" Ana dilimizin dərin qatlarına enə bilən əsərlər yazılmalı, baxımlı bədii filmlər çəkilməlidir”- ÖZƏL

"İnformasiya kommunikasiya texnologiyalarının sürətli inkişaf etdiyi dövrdə  Azərbaycan dilinin qorunması bizim üçün başlıca vəzifə olmalıdır". Bunu Olaylar.az-a  açıqlamasında  araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin  AMEA-da çıxışında dövlət dilinin mövcud durumu və inkişafı haqqında söylədikləri hər bir vətəndaş, xüsusilə yaradıcı insanlar üçün proqram xarakterlidir: "Dövlət başçısının bu sözləri düşündürücüdür. "Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş onu   itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir". E.Cəfərli  bildirib ki,  doğrudan da bu məsələdə hər 3 amil var:" Azərbaycan dili xalqımızın minillik tarixi, mədəni yaddaşı və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərimizdəndir. Dövlət dilinin qorunması və inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Biz digər milli sərvətlərimiz kimi ana dilimizi də qoruyub saxlamalı, gələcək nəsillərə saf, dumduru ötürməliyik. Doğrudur, bütün dillər, o cümlədən Azərbaycan dili dinamikdir, daim inkişafdadır. Dilimizin xarici dillərdən, özəlliklə də türk dilləri qrupuna aid olan dillərdən sözlər alması normal bir prosesdir. Son 30 ildə bizim dilimizdən də türk dillərinə sözlər keçib. Lakin dilimizə kütləvi şəkildə lüzumsuz sözlərin daxil olması yo verilməzdir. Bu tendensiya dilimizin saflığını pozur".
E.Cəfərli deyib ki, kökü "Dədə Qorqud" eposuna dayanan arxaikləşmiş sözlərin, dialektlərimizdə mövcud olan kəlmələrin dilimizə qazandırlmasına qəbahət yoxdur. "Qardaş Türkiyədə ötən əsrin 20-ci illərinin sonu, 30-cu illərinin əvvəllərində əlifba və dil islahatları həyata keçirildi. Türk dili lüzumsuz ərəb və fars sözlərindən təmizləndi, türk dillərindən  49 min söz alındı. Cəmi 60 il sonra türk dilində əsərlər yazmış alimlər, yazıçılar Nobel sülh mükafatı aldılar. Biz də dilimizdə islahatlar aparmalı, Altay dil ailəsinə mənsub olan Azərbaycan dilinin zənginləşməsinə çalışmalıyıq. Unutmayaq ki, bir zamanlar Qafqazda Azərbaycan dili, Avropada fransız dilinin statusunda idi. Azərbaycan türkcəsində çap olunan "Molla Nəsrəddin" jurnalı Krımda, Kazanda, Anadoluda, İstanbulda, Mərkəzi Asiyada, İranda, Əfqanıstanda asanlıqla oxunurdu. Bu gün İranda 35 milyon, İraqda 3, Suriyada 3 milyon, Gürcüstanda 500 min insan bizim dilimizdə danışır. Dağıstan rəsmi dövlət dillərindən biri Azərbaycan dilidir. Dilimizin bu statusunu qorumaq, daha yayğınlaşdırmaq üçün ana dilimizin dərin qatlarına enə bilən əsərlər yazılmalı, baxımlı bədii filmlər və televiziya serialları çəkilməlidir".

Xatırladaq  ki,  2026-cı ildə  Azərbaycan Kitab Mükafatı elan olunacaq.Bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək.

Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək. 

Ekspertlər  bunu  ana dilimizin  qorunması  yolunda  mühüm  addım  kimi  qiymətləndirirlər.

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31