ÜST və nazirliklər TƏCİLİ hərəkətə keçdi – Hantavirus Azərbaycana da çatır?
11:08 SosialNiderland bayrağı altında üzən "MV Hondius" kruiz gəmisində hantavirusa yoluxma halları qeydə alınıb. Hadisədən sonra gəmidə olan 147 nəfərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı və İspaniya Səhiyyə Nazirliyi birgə qərar qəbul edib. Artıq müxtəlif ölkələrin müvafiq nazirlikləri də hantavirusla bağlı tədbirləri gücləndiriblər.
Bu xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Hantavirus Azərbaycana da çata bilərmi?
Globalinfo.az-a danışan infeksionist Mərdan Əliyev deyib ki, hantavirus əsasən gəmiricilər, xüsusilə siçan və siçovullar arasında yayılır:
"Bu heyvanların ifrazatı ilə təmas zamanı xəstəlik insana keçə bilər. Qeyd edim ki, hantavirus insandan insana yoluxmur və yayılma yalnız yoluxmuş gəmiricilər vasitəsilə baş verir.
Qeyd edilən hadisədə də yoluxma gəmidəki siçan və ya siçovullardan baş verib. Bu baxımdan əsas məsələ virusun mənbəyinin müəyyənləşdirilməsi, gəmiricilərin haradan gəldiyinin araşdırılması və müvafiq dezinfeksiya tədbirlərinin görülməsidir".
Azərbaycanda yayılma ehtimalına gəldikdə isə, Mərdan Əliyev deyib ki, bu, nəzəri baxımdan mümkün sayılsa da, praktik olaraq çox aşağıdır:
"Çünki virusun yayılması üçün yoluxmuş gəmiricilərin ölkə ərazisində mövcudluğu və uyğun mühitin formalaşması vacibdir. Hantavirusun COVID-19 kimi sürətlə yayılan infeksiya olmadığını da nəzərə almaq lazımdır. Xəstəlik əsasən sporadik, yəni tək-tək hallarda qeydə alınır və geniş epidemiyaya səbəb olması nadir hallarda mümkündür".