Bir qrup insanlar bu yanaşmanı müəllim nüfuzunun güclənməsi və peşəkar mühitin daha da formalaşması kimi qiymətləndirir. Digər tərəfdən isə bəzi insanlar bu cür qaydaların fərdi azadlıqlara müdaxilə ola biləcəyini düşünür.
Məncə, burada əsas məsələ geyimin özündən çox onun yaratdığı ümumi təsir və simvolik mənadır. Müəllim cəmiyyət üçün yalnız peşə sahibi deyil, həm də nümunəvi bir fiqurdur. Onun görünüşü, səliqəsi və ümumi təqdimatı şagirdlərdə müəyyən təsəvvür formalaşdırır. Düşünürəm ki, sadə və işgüzar geyim tərzi təhsil mühitində daha ciddi və nizamlı bir atmosferin yaranmasına xidmət edə bilər. Eyni zamanda, təhsil mühitinin psixoloji tərəfi də nəzərə alınmalıdır. Məktəbə daxil olan şagird ilk olaraq vizual bir mühitlə qarşılaşır və bu mühit onun dərsə münasibətinə təsir göstərə bilər. Nizamlı, səliqəli və peşəkar görünüşlü bir mühit uşağın diqqətini daha çox öyrənməyə yönəldə bilər. Bu baxımdan müəllimin geyimi ümumi təhsil atmosferinin bir parçası kimi dəyərləndirilə bilər. Düşünürəm ki, burada əsas məqsəd nə azadlığı məhdudlaşdırmaq, nə də tam sərbəstlik yaratmaq olmalıdır-əsas məqsəd peşəkarlıqla uyğun bir ümumi çərçivə formalaşdırmaqdır. Digər tərəfdən, müəllim geyimi ilə bağlı müzakirələrin genişlənməsi əslində təhsilə olan ictimai marağın göstəricisidir. Cəmiyyət təhsil məsələlərinə biganə deyil, əksinə bu sahədə baş verən hər bir dəyişikliyi diqqətlə izləyir və fikir bildirir. Bu cür müzakirələr bəzən fərqli baxışlar yaratsa da, ümumi nəticədə təhsil sisteminin inkişafına xidmət edə bilər.
"Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev məsələ ilə bağlı Olaylar.az-a açıqlama verib:
"Milli Məclisin plenar iclasında bu mövzu birinci oxunuşda müzakirəyə çıxarılıb və deputatlar tərəfindən müzakirə olunub.
Ümumiyyətlə, şagirdlər arasında vahid geyim formasının olması labüddür. Çünki bu, təhsil mühitinin formalaşmasına, şagirdlərin bir-birindən fərqləndirilməməsinə və bərabər mühitin yaradılmasına xidmət edir. Məhz buna görə də vahid məktəbli formasına keçilib. Bu təcrübə həm inkişaf etmiş, həm də digər ölkələrdə tətbiq olunur.
Lakin müəllimlərin vahid geyim formasında olması nə inkişaf etmiş ölkələrdə, nə də digər ölkələrdə tətbiq edilən bir qaydadır. Belə məcburi yanaşmalar daha çox qapalı sistemlərdə müşahidə oluna bilər. Təhsil sahəsində nümunə göstərdiyimiz Finlandiya və digər Skandinaviya ölkələrində müəllimlər üçün məcburi vahid geyim forması yoxdur, onlar sərbəst şəkildə geyinirlər. Təbii ki, hər bir müəssisəsinin daxili nizam-intizam qaydaları mövcuddur və müəllimlər də həmin qaydalara uyğun geyim tərzinə diqqət yetirməlidirlər. Yəni açıq-saçıq və ya qeyri-ciddi geyim üslubuna yol verilməməlidir. Bununla bağlı müəyyən çərçivələr var.
Azərbaycan müəllimi isə hər zaman səliqəli geyimi ilə nümunə olub. Adətən müəllimlər kostyum, pencək və şalvar kimi klassik geyimlərdən istifadə edir və tədris prosesini bu formada aparırlar. Eyni zamanda, bu geyim tərzi onlar üçün rahatdır. Həm məktəbdə dərs keçə bilirlər, həm də dərsdən sonra iştirak etdikləri müxtəlif tədbirlərə, məclislərə əlavə geyim dəyişikliyi etmədən qatıla bilirlər.
Müəllimlər üçün yeni geyim formasının tətbiqi isə əlavə xərc deməkdir. Düşünürəm ki, buna ehtiyac yoxdur. Həmçinin bu təşəbbüsün hansı zərurətdən qaynaqlandığı da tam aydın deyil. Ona görə hesab edirəm ki, müəllimlər üçün vahid geyim formasının tətbiqinə ehtiyac yoxdur".
Mövzu ilə bağlı təhsil eksperti, dos.İlham Əhmədov Olaylar.az-a açıqlama verib:
" Təhsilin daha ciddi problemləri var, nəinki, müəllimlərin forma geyinməsi. Azərbaycan təhsilində prioritetlərin böhranı var. Çünki ETN-nin təhsil siyasəti hələ də yoxdur.
Azərbaycan təhsil sistemi uzun illərdir ki, ciddi və sistem xarakterli problemlərlə üz-üzədir. Dərsliklərin keyfiyyəti, məktəblərdə davamiyyətin zəifliyi, repetitorluğun rəsmi təhsili üstələməsi, müəllim peşəsinin nüfuzdan salınması, şagirdlərdə oxuma, düşünmə, anlama bacarıqlarının zəifləməsi, məktəbdə tərbiyə işinin geriləməsi, idarəetmədə bürokratik meyillərin güclənməsi, ən əsası isə təhsil menecerlərinin səriştəsizliyi. Bu kimi problemlər artıq təsadüfi yox, sistematik hallardır. Bunlar artıq təhsil sisteminin struktur problemləridir. Maraqlıdır ki, cəmiyyətin, ekspertlərin, müəllimlərin və valideynlərin illərdir səsləndirdiyi bu problemlər fonunda təhsil gündəminə tez-tez əhəmiyyətsiz, ikinci dərəcəli məsələlər çıxarılır. Məktəbli forması, məktəb davranış qaydaları, müxtəlif inzibati təşəbbüslər, "Məktəblinin dostu" layihəsi, "Kenquru" olimpiadası v.s. kimi əhəmiyyətsiz məsələlər gündəm olur. Son dövrlərdə isə müəllimlərin vahid forma məsələsi gündəm edilib.
Prioritetlərin dəyişdirilməsi sindromu. İdarəetmə nəzəriyyəsində "gündəm dəyişdirmə effekti" adlanan anlayış var. Bu yanaşmaya görə, mürəkkəb və həlli çətin problemlər mövcud olduqda diqqət daha sadə, üzdə görünən. səthi məsələlərə yönəldilir. Bu zaman əsas problemlər təhsilin keyfiyyəti, məzmun böhranı, müəllim hazırlığı, məktəbin və müəllimin nüfuzu kölgədə qalır. Əvəzində daha çox görünən, lakin strateji əhəmiyyət daşımayan məsələlər ictimai müzakirənin mərkəzinə çevrilir. Müəllimlərə vahid forma geyindirmək ideyası da bunlardan biridir.
Əgər məktəblərdə təhsilin nəticələri qənaətbəxş olsaydı, şagirdlərin funksional savadlılığı yüksəlsəydi, repetitorluq sistem xarakteri almasaydı, məktəb öz missiyasını yerinə yetirsəydi, müəllim formasının müzakirəsi bəlkə də məntiqli olardı. Lakin mövcud şəraitdə bu təşəbbüs əsas problemlərdən diqqəti yayındıran təsiri bağışlayır.
Dərslik problemi. Azərbaycan təhsilində ən uzunömürlü problemlərdən biri dərsliklərin keyfiyyətidir. İllərdir müəllimlər, alimlər, valideynlər və ekspertlər məzmunun mürəkkəbliyindən, yaş xüsusiyyətlərinə uyğun gəlməməsindən, metodik qüsurlardan, faktoloji səhvlərdən şikayət edirlər. Buna baxmayaraq, dərslik siyasətində köklü dəyişikliklər baş vermir.
Əslində isə dərslik sadəcə kitab deyil, o, təhsil sisteminin intellektual konstitusiyasıdır. Əgər bu konstitusiya zəifdirsə, istənilən islahat nəticəsiz qalacaq. Müəllimin forması dərslik problemini həll etmir. Nazir isə komandasının dərslik hazırlaya bilmədiyini etiraf etmək əvəzinə, deyir ki, bir az da səbr edin, süni intellekt sizə dərslik yazacaq.
Repetitorluğun qələbəsi məktəbin məğlubiyyətidir. Son illərdə Azərbaycanda repetitorluq sistemi paralel təhsil institutuna çevrilib. Bir çox ailələr övladlarının məktəbdə deyil, repetitor yanında öyrəndiyini düşünür. Bu tendensiya təhlükəli nəticələr yarada bilər. Bu halda məktəbin funksiyası zəifləyir, sosial bərabərsizlik artır, valideynlərin maliyyə yükü böyüyür, müəllimin məktəbdə motivasiyası azalır və.s.
Əgər şagirdin əsas öyrənmə mənbəyi məktəb deyil, repetitordursa, onda təhsil sisteminin əsas funksiyası sual altına düşür. Bu problemi müəllimin forma geyinməsi ilə həll etmək mümkün deyil.
Standartlaşdırma ilə kreativlik arasındakı ziddiyyət. Müasir dünyada yaradıcılıq iqtisadiyyatı önəmlidir. Bu gün ölkələrin rəqabət üstünlüyünü müəyyən edən əsas amillər innovasiya, yaradıcılıq, təşəbbüskarlıq, tənqidi düşünmə, qeyri-standart həllərdir. Süni intellekt dövründə isə bu bacarıqların əhəmiyyəti daha da artır. Məhz buna görə də inkişaf etmiş ölkələrin təhsil sistemləri standartlaşdırmanı azaltmağa çalışır, çünki, yaradıcı insanları fabrik prinsipi ilə yetişdirmək mümkün deyil.
Standartlaşdırma müəyyən səviyyəyə qədər nizam-intizam yaradır. Lakin həddindən artıq standartlaşdırma fərdiliyi zəiflədir, təşəbbüskarlığı azaldır, yaradıcılığı məhdudlaşdırır. Bu baxımdan müəllimlərin vahid formaya keçirilməsi yalnız geyim məsələsi deyil, həm də təhsil fəlsəfəsi məsələsidir.
Müəllim yaradıcı şəxsiyyətdir. Müəllim zavod işçisi deyil. Müəllim insan kapitalı yaradan şəxsdir. Onun əsas aləti biliyi, ünsiyyəti, nümunəsi, şəxsiyyətidir. Şagirdlər müəllimdən yalnız fənn öyrənmirlər. Onlar davranış mədəniyyətini, estetik zövqü, ünsiyyət tərzini, düşüncə modelini də öyrənirlər. Müəllim şəxsiyyətinin mühüm elementi isə onun fərdiliyidir. Vahid forma bu fərdiliyi arxa plana keçirə bilər. Peşəkar görünüş və etik geyim qaydaları da vacibdir, amma peşəkarlığı vahid forma ilə ölçmək düz deyil.
Süni intellekt dövründə yeni təhsil fəlsəfəsi. Bu gün dünya təhsili yeni mərhələyə daxil olur. Süni intellekt faktları, məlumatları və hətta mətnləri insanlardan daha sürətli yarada bilir. Belə bir şəraitdə məktəbin əsas vəzifəsi informasiya ötürmək deyil, vəzifə düşünən insan yetişdirmək, sual verməyi öyrətmək, yaradıcılığı inkişaf etdirmək, fərqli baxışları təşviq etməkdir. Gələcəyin iqtisadiyyatında uğur qazananlar standart cavabları əzbərləyənlər deyil, yeni suallar yaradanlardır. Bu isə fərdiliyin və yaradıcılığın qorunduğu təhsil mühiti tələb edir.
Təhsilin əsas problemi forma deyil, məzmundur. Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifə müəllimlərin necə geyinməsi yox, şagirdlərin necə düşünməsidir. Əgər məktəb oxuyan, düşünən, yaradan, təşəbbüskar, məsuliyyətli vətəndaş yetişdirə bilmirsə, forma dəyişiklikləri sistemin mahiyyətini dəyişməyəcək. Təhsil tarixi göstərir ki, böyük dəyişikliklər geyimdən deyil, ideyalardan başlayır. Güclü təhsil sistemi vahid geyimlə deyil, güclü müəllimlə, keyfiyyətli dərsliklə, sağlam məktəb mühiti ilə və yaradıcı düşüncəni təşviq edən idarəetmə fəlsəfəsi ilə qurulur.
XXI əsrin təhsilində əsas məsələ insanları bir-birinə bənzətmək deyil, onların fərqli düşünmək qabiliyyətini qorumaqdır. Çünki gələcəyi dəyişənlər eyni görünənlər deyil, fərqli düşünənlərdir".
Nəticə etibarilə, müəllimlərin geyim qaydaları ilə bağlı aparılan müzakirələr təhsil sahəsinə olan ictimai marağın göstəricisi kimi dəyərləndirilə bilər. Müəllimin səliqəli, zövqlü və peşəsinə uyğun görünüşü hər zaman vacib hesab olunub. Bununla yanaşı, təhsil mühitinin keyfiyyətini müəyyən edən əsas amillərin müəllimin biliyi, peşəkarlığı, şagirdlərlə ünsiyyəti və məktəbdə yaradılan sağlam atmosfer olduğu da unudulmamalıdır. Fərqli baxışların səsləndirildiyi bu mövzuda ən önəmli məqam təhsilin inkişafına xidmət edən qərarların qəbul olunmasıdır. Çünki güclü təhsilin təməlində ilk növbədə savadlı müəllim, düşünən şagird və keyfiyyətli təhsil mühiti dayanır.
Zeynəb Mustafazadə