Balanslı cəmiyyət üçün üç əsas faktor: gender, ailə, demoqrafiya

İstiqamət: gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Gender bərabərliyi, ailə institutu və demoqrafik inkişaf hər bir ölkənin sosial siyasətinin strateji istiqamətlərindən biridir. Bu üç anlayış cəmiyyətin möhkəmliyini, sosial sabitliyi və gələcək inkişaf potensialını müəyyən edən əsas sütunları təşkil edir. Ona görə də onların düzgün izahı, elmi və obyektiv şəkildə işıqlandırılması,  həm media, həm də elmi ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyır. Çünki gender münasibətlərindəki balans, ailənin sosial funksiyaları və demoqrafik dinamika bir-biri ilə sıx bağlıdır. Biri zəifləyəndə digərinə də təsir göstərir, biri möhkəmlənəndə digəri də güclənir.
Gender anlayışı və cəmiyyətdə rolu
Gender bərabərliyi, kişilərlə qadınların hüquq və imkanlara bərabər çıxışını təmin edən anlayışdır. Bu, yalnız iş yerlərində və siyasətdə deyil, həm də təhsil, sağlamlıq, sosial təminat və gündəlik həyatın digər sahələrində də özünü göstərir. Azərbaycanda gender bərabərliyi məsələsi həm hüquqi, həm də institusional səviyyədə tənzimlənir. Konstitusiyamızda qadın və kişinin bərabər hüquqlara malik olduğu açıq şəkildə göstərilir. Dövlət proqramları və strategiyalar qadınların iqtisadi aktivliyini artırmaq, onların idarəetmədə iştirakını genişləndirmək və zorakılığa qarşı mübarizə aparmaq məqsədi daşıyır. Azərbaycanda gender siyasətinin hüquqi bazası kifayət qədər möhkəmdir. "Gender bərabərliyinin təminatları haqqında" qanun, qadınların ictimai-siyasi həyatda iştirakına yönəlmiş dövlət proqramları bu sahədə mühüm addımlardır. 
Ailə institutu: dəyərlər, dəyişən reallıqlar və yeni çağırışlar
Ailə hər zaman cəmiyyətin ən möhkəm dayaqlarından biri kimi qəbul edilib. Düşünürəm ki , insanların dünyaya baxışı dəyişsə də, texnologiya inkişaf etsə də, həyat tərzi modernləşsə də, ailənin insan üçün verdiyi emosional güvən, mənəvi dayaq və sosial sabitlik hissi dəyişməz olaraq qalır. Ailə həm də insanın ilk sosial məktəbidir- sevgi, anlayış, hörmət və məsuliyyət kimi dəyərlərin formalaşdığı əsas mühitdir. Ailə siyasətinin əsas məqsədi ailələri daha dayanıqlı etmək olmalıdır. Sosial rifahın gücləndirilməsi, valideynlərə psixoloji və hüquqi maarifləndirmə xidmətlərinin genişləndirilməsi, ailədaxili ünsiyyət mədəniyyətinin təşviqi - bütün bunlar sağlam ailə modelinin formalaşmasına kömək edə bilər. Çünki sağlam ailə, sağlam cəmiyyət deməkdir. Ailənin cəmiyyətdə rolu isə təkcə fərdlərin birgə yaşaması ilə bitmir. Ailə həm milli-mənəvi kimliyin qorunduğu, nəsillər arasında körpü yaradılan yerdir. İnsanların həyat yolunda güvən axtardığı ən təbii sığınacaq da məhz ailədir. Ona görə də dəyişən dövrün tələblərinə uyğun şəkildə ailə institutunun möhkəmləndirilməsi həm fərdi xoşbəxtliyə, həm də cəmiyyətin gələcək inkişafına xidmət edir. Nəsillərarası əlaqələr mədəni kimliyin və mənəvi dəyərlərin ötürülməsində mühüm rol oynayır.
Demoqrafik inkişaf yalnız əhali sayının artması demək deyil- bu, cəmiyyətin gələcək strukturunun formalaşmasıdır. Sağlam demoqrafik dinamika ölkənin sosial və iqtisadi sabitliyinə töhfə verir. Ailə institutunun da güclü olması demoqrafik balansın qorunmasına müsbət təsir göstərir. Demoqrafiya əhalinin tərkibini, artım dinamikasını, miqrasiya proseslərini və sosial strukturunu öyrənən bir sahədir. Bu sahə əhalinin sayından tutmuş yaş tərkibinə, miqrasiya axınlarından ailə modelinə qədər cəmiyyətin canlı strukturunu öyrənir. Məncə demoqrafiya cəmiyyətin sabahını görmək üçün bu günə atılan bir baxışdır. Demoqrafik inkişaf təkcə rəqəmlərin çoxalması deyil, insanların daha yaxşı və xoşbəxt yaşaması deməkdir. Sağlamlıq xidmətlərinin güclənməsi, təhsilin keyfiyyətinin artması, sosial rifahın genişlənməsi və ailə institutunun möhkəmlənməsi əhalinin ümumi inkişafına müsbət təsir göstərən əsas amillərdir. Bu istiqamətlərin hər biri insanlara daha rahat, təhlükəsiz və ümidverici bir həyat bəxş edir. Gənc ailələr üçün yaradılan sosial dəstək proqramları, regionların inkişafına yönələn layihələr və uşaqlar üçün genişləndirilən xidmətlər cəmiyyətdə pozitiv demoqrafik mühitin formalaşmasına yardım edir. İnsanlar özlərini güvəndə və dəyər verilən hiss etdikcə, ailə qurmaq, övlad sahibi olmaq kimi qərarlar da daha rahat və təbii şəkildə formalaşır.
Azərbaycan kontekstində gender-ailə-demoqrafiya üçbucağı
Azərbaycan cəmiyyətində bu üç anlayış bir-birini tamamlayır və hər üçündə baş verən dəyişikliklər bütövlükdə sosial dinamikanı müəyyən edir. Gender bərabərliyinin möhkəmlənməsi ailədaxili münasibətlərin sağlamlaşmasına, bu isə öz növbəsində demoqrafik sabitliyə təkan verir. Ailələrin sosial-iqtisadi rifahı yüksəldikcə gənclərin ailə qurmağa və övlad dünyaya gətirməyə marağı artır. Eyni zamanda gender balansı təmin edildikcə qadınların iqtisadi və sosial fəallığı genişlənir ki, bu da ölkənin ümumi inkişafına müsbət təsir göstərir.
Nəticə etibarilə, gender bərabərliyi, ailə institutunun möhkəmlənməsi və demoqrafik sabitlik Azərbaycanın sosial inkişafının hədəfləri ilə birbaşa bağlıdır. Bu sahələr yalnız dövlət siyasətinin deyil, həm də cəmiyyətin dəyərlər sisteminin ayrılmaz hissəsidir. Məncə, bu mövzuların ardıcıl şəkildə təhlil edilməsi, ictimai müzakirələrdə iştirakı və mediada düzgün təqdim olunması ölkənin gələcək sosial modelləşməsi üçün vacibdir. Hər üç istiqamətdə balanslı yanaşma cəmiyyətin sağlam, inklüziv və dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir. Gender bərabərliyi, ailə institutu və demoqrafik inkişaf bir-birini tamamlayan, qarşılıqlı təsir edən amillərdir. Bu üç faktorun harmoniyası sosial ədalət, iqtisadi inkişaf və mədəni dəyərlərin qorunması üçün zəruridir. 

Zeynəb Mustafazadə 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31