Gəlinlərin qaynana "dərdi"..

"Ailə" anlayışı ana, ata və uşaqlardan ibarət bir quruluş olaraq təyin olunsa da, mədəniyyətdən mədəniyyətə fərqli tərifləri ola bilər. Bizim mədəniyyətimizə baxdığımızda ailə anlayışı ana, ata və uşaqdan əlavə, həyat yoldaşlarının valideynlərini və birinci dərəcəli yaxın qohumlarını əhatə edən bir quruluş kimi görünür. BU mədəniyyətdə ailə quruluşu ailə üzvlərinin qarşılıqlı əlaqə və asılılığına əsaslanır. Valideynlərin övladlarını qocalıqda baxıcı kimi gördükləri və buna görə də onlara yaxın və sadiq olmalarını istədikləri müşahidə olunur.
Cütlüklər arasında qadınların xüsusilə ailə ilə bağlı problemlərdən təsirləndiyi bildirilir. Bundan əlavə, qohumluq münasibətlərində qaynananın təsiri və oğlunun öz öhdəliklərini üzərinə götürməsinin gəlinlə qayınana arasında münaqişələrə səbəb olduğu müşahidə edilmişdir.
İllər keçsə də, zaman dəyişsə də gəlin- qaynana mövzusu hər zaman aktual olaraq qalır. Yeni evə gəlin köçən qız çox vaxt öz ailəsi, yəni həyat yoldaşı ilə müstəqil, ayrı yaşamaq istəyir. Bu isə zamanla bir çox problemlərə yol açır. Bəzən evin kiçik və ya yeganə oğul övladı ilə bir yerdə yaşamaq istəyən valideynlər, gəlinin ayrı yaşamaq istəyi qarşısında çaşbaş qalır və bu münaqişə ayrılığa, tərəflər arasında böyük anlaşılmazlığa yol aça bilir.
"Gəlin mənim süpürgəmdir, harada qoydum orda da durmalıdır". Ustad sənətkar Nəsibə Zeynalovanın "Qayınana" filmində işlətdiyi bu ifadə ölkəmizdə qayınanaların bir çoxunun evdə ağalıq etməsinin göstəricisidir. Günümüzün ən çox problem yaradan mövzularından biri də gəlin-qayınana problemləridir. İllərdir ki, bu iki "cəbhə" arasında münasibətlər durulmur. Qədim zamanlardan bəri ya qayınanalar gəlinlərini yola vermək istəmir, ya da gəlinlər qayınanalarını saymırlar. Təbii ki, bunları bütün qayınana-gəlin münasibətlərinə şamil etmək olmaz. Əlbəttə ölkəmizdə mehriban gəlin-qayınana münasibətləri vardır. Niyə gəlinlər və qayınanalar bir-birlərini anlamırlar? Nə üçün hazırkı dövrdə gəlinlər qaynanalalarından ayrı yaşamaq istəyirlər? Boşanma səbəbinə qaynana ilə eyni evdə yaşamaq faktoru təsir edirmi?
Əslində evlilik yeni ailə qurmaq və həmin ailədən və valideynlərdən ayrılmaq və onlardan müstəqil olmaq demək olduğundan, qayınana ilə eyni evdə yaşamaq düzgün bir seçim deyil və böyük ehtimallarla gəlinlə qayınana arasında münaqişələrə səbəb ola bilər. Gəlin və qayınana nikah etibarı ilə yaxın qohum olsalar da, xüsusilə nikahın əvvəlində bir-birinə yad olurlar. Bu səbəbdən bir evdə iki yad (gəlin və qayınana) bir-birinə və nizama öyrəşib öz arzu və istəklərini ifadə edərkən münaqişə yaşamaları adi haldır. Daimi məyusluq, münaqişə və problemləri həll edə bilməmək hər iki tərəf üçün ciddi psixoloji və psixiatrik problemlərə səbəb ola bilər.
Sosioloq Gülər İsmayılova bildirir ki, gəlin-qaynana münasibətləri ailədə ən incə və mürəkkəb münasibətlərdən biridir:
"Bəzi evliliklərdə cütlüklərin ən böyük müzakirə mövzusu gəlin və qayınana arasındakı münasibət olur. Əslində bu cütlüklər çox vaxt bir-birləri ilə kifayət qədər yaxşı anlaşırlar, lakin sırf bu mövzuda mübahisələrə görə az qala boşanma həddinə çata bilirlər.
Hadisə adətən oxşar şəkildə inkişaf edir. Qayınanasının bəzi söz və rəftarlarına görə gəlin inciklik hissi keçirir və bu hissləri əri ilə bölüşür. Kişi anasını çox yaxşı tanıyır və anasının yaxşı niyyətli olduğunu izah edir. Gəlin ərinin anasını müdafiə etdiyini düşünür və ona görə də özünü daha çox incidir, qəzəblənir. Həyat yoldaşı ilə qayınanasının bir olduğunu hiss edir və diqqətdən kənarda qalır.
Kişinin yeganə narahatçılığı əslində anası ilə həyat yoldaşı arasındakı münasibəti yaxşı saxlamağa çalışmasıdır. Bunu edərkən çox vacib bir taktiki səhvə yol verir və anasını müdafiə edir. Kişi anasına həyat yoldaşı haqqında heç nə deməyə imkan vermir, hətta arvadını anasına qarşı müdafiə edə bilər. Yaxşı niyyətli olsa da, anası ilə həyat yoldaşının arasına qarışaraq problemin böyüməsinə, həll olunmaz hala gəlməsinə öz töhfəsini verir.
Gəlinin öz ailəsində yaşadığı bəzi vərdişlər və həssaslıqlar onun qayınanasının söz və hərəkətlərindən həddindən artıq təsirlənməsinə səbəb ola bilir. Bir sözlə, qadın və kişi həssaslıqlarında ziddiyyət var. Hər ikisinin həssas olduğu bir məsələ həll olunmaz hala gələ bilər.
Bu münasibət bir çox mədəniyyətlərdə çoxdankı ənənələrə və gözləntilərə əsaslanır. Gəlin və qayınana arasındakı bu münasibət zaman-zaman gərginliyə səbəb ola bilər. Ancaq anlaşma, harmoniya və həmrəyliklə bu əlaqəni gücləndirmək, müsbətə çevirmək mümkündür.
Gəlin-qaynana münasibətləri çox vaxt keçmişdə müəyyən edilmiş sosial və mədəni normalara əsaslanır. Lakin günümüzün dəyişən sosial dinamikası və qadınların sosial rollarının təkamülü bu münasibətin formasını dəyişməyə səbəb olmuşdur. Müasirlik və ənənə arasında tarazlıq yaratmaq həm gəlinin, həm də qayınananın ehtiyaclarına hörmət etməyi tələb edir.
Gəlin-qaynana münasibətlərində problemlərin həllində uğurlu ünsiyyət əsas rol oynayır. Açıq, dürüst və hörmətli ünsiyyət tərəflər arasında anlaşmanı artıra və anlaşılmazlıqların qarşısını ala bilər. Gəlin də, qayınana da öz hisslərini, fikirlərini aydın ifadə etməyi bacarmalı, bir-birini dinləyib anlamağa çalışmalıdır.
Gəlin-qaynana münasibətlərində empatiya çox önəmlidir. Tərəflər qarşı tərəfin hisslərini və perspektivini anlamağa çalışmalıdırlar. Münaqişələrin qarşısını almaqla yanaşı, bu, onların bir-birinə daha yaxın olduğunu hiss etdirə bilər. Empatiya bir-birinin həyat təcrübələrini qiymətləndirmək və hörmət etmək deməkdir.
Hər iki tərəfin fərdi olduğunu və şəxsi sərhədlərinin olduğunu başa düşmək vacibdir. Qayınana gəlinin müstəqil yetkin olduğunu qəbul etməli və onun şəxsi həyatına hörmətlə yanaşmalıdır. Gəlin qayınanasının təcrübələrindən faydalansa da, öz ailəsi və şəxsi həyatı ilə bağlı sərhədləri qorumalıdır.
Gəlin-qaynana münasibətlərini gücləndirməyin bir yolu ortaq dil tapmaqdır. Hər iki tərəf ailə birliyini gücləndirən və münasibətlərə müsbət təsir göstərən ümumi fəaliyyətləri və maraqları araşdırmalıdır. Bu, onların bir-biri ilə bağlanmasına və ümumi dil tapmasına kömək edə bilər.
Münasibətlər zamanla inkişaf edir. Həm gəlin, həm də qayınana dəyişən şərtlərə uyğunlaşmaq və bir-birinə uyğunlaşmaq üçün çevik olmalıdır. Bura yeni ailə üzvləri, həyat tərzi və ya gözləntiləri ilə mübarizə prosesi daxildir.
Bu münasibətlərdə müstəqillik və dəstək vacibdir. Gəlin öz qərarlarını qəbul edərkən dəstəyi hiss etməli və qayınanası tərəfindən onu başa düşdüyünü bilməlidir. Qayınana gəlininin müstəqilliyini dəstəkləməli, ona güvənməli, ehtiyacı olanda kömək təklif etməlidir.
Gəlin-qaynana münasibətlərindən hər iki tərəfin xəbərdar olması vacibdir. Bu, hər iki tərəfə öz rollarını və məsuliyyətlərini anlamağa kömək edə bilər. Eyni zamanda, bu əlaqələrdə tipik problemlər haqqında məlumatlılığın inkişafı həll yönümlü yanaşmaların yaradılmasına kömək edə bilər.
Göründüyü kimi, gəlin-qaynana problemləri evliliyin sağlamlığını təhdid edən əhəmiyyətli bir mövzudur və bu başlıq altında ən böyük problemlər problemi yaradan isə evliliyin tərəflərə hansı psixososial, dini, mədəni və əxlaqi məsuliyyətlər qoyduğunun bilinməməsi, hər iki tərəfin öz baxışlarının düzgün olduğuna dair inadkarlığı və buna mane olan qarşılıqlı fədakarlıqlar edə bilməmələridir. Qarşılıqlı sevgidən qaynaqlanan anlayış, bir-birlərinə hörmət və diqqət göstərilməməsi və təbii ki, bir seçim ilə bir anlaşılmazlıqdır.
Nəticə olaraq, gəlin-qaynana  münasibətləri mürəkkəb, lakin dəyərli münasibətlərdir və anlaşma, harmoniya və həmrəylik yolu ilə möhkəmlənə bilər. Hər iki tərəf ona açıq ünsiyyət, empatiya və hörmət əsasında yanaşarsa, bu münasibət ailə birliyini daha da gücləndirə və müsbət istiqamətdə inkişaf edə bilər.
Qarşılıqlı anlayış, bir-birini başa düşmək, kaprizlərdən uzaq xarakter və empatiya qaynana-gəlin münasibətlərindəki əsas faktorlardandır. Ailədaxili problemlərin ortaya çıxmaması üçün hər iki tərəf bunlara riayət etməyə çalışmalıdır. Gündəlik həyatda qarşılaşılan kiçik problemlər, anlaşılmazlıqlar, umu-küsülər qarşı tərəfi incitməyəcək tərzdə dilə gətirilməli, deyilməli, danışılmalıdır. Əks təqdirdə həmin kiçik problemlər böyüyərək sonradan düzəldilməsi çətinləşən mübahisələrə, dedi-qodulara, dava-dalaşa və qarşılıqlı nifrətə səbəb olar. Ancaq elə etmək lazımdır ki, aradan pərdə qalxmasın. Aradakı pərdə qalxdıqdan sonra deyilən sözün təsiri olmur".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31