Rusiya enişə icazə verməliydi...
27 Dekabr 21:20 HadisəAZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasından sonra aparıcı beynəlxalq KİV-lər tərəfindən ciddi iddialar yayılıb. Bu iddialarda mülki təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya raketi göstərilib. Bu isə beynəlxalq Konvensiyanın tələblərinin pozulması deməkdir.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır.
Azərbaycan bu Konvensiyanın iştirakçısıdır. Rusiya isə bu Konvensiyaya 1970-ci ildə qoşulub.
Konvensiyada iştirakçı dövlətlərin ərazisi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapıb. Bu prinsiplərə dövlətlər tərəfindən ciddi surətdə riayət edilməlidir. Əks halda dövlətlər arasında beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi mümkün ola bilməz.
Qəzadan sonra sosial şəbəkədə bəzi istifadəçilər "İcazə verilməməsinə baxmayaraq, təyyarə Qroznıya enə bilməzdi?" kimi suallar da verirlər. Bu suala cavab olaraq bildirək ki, Konvensiyanın tələblərinə görə, dövlətin ərazi hüdudlarında uçuş zamanı və ya bu ərazidə olarkən, əcnəbi hava gəmiləri həmin dövlətin müəyyən etdiyi müvafiq qanun və qaydalara ciddi surətdə riayət etməlidir.
"Euronews"un yaydığı məlumatda qeyd olunub ki, pilotların təcili enişlə bağlı müraciətlərinə baxmayaraq, zədələnmiş təyyarəyə Rusiyanın hava limanlarında yerə enməyə icazə verilməyib və heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətində getməsi bildirilib. Həmçinin qeyd edilib ki, dəniz üzərində bütün uçuş boyu təyyarənin GPS naviqasiya sistemi bloklanıb.
Təyyarənin Xəzər dənizi üzərindən Aktauya getməsinə gəlincə, bu məqamda qeyd edək ki, müasir beynəlxalq hüququn müddəalarına müvafiq olaraq açıq dəniz və beynəlxalq dəniz boğazları üzərindəki hava məkanı bütün dövlətlərin hava gəmilərinin uçuşları üçün azaddır. Belə hava məkanına beynəlxalq hava məkanı kimi baxmalıdır. Beynəlxalq hava məkanının hüquqi rejiminin əsasını uçuşların azadlığı prinsipi təşkil edir.
Açıq dəniz üzərində uçuşların azadlığı dövlətlərin beynəlxalq müqaviləyə qoşulmuş və hamı tərəfindən qəbul edilmiş prinsiplərinin, yəni açıq dənizin azadlığı prinsipinin tərkib hissəsidir. 1958-ci ildə "Açıq dəniz barəsində" Cenevrə Konvensiyası müəyyən edib ki, açıq dənizin azadlığı həmin dənizin üzərindəki hava məkanında uçuşların azadlığını özünə aid edir. Bütün dövlətlər açıq dəniz üzərindəki hava məkanında uçuş aparatlarının azad uçuşları həyata keçirmək hüququna malikdirlər. Bir sözlə, açıq dəniz üzərindəki hava məkanı hər hansı bir dövlətin hakimiyyət dairəsinə daxil deyil.
Onu da xatırlatmaqda fayda var ki, 1996-cı ildə Azərbaycanla Rusiya arasında hava əlaqəsi haqqında Saziş təsdiqlənib.
Bu Sazişə görə, beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi üçün ilkin şərt olan mülki hava gəmisi, onun sərnişinləri və ekipajı üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Razılığa gələn Tərəflər mülki aviasiyanın təhlükəsizliyinin qanunsuz müdaxilə aktlarından müdafiəsini təmin etmək üçün bir-birinə münasibətdə olan öhdəliklərinin, xüsusilə Çikaqo Konvensiyası, 1963-cü il 14 sentyabr tarixində Tokioda imzalanmış "Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında Konvensiya", 1970-ci il 16 dekabr tarixində Haaqada imzalanmış "Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında Konvensiya", 1971-ci il 23 sentyabr tarixində Monrealda imzalanmış "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya" və onu tamamlayan 1988-ci il 24 fevral tarixində Monrealda imzalanmış beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol çərçivəsində öhdəliklərinin bu Sazişin ayrılmaz hissəsini təşkil etdiyini yenidən təsdiq edirlər.
Razılığa gələn Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsinin və belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətinin, hava limanlarının və aeronaviqasiya vasitələrinin, habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərirlər.
Bir daha qeyd edirik, bir-birinə bütün lazımi yardımı göstərirlər. Reallıq isə budur ki, Rusiya tərəfi bu Sazişə də əməl etməyərək təhlükə içində olan sərnişinləri daşıyan təyyarəni başqa istiqamətə yönəldib.
Halbuki yenə Sazişə görə, mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə bağlı hadisə və ya hadisə təhlükəsi, yaxud belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı digər qanunsuz hərəkətlər baş verdikdə, razılığa gələn tərəflər belə hadisəni və ya təhlükəni sağlamlığa qarşı minimal risklə mümkün qədər tez aradan qaldırmaq məqsədi ilə kommunikasiyanı asanlaşdırmaqla və digər müvafiq tədbirlər görməklə bir-birinə kömək göstərirlər.
Qeyd edək ki, faciəvi təyyarə qəzasında 38 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb. AZAL-ın Müşahidə Şurasının qərarına əsasən, xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödəniləcək. Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.