Boş qalan partalar, dolan repetitor otaqları: Repetitorluq məktəbi rəsmən əvəz edib?
20:30 SosialBərdə rayon Lənbəran kənd tam orta məktəbində baş verən və qısa müddətdə ictimai müzakirəyə çevrilən hadisə təkcə bir təhsil müəssisəsinin daxili problemi kimi deyil, bütövlükdə ölkədə məktəb mühiti, repetitorluq sistemi ilə bağlı sualları yenidən gündəmə gətirib. 11-ci sinif şagirdlərinin dərs saatlarında məktəbdə olmamasını əks etdirən görüntülərin yayılması ilə başlayan qalmaqal tərəflər arasında açıq qarşıdurmaya səbəb olub və məsələ artıq fərdi narazılıq çərçivəsindən çıxaraq prinsipial mübahisəyə çevrilib. Yayılan videolarda yuxarı sinif şagirdlərinin dərs vaxtı sinif otaqlarında olmadığı, məktəbdə faktiki olaraq boşluq yarandığı iddia edilir. Bu görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub, valideynlər və ictimaiyyət arasında suallar yaradıb: Şagirdlər niyə dərsdə deyil? Məktəb rəhbərliyi vəziyyətdən xəbərdardırmı? Repetitorluq məktəbi əvəz edirmi? Təhsil prosesi formal xarakter alıbmı?
Məsələ ilə bağlı açıqlama verən idarə nümayəndələri bildiriblər ki, şagirdlər dərs vaxtı məktəbi fizika müəllimi Qasım Hümbətovun icazəsi ilə tərk ediblər. Onların sözlərinə görə, müəllim həm şagirdlərin dərsdə iştirak etməməsinə şərait yaradıb, həm də sonradan həmin vəziyyəti videoya çəkərək yaymaqla etik davranış qaydalarını pozub. Rəsmi mövqedə vurğulanır ki, müəllim pedaqoji etika çərçivəsini aşdığı üçün barəsində müvafiq tədbir görülüb. Lakin fizika müəllimi Qasım Hümbətov bu iddiaları qəti şəkildə təkzib edir. O bildirir ki, şagirdlərin dərsə gəlməməsi yeni problem deyil və xüsusilə 11-ci siniflər arasında repetitor yanına getmək üçün dərslərin kütləvi şəkildə tərk olunması artıq adi hala çevrilib. Müəllimin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə məktəb rəhbərliyinə müraciət etsə də, problem aradan qaldırılmayıb və əksinə, susqunluq nümayiş etdirilib. O, həmçinin direktorun övladının da dərslərdə iştirak etmədiyini iddia edərək, məktəbdə ikili yanaşma və selektiv münasibətin mövcud olduğunu vurğulayıb. Q.Hümbətov daha da irəli gedərək, bu vəziyyətlə bağlı səsləndirdiyi iradlara görə özünün təzyiqlərlə üzləşdiyini, barəsində intizam tədbirlərinin tətbiq edilməsinin isə həqiqəti deməsinə cavab olaraq atılan addım olduğunu iddia edir. Beləliklə, hadisə artıq sadəcə "şagird dərsdə niyə yox idi?" sualından çıxaraq "kim məsuliyyət daşıyır?" və "məktəbdə real nə baş verir?" müstəvisinə keçib. Hazırda hadisə ilə bağlı ziddiyyətli məqamlar qalmaqdadır. Bir tərəf müəllimi etik qaydaları pozmaqda və şagirdləri dərsdən buraxmaqda ittiham edir, digər tərəf isə rəhbərliyi təhsil prosesinə laqeyd yanaşmaqda, repetitorluğun məktəb təhsilini kölgədə qoymasına göz yummaqda və tənqidi səsləri susdurmaqda günahlandırır. Ortada isə ən vacib sual dayanır: məktəb auditoriyası boşalırsa, bunun məsuliyyəti kimdədir - müəllimdə, rəhbərlikdə, valideynlərdə, yoxsa sistemin özündə?
Bərdə rayonunun bir kənd məktəbində yaşanan bu qarşıdurma əslində daha geniş problemin simptomu kimi görünür. Ali məktəblərə qəbul imtahanlarının yaxınlaşdığı bir dövrdə 11-ci sinif şagirdlərinin prioritetlərinin dəyişməsi, repetitorluğun əsas təhsil mənbəyinə çevrilməsi və məktəbin formal institut kimi qəbul edilməsi uzun illərdir müzakirə olunan, lakin hələ də həllini tapmayan məsələlərdəndir. Bu hadisə isə həmin müzakirələri yenidən alovlandıraraq, təhsil sistemində məsuliyyət bölgüsü, nəzarət mexanizmləri və etik çərçivələr barədə ciddi suallar doğurur.
Mövzu ilə bağlı İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Olaylar.az-a danışıb. Ekspert bildirib ki, əgər məsələ müəllimin dediyi kimidirsə, əlbəttə ki, məktəb rəhbərliyi xüsusi məsuliyyət daşıyır. Əgər hadisə məktəb rəhbərliyinin təqdim etdiyi formada baş veribsə, bu halda məsuliyyət müəllimin üzərinə düşür. Çünki orta ümumtəhsil məktəblərində hər hansı müəllim özbaşına şəkildə bir sinfi tamamilə buraxa və ya şagirdləri dərs müddəti ərzində evə göndərə bilməz. Onun belə bir hüququ yoxdur. Dərs prosesi davam etdiyi müddətdə şagirdlərin sinifdən çıxarılıb evə göndərilməsi yalnız məktəb rəhbərliyinin icazəsi və razılığı ilə mümkündür. Bunun da əsaslı səbəbləri olmalıdır. Məsələn, işığın olmaması, sinif otağının soyuq olması və ya digər obyektiv, əlverişsiz şəraitlə bağlı məsələ məktəb rəhbərliyinin qarşısında qaldırıla bilər. Rəhbərlik vəziyyəti qiymətləndirib müvafiq qərar qəbul etdikdən sonra şagirdlərin kütləvi şəkildə buraxılması mümkündür. Amma müəllim bunu təkbaşına edə bilməz. Hazırkı vəziyyətdə isə konkret olaraq kimin günahkar olduğunu demək çətindir. Bu, araşdırılmadan qəti fikir söyləmək mümkün deyil. Digər tərəfdən, məktəb rəhbərliyi də özbaşına şəkildə kütləvi qərarlar qəbul edə bilməz. Məncə, müəyyən güzəştlər mümkündür. Xüsusilə yuxarı sinif şagirdləri universitetə hazırlaşdıqları üçün bəzi hallarda müəyyən elastik yanaşmalar tətbiq oluna bilər. Məsələn, fiziki tərbiyə dərsi üçün hava şəraiti və ya idman zalının vəziyyəti uyğun deyilsə, daxili qərar və müvafiq əmr əsasında müəyyən dəyişikliklər edilə bilər. Ancaq kütləvi, mütəmadi və ya hər hansı qeyri-qanuni maraq - məsələn, rüşvət qarşılığında belə addımlar atılarsa, bu artıq qanunsuzluq sayılır. Əgər məktəb rəhbərliyi belə bir addım atıbsa, müvafiq qurumlar tərəfindən araşdırma aparılmalı və tədbir görülməlidir.
Ekspert qeyd edib ki, burada hansının haqlı olduğunu müəyyən etmək üçün obyektiv araşdırma aparılması daha məntiqlidir. Özbaşına şəkildə şagirdlərin məktəbdən kənarlaşdırılması qətiyyən yolverilməzdir - istər bunu müəllim etsin, istərsə də məktəb rəhbərliyi. Digər mühüm məqam müəllimin çəkdiyi görüntülərlə bağlıdır. Əgər çəkiliş təhsil müəssisəsinin daxilində aparılıb və məqsəd məktəbin nüfuzuna xələl gətirmək olubsa, bu, yolverilməz haldır. Lakin əgər görüntülər məktəbin ərazisindən kənarda, şahid qismində və özünü müdafiə məqsədilə sübut kimi çəkilibsə, bu halda məsələ fərqli qiymətləndirilə bilər. Eyni zamanda, əgər müəllim özü bu prosesi təşkil edib və sonradan sübut kimi təqdim etmək üçün çəkiliş aparıbsa, bu zaman təşkilatçı kimi məsuliyyət daşıyır. Məhz buna görə də deyirəm ki, araşdırma aparılmadan məsələ ilə bağlı yekun nəticəyə gəlmək doğru olmaz. Əvvəlcə faktlar dəqiqləşdirilməli, günahkar tərəf müəyyənləşdirilməli və bundan sonra müvafiq addımlar atılmalıdır.
Lamiyə Cəbrayılova