Ciddi tədbirlər görülməsə, böhran daha da dərinləşəcək
27 Dekabr 12:28 SosialElman Cəfərli: "Ümumiyyətlə, ətraf mühitə, canlı aləmə əvvəlki yanaşmalar dəyişməlidir"
İstiqamət: ekologiya və ətraf mühitin mühafizəsi
Ətraf mühit dedikdə yer üzündəki bütün orqanizmlərin inkişafına və həyatına təsir edən bütün şərait və təsirlərin məcmusu nəzərdə tutulur. Ekologiya canlı orqanizmlər və onların fiziki mühitləri arasındakı qarşılıqlı əlaqəni araşdıran bir sahədir. Hər ikisi bir-biri ilə sıx bağlıdır və daimi qarşılıqlı əlaqədədir. Bir sözlə, ətraf mühitdə baş verən hər hansı dəyişiklik canlı orqanizmlərə və əksinə təsir göstərə bilər. Bu səbəbdən, ətraf mühiti qadağan olduğuna görə yox, yaşadığımız ərazi olduğuna görə qorumalıyıq.
Ekoloji şüurun yaradılması üçün ilk növbədə ekoloji problemlər ortaya qoyulur. Bu problemlərin qarşısını almaq üçün nə etmək lazım olduğu müəyyən edilir. Növbəti mərhələdə tapşırıqların paylaşılması həyata keçirilir. Tapşırıqların bölüşdürülməsində ailələrdən tutmuş təhsil işçilərinə, bələdiyyələrdən tutmuş ölkə rəhbərliyinə qədər hər bir seqmentin məsuliyyətləri müəyyən edilir. Fərdlərin fərdi və mütəşəkkil şəkildə öz vəzifələrini bilmələri və buna uyğun hərəkət etmələri təmin edilir. Bu mövzuda ən mühüm və analitik münasibət gələcəkdə yaşana bilən bir dünya hədəfləməkdir.
Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün Azərbaycan dövlətinin də ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də bütün sahələr kimi ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirir ki, müasir dünyamızda ekoloji problemlər sırasında olan qlobal istiləşmənin yaratdığı fəsadlar ciddi narahatlıq doğurur:
"Mövsümlərin yerini dəyişməsi, sel və daşqınlar, buzlaqların əriməsi, əkinə yararlı torpaqların şoranlaşması qlobal iqlim dəyişikliklərinin doğurduğu fəsadlardır. Son 10 ildə planetimizdə temperatur 1 dərəcəyə qədər artıb. Ciddi tədbirlər görülməsə, qlobal iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması istiqamətində addımlar atılmasa, karbon emissiyasının faizi aşağı salınmasa, böhran daha da dərinləşəcək. Azərbaycan atmosferdə karbon emissiyasının azadlılması üzrə beynəlxalq təşəbbüsləri dəstəkləyir. Bu il ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etdi. Sessiyada qlobal iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması istiqamətində mühüm qərarlar qəbul olundu. 2024-cü il ölkəmizdə yaşıl dünya naminə həmrəylik ili elan edilmişdi. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində hektarlarla yeni meşə sahələri salındı, ağaclar əkildi.
Karbon emissiyasının azaldılması üzrə götürdüyümüz öhdəliklərə uyğun tədbirlər davam etdirilir. Son illər ölkəmizdə ətraf mühitin mühafizəsi tədbirləri gücləndirilib. Biomüxtəlifliyin məhvinə, qanunsuz ova, ətraf aləmin məişət tullantıları ilə çirkləndirilməsinə görə çəkindirici tədbirlər gücləndirilib, cərimələr artırılıb.
Azərbaycan yaşıl enerji zonalarının yaradılmasını prioritet məsələ kimi qarşıya qoyub. Ölkəmizin 3 böyük regionu yaşıl enerji sonası elan edilib. Bakıda Güney Qafqazın ən böyük günəş elektrik enerjisi stansiyası istifadəyə verilib. Azərbaycan neft və qazdan gəlir əldə edən ölkədir. Lakin gələcəyin enerjisi olan bərpa olunan enerji növlərinin tədqiqi, öyrənilməsi və istehsalı qarşıya qoyulan əsas vəzifələrdəndir. Azərbaycanın istər quruda, istərsə də Xəzərin özünə aid olan sektorunda külək və günəş enerjisi potensialı var. Ölkəmiz bu potensialdan istifadə etməyə çalışır.
Ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin qorunması, təmiz içməli su və ərzaq məsələsi kompleks tədbirlər tələb edir. Bu təkcə bir dövlətin, hökumətin görəcəyi iş deyil. Ekoloji problemlər sərhəd tanımır. Məsələn, transsərhəd çayının çirklənməsi təkcə bir dövlətin ekosisteminə zərbə vurmur, çay hövzəsində yerləşən bütün dövlətlər, icmalar çirklənmədən zərər görür. Və ya bir dövlətin ərazisində yerləşən atom elektrik stansiyası qonşu dövlətlərin əhalisi, ekosistemi üçün də risk sayılır. Bu üzdən çayları çirkləndirən dağ mədən sənayesi müəssisələrinin fəaliyyəti nəzarətə götürülməlidir. Bu müəssisələrin tikilməsi bölgədə yaşayan icmaların birgə razılığı və monitorinqi əsasında baş tutmalıdır.
Ümumiyyətlə, ətraf mühitə, canlı aləmə əvvəlki yanaşmalar dəyişməlidir. İnsanlar dərk etməlidir ki, dünya 50 il öncəki dünya deyil. Əhali artıb, təbii nemətlər tükənmək üzrədir. Artan əhalinin ərzaqla, mənzillə təminatı kənd təsərrüfatının, sənayenin genişlənməsinə səbəb olub. Bu isə meşələrin azalmasına səbəb olur. Buzlaqların əriməsi, şirin su ehtiyatlarının azalması kənd təsərrüfatına ciddi təsir edir. Yağıntıların azalması məhsuldar torpaqların şoranlaşmasına səbəb olur. Su ehtiyatlarına ciddi şəkildə qənaət edilməsi zəruri hala gəlib.
Qlobal iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması tədbirləri çərçivəsində yeni sortların yaradılması vacibdir. Dayanıqlı kənd təsərrüfatının inkişafı üçün dözümlü sortların, növlərin əkilməsi daha səmərəli olardı.
Qlobal iqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması ictimai şüurda dəyişiklikləri də zəruri edir. Gənc nəsildə ekoloji şüurun formalaşması erkən yaşlarda başlansa yaxşı olar. Bir sıra ölkələrdə "Təbiətşünaslıq", "Həyat bilgisi" fənnləri ilə yanaşı ayrıca "Ekologiya" fənni də tədris olunur. Hesab edirəm ki, bizim ölkəmizdə də bunun vaxtı çatıb.
Ekoloji tərbiyə olunmuş şagird şəxsiyyət kimi formalaşanda ətraf mühitin, yaşıllıqların, canlı aləmin qorunmasının nə qədər vacib olduğunu biləcək.
Bununla yanaşı maarifləndirmə tədbirlərinə də böyük ehtiyac var. Bu məsələdə vətəndaş cəmiyyətinin və medianın üzərinə böyük vəzifə düşür. Ətraf mühitin, canlı aləmin qorunması, suya qənaət olunması ilə bağlı sosial çarxlara, təbliğat xarakterli banerlərə ehtiyac var. Mədəniyyət və istirahət parklarında, piknik zonalarında maariflədirici lövhələrin vurulması yaxşı olardı.
Bir sözlə, ətraf mühitin qorunması təkcə rəsmi qurumların, bələdiyyələrin işi deyil. İcmalar, vətəndaş cəmiyyəti bu işdə aktiv olmalıdır. Könüllü ağacəkmə aksiyalarının, ərazilərin məişət tullantılarından təmizlənməsi tədbirlərinin keçirilməsi vacibdir. Bakıda və digər iri şəhərlərdə çoxillik ağacların kəsilməsi tamamilə qadağan olunmalıdır".
Göründüyü kimi, Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər, dövlət siyasəti bir çox ölkələr üçün nümunə hesab olunmalıdır.
Ətraf mühitlə bağlı qeyd olunan problemlərin həlli yollarını müəyyənləşdirmək və ekoloji tarazlığı təmin etmək məqsədilə dövlət proqramları və layihələrin reallaşdırılması, tədricən ətraf mühitin daha da sağlamlaşdırılmasını yaxın gələcəkdə mümkün edəcəkdir.
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.