Mərasim evlərinin menyu fırıldağı

Azərbaycanda hazırda müzakirə olunan ən aktual mövzu yas mərasimləri ilə bağlıdır. Mərasimlərin sadələşdirilməsi, süfrələrdən bəzi təamların yığışdırılması tipli tələblər gündəmdədir.
Təəssüf ki, uzun müddətdir zaman-zaman bununla bağlı fikirlər söylənilsə, müzakirələr olsa da, köklü dəyişikliklərin şahidi olmuruq. Çünki məlum məsələdir ki, yaranması uzun müddət çəkən bu stereotipləri sındırmaq çətindir. Əgər Azərbaycanda 20 il bundan öncəki dini mərasimlərin keçirilməsinə nəzər salsaq, bu sahədə həm müsbət, həm də mənfi dəyişikliklərin baş verdiyini görərik. 
Gündəmdə olan mövzu ilə bağlı fikir bildirən deputatlar, ekspertlər, psixoloqlar da bildirirlər ki, bu istiqamətdə ciddi addımların atılması önəmlidir. Cəmiyyətdə örnək insanlar olmalıdır. Ziyalılar da bu məsələdə aktivlik göstərməli, maarifləndirmə, təbliğat işləri aparılmalıdır.
Ümumiyyətlə, yas mərasimində 6 növ yemək verən insanları cəmiyyət olaraq qınamaq lazımdır ki, baş verən bu israfçılığın qarşısını almaq mümkün olsun. İstər-istəməz də hiss olunur ki, cəmiyyətdə yas mərasimlərinin israfçılıqla keçirilməsinə qarşı narazılıq var. Lakin hələ də bu halların baş verməsinin şahidi oluruq.
Bəs yas mərasimlərində növbənöv yeməklərin, şirniyyatların, meyvələrin verilməsi vacibdirmi, yoxsa bu sadəcə israfçılıqdırmı? Bunun qarşısının alınması üçün nə etmək lazımdır?
Sosioloq Elçin Bayramlı bildirir ki, artıq bu istiqamətdə müvafiq  qurumlar tərəfindən  ciddi inzibati işlər həyata keçirilməlidir:
"Deyim ki, Azərbaycandakı yas mərasimləri elə bir biabırçılıqdır ki, bunun dünyada analoqu yoxdur. Yəni belə bir dəhşətli mərasimin, belə bir israfçılığın, yemək-içmək məclisinin heç bir dini, mənəvi əsası yoxdur. Ümumiyyətlə, dini olaraq tamamilə günahdır, dinə ziddir və qadağandır. Necə deyərlər, bu insanlara qarşı bir sosial problemdir. Bu ənənələri, belə qaydaları kim qoyub, nə vaxt qoyub bilinmir. Niyə cəmiyyət bunun qarşısını ala bilmir, bilinmir.
20-30 ildir bu sahədə maarifləndirmə aparılır. Biz də danışırıq, fikrimizi deyirik, dünya ölkələrinin təcrübəsini nümunə göstəririk, bunun yaratdığı sosial faciələri açıqlayırıq, problemləri söyləyirik. Yəni təsəvvür edin ki, rəhmətə gedən adamın dərdi qalıb bir qıraqda, əgər yoxsul ailədirsə, səhər düşüb küçələrə ət, göyərti, kartof daşıyıb gətirməyə ki, məclisdə kimsə qarınlarını dolduracaq. Yəni, sanki insanlar, yas mərasiminə yox, ziyafət, yemək-içmək məclisinə yığışırlar. Bununla belə, indi yas mərasimləri üçün mərasim evlərində xüsusi menyular tərtib olunur ki, minimum menyu budur. Məsəl üçün, menyuda mütləq şəkildə 15-16 cür şey olmalıdır, yoxsa bu yas  mərasimi sayılmır. Yəni eləcə də sadə evlərdə, mağarlarda keçirilən mərasimlərdə müxtəlif yeməklər, şirniyyatlar, meyvələr verilir ki,  toydan fərqlənməsi üçün süfrədə spirtli içki çatışmır. Bu məsələ dəfələrlə deyilir, ziyalılar da danışır, dövlət də müəyyən metodlarla tənzimləmək üçün bir qədər çalışdı, lakin heç cür əmələ gəlmədi. Biz bu sahədə düzəlmirik. Düzdür, bu məsələnin inzibati həll yolu yoxdur. Belə bir məsələdir ki, bunu qanuna salmaq olmur, hər hansı bir inzibati metoddan məcbur istifadə etmək olmur. Amma bilirik ki, bəzi ölkələrdə bunu ediblər, müəyyən vaxtlarda xəbəri də yayılır. Bəzi ölkələrdə - Orta Asiya respublikalarında, digərlərində dövlət belə bir konkret normalar qoyub ki, bundan o yana olmaz. Belə çıxır ki, bizdə artıq başqa yol yoxdur. Artıq dövlət sırf inzibati qaydada müdaxilə eləməlidir. Çünki camaatımız yığılıb rəhmətə gedəni olan ailəni çökdürmək üçün əlindən gələn hər şeyi edir. Dəfn xərcləri çox yüksək, qəbir yeri, məzar daşı, İslam məclisləri, bir, üç, yeddi, qırx mərasimlərində və s. ev sahibinə nə  qədər  zərər vurulur. Yaxın qohumlar da beş dəfə məclisə gəlmir, bir dəfə gəlir, sonra da çıxarır 5-10 manat pul yazdırır, sanki bura kafedir, yemək yeyib, hesab ödəyir. Bu tamamilə biabırçılıqdır. Bunun heç bir nə dini, nə mənəvi, nə sosial, məntiqi əsası var. Bunun heç bir əsası yoxdur.
Ümumiyyətlə, Azərbaycan xalqının verdiyi ehsan məclisinin İslama, Qurana, müsəlmanlığa zərrə qədər də aidiyyatı yoxdur. Yəni zərrə qədər də orda elə bir element, elə bir şey yoxdur ki, dinə aidiyyətı olsun, tam əksinədir. Tam dinsizlik, dinə zidd getmək, mənəvi dəyərlərə tüpürmək, sosial problem yaratmaq, insanları xərcə salmaq, borca salmaq, başını ağrıtmaq, yormaq və s. Məqsəd ancaq budur.
Dediyim kimi, bunun qarşısını maarifləndirmə ilə almaq mümkün deyil. Dəfələrlə cəhdlər olub, mətbuatda da bu məsələləri   uzun müddət aparmışıq. Təbliğat üçün Qafqaz Müsəlmanları İdarəsi də cəhd eləyib, müəyyən ziyalılar, ağsaqqallar dəfələrlə bu barədə layihələr edib, amma heç bir təsiri olmayıb. Əksinə, getdikcə vəziyyət pisləşir. Düzdür, tək-tük yerlərdə, Azərbaycanın bəzi yerlərində bu məsələlər bir az tənzimlənib, çox sadə ehsan məclisi verilir. Amma ümumən ölkənin 99%-də vəziyyət biabırçıdır. Mən elə hesab edirəm ki, artıq bu məsələnin başqa həll yolu qalmayıb. Sərt şəkildə  bununla bağlı xüsusi qərar verilməlidir, ya qanun qəbul edilməlidir, bilmirəm. 
Eləcə də toyların normal vəziyyətdə keçirilməsi üçün müəyyən normalar olmalıdır. Bax beləcə, yas məclislərinin, dəfn mərasimlərinin ümumiyyətlə təşkili ilə bağlı minimum tələblər, normalar olmalıdır ki, sırf bu formada olsun, insanları bu normalara məcbur etmək lazımdır, başqa heç bir yolu yoxdur. Yəni bu, artıq aztəminatlı əhalinin faciəsi deməkdir. Əgər insanın ailəsində bir nəfər rəhmətə gedirsə, o, mənəvi faciədən əlavə bir də sosial, iqtisadi fəlakətə düçar olur. Borca düşür, kreditə düşür, ailə çox ağır vəziyyətə düşür. Yəni, sanki biz hamımız yığılırıq ki, gəlin bu ailəni məhv edək, ona zərər vuraq. Dəfn xərcləri, ümumiyyətlə məclis xərcləri bilirsiniz, çox yüksəkdir. Yəni bu baxımdan, belə biabırçılıqların olduğu, artıq bizim kimi xəstə cəmiyyətlərdə radikal yoldan başqa həll yolu yoxdur. Inzibati metodla, sərt, qanuni hüquqi tədbirlərdən başqa bilmirəm nə formada edəcəklər, mexanizmi mən deyə bilmərəm, hüquqşünaslar hazırlanmalıdır. Hər nə qədər guya ki, insan hüquqlarına zidd kimi görünə bilər, amma belə insan hüquqları olmur, bu biabırçılıqdır. Ona görə, bir formada bununla bağlı dövlət səviyyəsində çox ciddi, sərt nəzarət, sərt qaydalar, normalar qoyulmalıdır və hamı buna riayət etməlidir. 
Bu məsələ təkcə yas məclisləri ilə bağlı deyil, eyni zamanda dəfn mərasimlərinin digər tərəfləri də var. Məsəl üçün, qəbir daşlarının dəbdəbəli qoyulması. Dəbdəbəli qəbir daşlarının qoyulması rəsmi şəkildə qadağan olunmalıdır. Bir forma müəyyənləşdirilməlidir, çox sadə bir daş. Bilirsiniz, dünyanın nümunəvi ölkələrində necədir. Çox sadə bir formada, standart qəbir daşı qoyulur. Biz elə bir millətik ki, öləndən sonra da insanlar arasında ayrı-seçkilik qoyuruq. Kimsə on-əlli minlik bahalı mərmərlər, kimsə yanında sadə, ucuz daş. Yəni öləndən sonra qəbiristanlıqda da insanları puluna, varına görə seçirik və belə bir vəziyyət mənəvi deqradasiyadır. Bu artıq dinə də, mənəvi dəyərlərə də, sosial münasibətlərə də tüpürməkdir. Bundan o yana heç nə yoxdur. Bunların dövlət bütün tərəflərini, xüsusi tənzimləmə, qanun formasında, bir qərar formasında tənzimləməlidir. Bütün dəfn mərasimi normalar əsasında müəyyənləşdirilməlidir. Hardan-hara, nədən-nəyə, çox sadə, minimum şəkildə hamıya aid, istər milyoner olsun, istər sadə, yoxsul insan olsun, heç bir fərq qoymadan standart yanaşılmalıdır.
Eyni zamanda, bu mərasim evləri ilə bağlı da bir tədbir görülməlidir. Mərasim evləri minimumlar müəyyənləşdirib ki, bu menyudan aşağı məclis təşkil etmək olmaz. Məsələn, tutaq ki, mən mərasimdə ehsan olaraq sadə çay, halva vermək istəyirəm. Halbuki dində deyilir ki, ehsanda hər şey, adi su da, çay da verə bilərsən. Amma mərasim evləri insanları məcbur edir ki, stolun üzərində minimum 15-16 cür nemətlər olmalıdır, menyuda bundan aşağı olmaz. Bax, bu tələb biabırçılıqdır və bunun da qarşısı alınmalıdır.
Ümumiyyətlə, artıq dediyim kimi, kompleks şəkildə müvafiq orqanlar  bu məsələyə əl qoymalıdır. Ciddi şəkildə, xüsusi bir qanun formasında, təlimatla və başqa nə formadasa bilmirəm, kompleks şəkildə bütün detallar  müəyyənləşdirilməli və Azərbaycanda tətbiq olunmalıdır. Hamıya, bütün vətəndaşlara standart, eyni tipdə yanaşma olmalıdır. Heç olmazsa bu dünyada, həyatda biz bunu edə bilmiriksə, sosial bərabərlik yarada bilmiriksə, insanlar öləndən sonra onun dəfn mərasimi, qəbir daşında bu ayrı-seçkiliyi etməmək lazımdır. Normal insani cəmiyyətin tələbi budur, amma hazırkı vəziyyət deyil".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31