Xarici dillərdə küçə reklamları paytaxtı “işğal edib”- ÖZƏL
15:39 Sosial"Bakının mərkəzi küçələrini seyr edərkən öncə diqqətimizi əcnəbi dillərdə olan küçə reklamları cəlb edir. Adam özünü Azərbaycanda deyil, hansısa Avropa ölkəsində hiss edir. Doğma dilə bu qədər etinasız yanaşmaq olarmı?" "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: "Dünyada qəbul olunmuş, müəyyən qədər status almış brend mallar var. Əgər buna qanunlar icazə verirsə, belə məhsulların istisna hallarda əcnəbi dildə yayımı mümkün olar. Paytaxtımızda isə vəziyyət fərqlidir. Onda diqqət yetirək, mövcud hüquq sistemimiz bu məsələlərə necə münasibət bildirir.
"Dövlət dilli haqqında qanunun 7-ci maddəsində ("Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi") göstərilir: "Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər, lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir".
Paytaxtın inkişaf tendensiyası, ümumi ansanbulu, hətta küçə reklamlarına qədər milli çalarları özündə ehtiva etməlidir. Təəssüf ki, bu belə deyil. Göründüyü kimi, bütün məsələlər aydındır. Aydın olmayan isə Azərbaycanın hüquq sisteminə, ana dilimizə etinasızlıqdır ki, nəticədə küçə reklamlarının böyük əksəriyyəti xarici dillərdədir. Bəs, küçə reklamlarına icazə verən, rəsmi strukturlar, xüsusilə Dövlət Reklam Agentliyi hara baxır?
Yalnız maliyyə ödənişini almaqla, plakatın ölçüsünə icazə verməklə məsələ bitmir. Reklamların dilinə və məzmununa diqqət yetirilməlidir. Əks təqdirdə paytaxtı işğal edən əcnəbi dillərdə olan küçə reklamlarını görürük.
Ümumiyyətlə, reklam məsələsi ilə bağlı bəzi məqamlara qısaca nəzər salmaq istərdim. Yalnız küçə reklamları ilə problem bitmir. Telekanallarda reklam işində, teleticarətin təşkilində qüsurlar kifayət qədərdir. Məlumdur ki, televiziyalarda reklamlarla bağlı limit var. Belə ki, 1 saat ərzində 12 dəqiqə reklam blokuna icazə verilir. Bu 12 dəqiqəlik müddətdə bəzən eyni məhsulun reklamını təkrar-təkar verirlər. Belə roliklər tamaşaçıda qıcıq yaradır. Ay zalım uşağı, bununla siz həmin məhsulun antireklamını təşkil edirsiniz. Nəi sə, bütün bunlar başqa söhbətin mövzusudur.
Yekunda onu deyim ki, reklam mədəniyyəti xoş aura yaradır, istehlakçını cəlb edir. Ana dilinə, milli dəyərlərə, qanunlara etinasız yanaşıb reklam işini təşkil etmək isə insanlarda qıcıq yaradır".
Əkrəm Bəydəmirli