Yuxuma gələn şəhid...

Milli qəhrəmanımız Mübariz İbrahimova həsr olunur!

Mən onu yuxumda gördüm. Təlaşla yuxudan oyandım. Yox, yox!  Bu ola bilməzdi, bu mümkün deyidi. Hər şey real idi. Həyəcandan bütün bədənim keyimişdi. Qaranlıqda güclə su bardağını əlimə alıb bir stəkan su içdim. 
Gecə artıq çoxdan keçmişdi. Sübh azanına az qalırdı. Pəncərədən boylanıb artıq batmaqda olan aya baxdım. Necə ola bilərdi axı? O, qanlar içində inildəyirdi. Amma bu inilti yalvarış deyildi. Göz yaşları, hönkürtüsü qulağımı deşirdi. Uzandığı yerdə axan qanından ətir qoxusu gəlirdi. Üzü göylərə sarı uzanmışdı. Yox,  mən yalnız onun səsini eşidirdim, üzünü görə bilmirdim. Başının üstündə ay kimi parlayan bayraq var idi. Elə bil dua edirdi. O, neçə ay idi ki, burada idi, bu vəziyyətdə idi. Getmək istəyirdi, amma qalxmağa halı qalmamışdı. Yanında təkcə mən var idim. Düşmən səngərində biz ikimiz idik - o və mən. Mən də qorxmurdum. Əlimi uzadıb ona kömək etmək istəyirdim. O da "Evə getmək istəyirəm" deyirdi. Amma mən ona kömək etməyi bacarmırdım... 
Bu yuxunun təsiri ilə bütün günü dolaşdım. Axşam xəbərləri artıq başlamışdı. Bu dəfə eşitdiyim xəbər mənim yaramın qaysağını qopartdı: "Düşmən tərəf Mübariz İbrahimovun nəşini Azərbaycana təhvil vermək istəmir". Özümdən ixtiyarsız  gözlərimdən yaş sel kimi töküldü. Hirsimdən dişim dodağımı kəsdi. "İlahi, bunlar necə qaniçən zalımlardır?" - deyib hirsim çıxanadək ağladım. Elə ondan sonrakı günlərdə də vəziyyət eyni idi.  Dəyişən heç nə olmurdu. 
Artıq oktyabr ayı girmişdi. Mən də hər zaman olduğu kimi işlərimi bitirib otağıma çəkildim. Namazımı qılıb adətim üzrə dua etməyə başladım. Yarım saat sonra yuxuya getdim. Gözlərimi açanda yenə də eyni yerdə idik. O gülürdü, xoşbəxt idi. "Daha bu cəhənnəmdən gedirəm" deyirdi. Üstündə qan da yox idi, çox sağlam idi. "Nəhayət, son arzuma çatmışam" deyirdi. Mən də onunla birgə xoşbəxt idim. Sonra qəfil ayağa qalxdı. Başının üstündə dalğalanan bayraq əlində idi. Addımlarını yeyin atmağa başladı. Ona sarı açılan nurlu bir qapı var idi. Qapıya çatanda geriyə döndü, üzündəki təbəssüm o nurdan da gözəl idi. Mənə baxdı, əl etdi və qapıdan keçərək nura qərq oldu. Mən isə onun dalınca baxa-baxa yuxudan oyandım. Amma bu dəfə təlaşla deyil, müəmma ilə. Yenə də yuxunun təsiri altında bütün işlərimi yerbəyer etdim. Televizoru açdım. Xəbərlər başlamışdı artıq. Ümidlərimiz ölməmişdi, haqqın qalib gələcəyinə ürəkdən inanırdıq. Qəfil verilən bir xəbər bütün varlığımı əlimdən aldı. İlahi, həqiqətənmi düz idi? Qulağıma inana bilmədim. Sevincimdən qışqırmaq istədim: "Mübariz ibrahimovun nəşi artıq geri qaytarılır, Azərbaycana təhvil verilir".

Atlaz Rzayi 
(Turan Yazarlar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Ziyadar" Mükafatı, TYB-nin xüsusi Ödülü və "Turan Ödülü" laureatı, bədii qiraətçi, yazıçı-şair)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31