Uşaqlar artıq oynamır, izləyir: Müasir oyuncaqlar təxəyyülü necə öldürür?
19:40 SosialUşağın dünyanı dərk etməsi, özünü ifadə etməsi və sosial bacarıqlar qazanması üçün ən təbii vasitələrdən biri oyuncaqdır. Oyuncaq sadəcə əyləncə predmeti deyil, o, uşağın daxili aləminin aynası, xəyal gücünün açarı və emosional təcrübələrinin formalaşdırıcısıdır. Uşaq danışmadan əvvəl də oyuncaqlar vasitəsilə hisslərini, qorxularını və arzularını ifadə etməyi öyrənir. Bu baxımdan, oyuncaq həm psixoloji, həm tərbiyəvi, həm də maarifləndirici funksiyaya malikdir. Bir neçə onillik öncə uşaqların oyuncaqları daha sadə, lakin mənalı idi. Taxtadan düzəldilən atlar, parça kuklalar, qalaydan əsgərlər və ya mexanizmsiz maşınlar uşağın yaradıcılıq qabiliyyətini, təxəyyülünü və düşüncə çevikliyini inkişaf etdirirdi. Bu oyuncaqlar uşağı oynamağa deyil, yaratmağa təşviq edirdi.
O vaxtlar kukla təkcə "gözəl qızcığaz" deyildi, uşaq ona ad verir, həyat hekayəsi uydurur, onu "ağladır" və "sevindirirdi". Beləcə, o, empatiya hissini, məsuliyyət duyğusunu və insan münasibətlərinin mahiyyətini öyrənirdi.
Digər tərəfdən, o dövrün oyuncaqları milli kimliyi, dəyərləri və sosial rolu daşıyırdı. Məsələn, kənd uşağının əlindəki taxta at, balaca qızın tikiş kuklası və ya öz əli ilə düzəltdiyi top həm əməksevərlik, həm də sadəlik simvolu idi. Oyuncaqlar uşağı reallığa yaxınlaşdırır, onu həyatda qarşılaşacağı rollara hazırlayırdı.
Texnologiyanın sürətli inkişafı ilə bərabər, uşaqların oyuncaqları da dəyişdi. İndi bazar işıq saçan, səs çıxaran, hərəkət edən, amma çox vaxt mənasız oyuncaqlarla doludur. Bu oyuncaqlar uşağa hər şeyi hazır şəkildə təqdim edir, onun təxəyyülünü və düşünmə fəaliyyətini passivləşdirir.
Məsələn, bir zamanlar uşaq kuklasına "ana" olurdu, indi isə kukla "danışır", "ağlayır" və "özünü idarə edir". Uşaq yalnız düyməni basır, amma emosional təcrübə yaşamır. Əvvəllər oyuncaqlar həm də öyrədici idi, uşaq əl işi ilə, saymaqla, düzəltməklə, oxumaqla, düşünməklə məşğul olurdu. İndi isə bir çox oyuncaqlar hazır biliklər təqdim edir, amma öyrətmir. Bu səbəbdən, uşaqlar əmək vərdişlərindən, təbiətlə təmasdan, öz əlləri ilə yaratma hissindən uzaq düşürlər.

Mövzu ilə bağlı Olaylar.az-a danışan psixoloq, psixoterapevt Dilruba Həsənova bildirib ki, oyuncaq sadəcə uşağın əylənməsi üçün nəzərdə tutulmuş bir əşya deyil. O, uşağın daxili dünyasını ifadə edən, onun duyğularını, düşüncələrini, sosial davranışlarını və gələcəkdə formalaşacaq dünyagörüşünü əks etdirən mühüm bir vasitədir. Oyuncaq vasitəsilə uşaq həm özünü ifadə edir, həm də ətraf aləmi dərk etməyi öyrənir. Bu baxımdan, hər bir oyuncaq uşağın psixoloji inkişafının səssiz, amma təsirli dilidir.
Uşaq oyuncaqları ilə yalnız "oynamır", onlarla ünsiyyət qurur, onlara rol verir, hisslərini yükləyir və bəzən öz həyatını bu simvolik aləmdə yenidən canlandırır. Məsələn, qorxan uşaq oyuncaq ayısını qucaqlayaraq güvən axtarır, küsən uşaq kuklasına əsəbiləşərək içindəki qəzəbi ifadə edir, sevincini paylaşmaq istəyən uşaq isə oyuncağına gülümsəyir. Oyuncaqlar uşağın duyğusal tənzimlənmə vasitəsidir, yəni o, öz emosiyalarını sözlərlə ifadə edə bilmədiyi hallarda bu emosiyaları oyuncaqlar vasitəsilə yaşayır.
Uşaq psixoloqları hesab edirlər ki, oyuncaqlar uşağın daxili gərginliyini azaldır, onunla öz arasında bir körpü yaradır. Uşaq oyuncağı vasitəsilə real həyatda baş verənləri simvolik şəkildə yenidən qurur və bu proses zamanı həm özünü, həm də ətrafını anlamağa başlayır.
"Əgər bir qədər keçmişə baxsaq, görərik ki, bir zamanlar oyuncaqlar bu qədər rəngarəng, səsli və mexaniki deyildi. Amma onların sadəliyi uşağın düşüncə dünyası üçün daha geniş imkanlar açırdı. Köhnə oyuncaqların dəyəri onların "az sözlə çox şey deməyi bacarmasında" idi. Sadə bir taxta parçası uşağın əlində gəmi olurdu, eyni parça bir az sonra kuklanın yatağına çevrilirdi, daha sonra isə uşaq onu ev kimi təsəvvür edirdi. Yəni uşaq hər dəfə eyni əşyanı fərqli mənalarla doldururdu.
Psixologiyada bu proses "simvolik oyun" adlanır. Yəni uşaq bir əşyanı başqa bir obyektin rəmzi kimi istifadə etdikdə beynin təxəyyül, yaradıcılıq və sosial öyrənmə mərkəzləri aktivləşir. Simvolik oyun uşağın sadəcə əylənməsi üçün deyil, onun intellektual və emosional inkişafı üçün çox vacibdir. Bu oyunlar zamanı uşaq "nə var"dan çox "nə ola bilər"i düşünür. Yəni o, formaya deyil, mənaya diqqət yetirir.
Sadə oyuncaqlar uşağa yalnız "oynamağı" yox, "yaratmağı" da öyrədirdi. Taxtadan hazırlanmış kukla, boş qutu, daş və ya parça parçası uşağın yaradıcılığı üçün sonsuz imkanlar açırdı. Bu cür oyunlarda məqsəd nəticə deyil, prosesin özü idi, yəni uşaq hər dəfə yeni bir hekayə qururdu, yeni hadisələr uydururdu, yeni dialoqlar yaradırdı. Bu da onun simvolik düşüncəsini və problem həll etmə bacarığını formalaşdırırdı.
Sadə kukla ilə oynayan uşaq onunla "danışır", ona ad qoyur, onun hisslərini təqlid edir. Bu zaman uşaq həm dil bacarığını, həm də empati qurma qabiliyyətini inkişaf etdirir. O, öz hisslərini başqasının gözü ilə anlamağa başlayır. Bu, gələcəkdə sosial münasibətlərdə insanı anlayışlı, emosional baxımdan dayanıqlı edən mühüm psixoloji təməl yaradır. Uşaq psixologiyasında "oyun terapiyası" anlayışı da məhz bu prinsiplərə əsaslanır. Çünki uşaq hər zaman sözlərlə danışa bilmir, amma oyun dili ilə danışmağı bacarır. Travma, qorxu, itki və ya ailədaxili gərginlik yaşayan uşaqlar üçün oyuncaq bir növ terapiya vasitəsidir. Uşaq oyuncaqlar vasitəsilə hisslərini "təhlükəsiz" mühitdə ifadə edir, real həyatda yaşadığı ağrını və qorxunu oyun səhnəsində yenidən quraraq ondan azad olmağa çalışır. Psixoloqlar bildirirlər ki, oyun zamanı uşaq həm özünü, həm də həyatı idarə etməyi öyrənir, yəni "passiv müşahidəçi" olmaqdan "fəal yaradan" olmağa keçir," - deyə psixoloq əlavə edib.
Psixoterapevt qeyd edib ki, əvvəllər uşaqların oyunları və oyuncaqları daha çox təxəyyülə əsaslanırdı. Məhdud imkanlarla oyun qurmaq uşaqda "necə edə bilərəm?" sualını doğururdu. Bu da onun düşünmə çevikliyini və müstəqil qərarvermə bacarığını gücləndirirdi. O, sadə əşyalarla yeni dünyalar yaradır, qaydalar müəyyən edir, paylaşmağı, növbə gözləməyi və əməkdaşlığı öyrənirdi. Beləcə, sadə oyuncaqlar uşağın sosial bacarıqlarının da təməlini qoyurdu. Bu gün isə oyuncaqlar texnologiyanın inkişafı ilə bambaşqa xarakter alıb. Elektron, danışan, hərəkət edən, səs çıxaran oyuncaqlar uşağın diqqətini cəlb etsə də, onun aktiv fəaliyyətini azalda bilir. Çünki bu oyuncaqlar uşaqdan yaradıcı iştirak tələb etmir, hər şey artıq əvvəlcədən qurulub. Uşaq sadəcə izləyir, reaksiya verir və bu da passiv oyun vərdişini yaradır. Xüsusilə avtomatik səs və reaksiya funksiyaları olan elektron oyuncaqlar uşağın dil inkişafını və sosial ünsiyyət bacarığını da müəyyən qədər zəiflədə bilər. Belə oyuncaqlarla oynayan uşaqlar daha az danışır, valideynləri və ya yaşıdları ilə söhbət etməyə, oyunu izah etməyə və ya yeni sözlər sınamağa daha az meyl göstərirlər. Bu isə uşaqda ünsiyyət və təxəyyül bacarıqlarının təbii inkişafını ləngidə bilər.
Ağıllı personajlar, robot oyuncaqlar və interaktiv ekranlar uşağın diqqətini daha çox vizual və audial stimullara yönəldir. Bu isə bir tərəfdən diqqət və yaddaş məşqini azalda, digər tərəfdən uşaqda "ani cavab" mədəniyyəti formalaşdıra bilər. Bəzi elmi tədqiqatlar göstərir ki, bu cür oyuncaqların qısa müddətli öyrənmə effekti olsa da, uşağın sərbəst oyun təcrübəsini azaldır və uzunmüddətli yaradıcılıq inkişafını zəiflədir.
"Oyuncaqlar uşağın yalnız əyləncə aləti deyil, onun kimliyinin, hisslərinin və düşüncə sisteminin aynasıdır. Onlar uşağın həyatına sanki kiçik hekayələr gətirir. Uşağın seçdiyi və oynadığı oyuncaqlara diqqətlə baxmaq bəzən onun daxili dünyasını oxumaq qədər aydın olur.
Bu səbəbdən valideynlər oyuncağı yalnız "bahalı" və "maraqlı" olmasına görə deyil, uşağın təxəyyülünü, yaradıcılığını, sosial ünsiyyətini və duyğusal ifadəsini necə dəstəklədiyinə görə seçməlidirlər. Çünki oyuncaq təkcə uşaq üçün deyil, onun gələcəyi üçün bir məktəbdir. Hər bir oyuncaq bir hekayə daşıyır, hər bir oyun bir şəxsiyyət formalaşdırır," - deyə psixoloq vurğulayıb.
Oyuncaq uşağın dilidir. Əgər bu dil mənasız sözlərlə doludursa, uşaq da dünyanı mənasız qavrayacaq. Uşağın dünyanı dərk etməsi, dəyərləri mənimsəməsi, insan münasibətlərini anlaması məhz oyuncaqların daşıdığı mənalarla formalaşır.
Bu səbəbdən, oyuncağın tərbiyəvi və maarifləndirici ruhunu bərpa etmək, uşaqların gələcək psixoloji sağlamlığı və mənəvi inkişafı üçün həyati əhəmiyyət daşıyır.
Sevda Dəniz