Su idarəetməsindəki boşluqlar və qlobal təhlükə: Ekspertdən HƏYƏCAN
14:34 Sosial"Yaşadığımız dövrün ən böyük problemlərindən biri şirin su ehtiyatlarının tükənməsidir. Çoxları bu problemi ciddiyə almır, ancaq çox yaxın gələcəkdə planetimizdə su ilə bağlı qlobal ekoloji və humanitar böhran yarana bilər". Bu sözləri Olaylar.az-a açılqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Onun sözlərinə görə, çaylarda və göllərdə suyun səviyyəsinin düşməsi, yeraltı suların normadan artıq istismar edilməsi su qıtlığını artıran amillərdəndir: "Tərslikdən su idarəetməsi də düzgün qurulmayıb. Su qıtlığının əsas səbəbi əhalinin artması, qlobal iqlim dəyişikliyinin fəsadları, transərhəd problemləri və sudan istifadə texnologiyalarının köhnəlməsidir. Əhali artımı su istehlakını artıran faktordur. Qlobal iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri həyata keçirilir. Transərhəd problemləri ilə bağlı da çıxış yolları var. Transsərhəd çaylarının hövzəsində yerləşən dövlətlərlə danışıqlar aparılır. Məsələn, bu yaxınlarda Azərbaycanla İran arasında Araz çayında birgə istifadə haqqında razılıq əldə olunub. Su resurslarından bərabər bölünməsi ilə bağlı Helsinki konvensiyasının tələblərinə əməl edilməlidir. Azərbaycan qonşu dövlətlərin bu sənədə imza atmasına nail olmalıdır. Əsas problemlərimizdən biri Ermənistandan axan çaylarımızın qonşu dövlətin dağ-mədən sənayesi tətəfindən ağır metallarla çirkləndirilməsidir. Böyük sülh sazişi imzalanandan sonra bu problemi də yoluna qoymaq mümkün olacaq.
Su idarəetməsinin təkmilləşdirilməsi istioqamətində də mühüm addımlar atılır. Lakin əsas məsələ su istifadəsində qayda yaratmaq, ənənəvi metodlardan imtina etmək və yeni texnologiyalar tətbiq etməkdir.
Sirr deyil ki, bu gün dünyadakı şirin su ehtiyatlarının təxminən 70 faizi suvarmada istifadə olunur. Su itkisinin qarşısını almaq üçün selləmə suvarmadan imtina olunmalı, damcılı və ya yağmurlama üsullarına keçid edilməlidir. Dövlət qurumları fermerlərə dəstək verməli, yeni suvarma modellərinə çıxış imkanları asanlaşdırılmalıdır. Selləmə suvarma zamanı suyun təxminən 30-60 faizi itkiyə gedir. Suyun daşınması zamanı da ciddi su itkisinə yol verilir. Çünki su kanalalrımızın əksəriyyəti torpaq məcralıdır. Tədricən suyun daşınmasını beton səthli kanallarla həyata keçirmək lazımdır. Su itkilərinə son qoya bilsək ölkəmiz su qıtlığından az əziyyət çəkəcək".
Ekspert deyib ki, su qıtlığı humanitar fəlakətə də yol aça bilər: "Çağımızda məcburi miqrasiyanın əsas səbəbi müharibələrdir. Elə bir dövrə doğru gedirik ki, su qıtlığı insanları dogma yurdlarından didərgin düşməyə vadar edəcək. Su çatışmazlığından kənd təsərrüfatı ciddi ziyan görəcək, torpaqlar şoranlaşacaq, örüş yerləri məhv olacaq və insanlar daha sulu böklgələrə axın edəcəklər".
İbrahim Məmmədli