Qorxu evləri: əyləncə, yoxsa nəzarətsiz risk?
5 Dekabr 22:30 Sosialİnsanlar əyləncəni yalnız vaxt keçirmək kimi yox, həm də gündəlik stressdən qaçmaq, özləri ilə baş-başa qalmaq və həyatın monotonluğunu sındırmaq vasitəsi kimi görüblər. Müasir dövrdə isə əyləncə anlayışı daha da rəngarəngləşib: kafe və kinoteatrlar, oyun məkanları, müxtəlif idman növləri və başqaları. Bütün bu seçimlərin içində son illər bir məkan xüsusi populyarlıq qazanıb- qorxu evləri. Məncə, qorxu evlərinin populyarlaşmasının səbəbi sadədir- insanlar həm qorxmaq, həm də əylənmək istəyirlər. Burada yaşanan qorxu "təhlükəsiz" kimi təqdim olunur və bu, çoxlarına maraqlı gəlir. Qaranlıq otaqlar, qəfil səslər, üz-üzə gəldiyin səhnələr... İnsan sanki qısa müddətlik başqa bir dünyaya düşür. Amma düşünürəm ki, hər əyləncənin bir sərhədi var. Bu sərhəd keçiləndə artıq əyləncə olmur. Qorxu evlərində də bəzən belə hallar yaşanır. Çünki burada insanların reaksiyası hər zaman proqnozlaşdırıla bilmir. Kimsə gülür, kimsə qışqırır, kimsə panikaya düşür və bu vəziyyət istənməyən nəticələrə gətirə bilər.
Ötən gün baş verən hadisə də bunu göstərdi. Bir gənc qız qorxu evində xəsarət alaraq xəstəxanaya aparıldı. Hadisənin detalları araşdırılır, amma fakt odur ki, belə məkanlar bəzən nəzarətsiz və təhlükəli ola bilir. Girişdə ziyarətçilərə çox vaxt "məsuliyyət sənədi" imzalatdırırlar, amma bu sənəd real təhlükəni aradan qaldırmır. İnsan imza atır, ilk baxışda hər şey normal görünür, amma içəridə baş verənlər tam fərqli ola bilər.
Əslində qorxu evləri ideya olaraq maraqlıdır. Qaranlıq dəhlizlər, qəfil canlanan fiqurlar, səhnələşdirilmiş qorxunc epizodlar-hamısı sanki film içində gəzmək kimidir. Amma burada bir məqam var: film qonşu otaqda çəkilmir, real insanların içində yaşandığı dar bir məkanda oynanılır. Bu isə hər bir detalın peşəkar şəkildə düşünülməsini tələb edir. Xüsusilə də insanların psixoloji hazırlığı, yaş həddi, qəfil reaksiyalar və fiziki təhlükəsizlik nəzərə alınmalıdır.
Düşünürəm ki, cəmiyyət olaraq əyləncəni sevirik və bu, tamamilə normaldır. Amma əyləncənin sərhədləri də olmalıdır. Adrenalin yaşamaq istəyənlərin sayı artsa da, bu, heç vaxt təhlükəsizlikdən üstün tutulmamalıdır.
Mövzunu daha dərindən anlaşılması üçün təhlükəsizlik üzrə ekspertlərin rəyinə ehtiyac var. Qorxu evlərində təhlükəsizlik standartları nələr olmalıdır, bəzən ziyarətçilər qorxu evlərinə girişdə təhlükəsizlik və məsuliyyətlə bağlı müqavilə imzalayır. Bu müqavilə real riskləri və fiziki xəsarətləri önləmək baxımından nə qədər təsirli ola bilər? Bu kimi suallara cavab tapmaq üçün məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Olaylar.az-a açıqlama verib:

"Bundan bağlı müxtəlif ölkələrdə qorxu evləri və yaxud da buna oxşar konsepsiyalar var. Təbii ki, məsələ əyləncə mərkəzləridir- istər qorxu evləri olsun, istər insanların istirahəti üçün nəzərdə tutulmuş məkanlar olsun və yaxud da buna oxşar konsepsiyalar. Burada əsas məqsəd insanların rahat, sağlam, təhlükəsiz istirahətinin təşkil olunmasıdır. Təbii ki, bu xidmətlərdən istifadə edən zaman insanlar xəsarət almasın, hansısa bir bədbəxt hadisə ilə üzləşməsin. Yəni, bu konsepsiyalar və xidmətlər bu şəkildə qurulur. Burada xidmətlərdən istifadə edən şəxslərin də, eyni zamanda valideynlərin də üzərinə məsuliyyət düşür. Uşaqları bu cür yerə apararkən, onların yaşını, sağlamlığını, bu cür yerlərdə qarşılaşa biləcək hallara verə biləcəkləri reaksiyaları nəzərə almalıdırlar. Təbii ki, burada uşağın sağlamlığı, yaş həddi, bu hadisələrə qarşı verə biləcəyi reaksiyalar çox önəm daşıyır. Bu cür yerlər üçün hər hansı bir qurumdan icazə və ya lisenziya əsasında fəaliyyət göstərib-göstərmədikləri barədə tam dəqiq fikir bildirə bilməsəm də, ancaq yaxşı olar ki, bu cür yerlər öz fəaliyyətlərini və özlərini sığortalamaq üçün hər hansı bir qurumla proqram şəklində razılaşdırsınlar. Yəni, gələcəkdə hansısa bir hadisə baş verdikdə, əgər həmin proqramdan kənara çıxılmayıbsa, onlar da müəyyən mənada sığortalanmış olarlar. Belə olan halda artıq çərçivəyə salınmış və təsdiq edilmiş, təhlükəsiz hesab edilən bir proqram olacaq və burada bədbəxt hadisə baş verməsi və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalı yəqin ki, minimuma enər".
Məsələnin hüquqi tərəfi də diqqətdən kənarda qalmamalıdır. Qorxu evlərində baş verən fiziki xəsarətlərdə məsuliyyət kimə aiddir? Azərbaycanda əyləncə obyektləri üçün mövcud qanuni təhlükəsizlik tələbləri nələrdir? Mövzu ilə bağlı hüquqşünas Şamil Paşa Olaylar.az-a danışıb:

"Birinci, burada nəzərə alınmalı xüsusiyyət azyaşlıların qorxu evlərinə daxil olmasına imkan verməməkdən ibarətdir. Azyaşlılar ancaq valideyn müşayiəti ilə daxil ola bilərlər. İkinci nəzərə alınmalı bir məsələ ondan ibarətdir ki, qorxu evləri dünyanın müxtəlif ölkələrində var. Qorxu evlərində şəxslərin qorxması və yaxud da qorxudan yerə yıxılmaları, xəsarət almaları və s. mümkün ola bilən hallardır. Yəni qorxu evlərinə daxil olan şəxslər bütün bu baş verə biləcək hadisələrin məsuliyyətini dərk etməlidirlər. Orada əgər xəsarətalma varsa, xəsarətin nədən qaynaqlandığını araşdırmaq lazımdır. Ona uyğun bir cavab vermək olar. Amma konkret olaraq biz nədən qaynaqlandığını bilmədik. Sadəcə olaraq, qorxu evi olduğuna görə, əgər bu məsələlər varsa, bu məsələlərə qarşı öncə vətəndaş özü tədbirli olmalı, məsuliyyətli olmalıdır.
Xəsarətin necə baş verməsi mexanizminə baxmaq lazımdır: xəsarət şəxsin özü tərəfindən olur, yoxsa yıxılma nəticəsində, hansı səbəbdən baş verdiyi müəyyən edilməlidir. Qorxu evləri də müəyyən qədər çalışmalıdırlar və tədbirlər görməlidirlər ki, şəxslər buralarda xəsarət almasınlar.
Qorxu evlərində baş verən fiziki xəsarətlərə görə məsuliyyət kimə aiddir? Burada hadisənin başvermə mexanizmini aydınlaşdırmaq lazımdır. Ona uyğun cavab vermək olar. Bunu hər hansı bir adam törədib, yoxsa qorxudan xəsarət alınıb? Bütün bunlar nəzərə alınmalıdır. Biz hər şeyə "nəzarət olsun, nəzarət olsun" dedikcə, əslində öz azadlıqlarımızı məhdudlaşdırmış oluruq. Bu məsələlərdə nəzarətdən çox məsuliyyət olmalıdır.
Şəxs əgər aldığı xəsarətlə bağlı şikayətçidirsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Onlar da araşdırma aparıb hər hansı bir cəza tədbirlərini və ya təzminat məsələlərini tətbiq edə bilərlər".
Qorxu evlərinin insan psixologiyasına təsiri isə ayrıca araşdırma tələb edir. Çünki bəzən insanın gözlənilməz reaksiyası təhlükəni yaradan əsas səbəb olur. Bu mövzuda yaşam koçu , psixoloq Günel Əkbərova açıqlama verib:

"Ümumiyyətlə, mən qorxu evlərinə getməyin tərəfdarı deyiləm. Nəinki qorxu evləri, ümumiyyətlə qorxu filmləri də ola bilər. Təbii ki, bu, insandan insana dəyişir. Amma mən getməyin tərəfdarı deyiləm. Çünki şüuraltının varlığına inanan biri olaraq düşünürəm ki, bunlar bizim psixikamıza böyük təsir edir. Elə insanlar var ki, bu psixikaya daha dözümlüdür və bunu stress atma yolu kimi istifadə edir. Kiminin stress atma yolu boksdur, kimininsə qorxu evinə getmək, qorxu filmləri izləməkdir. Yəni bu, insandan insana dəyişir. Elə xarakterdə insanlar var ki, daha həssas psixologiyaya malikdirlər. Həmin insanların ümumiyyətlə belə yerlərdə olmağı , belə mühitə daxil olmasını düzgün addım kimi qəbul etmirəm. Çünki bir müddət sonra onda fobiya yarana bilər, qorxu formalaşa bilər. Bədən tənzimləməsi var, istər-istəməz bədən müdafiə mexanizminə keçir. Ona görə də hər insanın psixikasına uyğun deyil. Qorxu evləri düzdür şərtlər haqqında məlumat verir. Hətta bəzi müqavilə də izaladırlar ki, "bizlik bir şey yoxdur". İnsanlar orada ən yüksək səviyyəni seçirlər və orada artıq şiddət elementləri olur. Onlar artıq bilir ki kimsə sənə ziyan vuracaq. Bu yəqin ki, uşaqlıqda görülən şəraitlə bağlıdır. Məsələn, mən çox müşahidə etmişəm: niyə bəzi insanlar ora maraq göstərir, bəziləri isə yox? Bu, sevgi modelindən də qaynaqlana bilər. Uşaq vaxtı sevgi daha sərt şəkildə, sərt sözlərlə, fiziki təmasla, bəzən şiddətlə göstərilibsə, bu insanlarda qorxu evlərinə marağın artması mümkündür. Çünki onların beynində sevgi və görüldükləri münasibət o şəkildə formalaşmış olur. Kim ki, daha həssas və zərif formada böyüyüb, psixologiyası daha incədir, o insanlar üçün bu, ağır ola bilər. Ümumiyyətlə həyatımızda yaşadığımız hər şey, fərqində olmasaq belə, şüuraltımızda iz buraxır. Biz bunu həmin anda anlamaya bilərik. O dövrdə qorxu evinə getsək, bu bizdə maraq yarada, adrenalin ifraz edə, stress atma kimi görünə bilər. Amma oradakı ağırlıq, qaranlıq mühit və şiddətvari elementlər sonradan yuxulara təsir edə, insanı narahat edə bilər. Bədəndə gözlənilməz ağrılar yarana bilər. Bunlar psixologiyanın yükləndiyi mənfi informasiyalardan qaynaqlana bilər. Necə ki, bədənimizə ən keyfiyyətli paltarı geyinmək, ən yaxşı makiyajı etmək, ən yaxşı markaları seçmək istəyirik, eyni şəkildə ruhumuzun da doğru qayğıya ehtiyacı var. Niyə psixologiyamızı mənfi yüklərlə bəsləyək? Niyə şüuraltımızı mənfi kodlarla dolduraq? Mən ümumiyyətlə dəstəkləmirəm, çünki ziyanlı olduğunu düşünürəm. Amma bəzi insanlar bunu dəstəkləyə bilər, çünki uşaq vaxtı gördükləri sevgi modeli ilə bu ortamdan həzz ala bilirlər. Bu, insandan insana dəyişir. Bildiyim qədərilə qorxu evlərinin yaş kateqoriyası 16+ və ya 18+ olur. Hətta belə deyilsə də, belə olmalıdır. Hətta mümkün olsa, 20-25+ belə ola bilər. Çünki 18 yaş beyin üçün ən adrenalinli dövrdür. Oraya gedəndə adrenalin daha çox ifraz olunur və həmin yaşda insan adrenalini artıran hər şeyə asılılıq yarada bilər. Məsələn, 18 yaşında biri sürətli maşın sürür, adrenalin ifraz olunur, xoşuna gəlir və artıq davamlı sürətli sürməyi üstün tutur. Və ya digər zərərli maddələrdən istifadə edəndə eyni mexanizm işə düşür. Qorxu evinə getdikcə də adrenalinin təsiri ilə buna həddindən artıq bağlanmaq mümkündür. Sonra o mühitdəki davranışları real həyatda təkrarlamaq cəhdləri belə ola bilər: kimisə qorxutmaq, vurmaq, incitmək və s. Bu isə müsbət hal deyil. Yaş aralığının qaldırılması daha doğru ola bilər".
Nəticə olaraq qorxu evləri əyləncəli bir təcrübə kimi görünə bilər, amma bu məkanlarda təhlükəsizlik, məsuliyyət və psixoloji həssaslıq heç vaxt ikinci plana atılmamalıdır. Adrenalin keçicidir, amma bir ehtiyatsızlıq həm fiziki, həm də psixoloji iz qoya bilər. Əyləncə insanların xoş vaxt keçirməsi üçündür- onları riskin içinə atmaq üçün yox. Ona görə də həm ziyarətçilər, həm də bu məkanları idarə edənlər bir həqiqəti unutmasın: qorxutmaq olar, amma təhlükəyə atmaq olmaz.
Zeynəb Mustafazadə