Kremldən “sülhdə bizim də payımız var” iddiası-Bakıdan reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin İkinci Qarabağ müharibəsinin bitməsinin 5-ci öldünümü ilə bağlı yaydığı bəyanatı "sülhdə bizim də payımız var" tezisi üzərində qurulub.

Politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a, Rusiya XİN-in son bəyanatını şərh edərkən deyib. Ekspert bir məqamı xüsusilə vurğulayıb: "Kreml hələ də iddia edir ki, 10 noyabr 2020-ci ildə Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında əldə edilən üçtərəfli razılaşmalar öz aktuallığını qoruyub saxlayır. Həmin razılaşma öz rolunu oynadı və bu gün aktual deyil. Digər tərəfdən razılaşmanın şərtlərinə zidd olaraq Ermənistan Qarabağdan qoşunlarını çıxarmamışdı, üstəgəl, rusiyalı hərbçilərin gözü qarşısında, bir sıra hallarda isə birbaşa iştirakıyla separatçılara silah daşınırdı. Məhz bunlara görə, Azərbaycan İkinci Qarabağ müharibəsinin davamı kimi bölgədə separatçılığıa son qoymaq üçün növbəti antiterror əməliyyatına ehtiyac duydu".

E.Şahinoğlu bildirib ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib, Ermənistan hökuməti mövcud vəziyyətlə barışıb, iki ölkə arasında sülh quruculuğu başlayıb: "Vaşinqtonda 8 avqustda qəbul olunan ortaq bəyanat Cənubi Qafqazda sülhün dönməzliyinin təsdiqidir. Bu razılaşmada Rusiyanın heç bir rolu olmayıb. Buna baxmayaraq, Rusiyanın da sülh quruculuğuna töhvəsi ola bilər. Bunun üçün Rusiya hakimiyyəti Cənubi Qafqaz ölkələrinin daxili işlərinə qarışmamalı və dəhlizlərin işə düşməsinə mane olmamalıdır. Əslində bölgədə sülh və əməkdaşlıq imkanlarının genişləndirilməsi Rusiyanın da maraqlarına cavab verir".

Rusiya XİN-in bəyanatında bildirilib ki, 9/10 noyabr 2020-ci ildə Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında əldə edilən üçtərəfli razılaşmalar öz aktuallığını qoruyub saxlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31