Mətbuat Şurası "Azərbaycan media landşaftı üzrə məlumat bazası" layihəsi çərçivəsində növbəti konfrans keçirdi
9 Avqust 2024 13:16 SosialAzərbaycan Mətbuat Şurasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırılan "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" layihəsi çərçivəsində növbəti konfrans keçirilib. Tədbirdə jurnalistlər, redaktorlar, QHT təmsilçiləri iştirak ediblər.
Olaylar.az xəbər verir ki, konfransı giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid icra etdikləri layihənin mahiyyəti barədə məlumat verib və layihəni dəstəklədiyi üçün QHT Agentliyinə təşəkkürünü ifadə edib. MŞ sədri bildirib ki, Azərbaycan mediasının dinamik inkişafı onun mənzərəsini sürətlə dəyişir. "Azərbaycan media landşaftı üzrə məlumat bazası" bütün bu mənzərə barədə aydın təsəvvür yaradır.
MŞ-nin icra katibliyinin əməkdaşı İqar Tağıyev toplantı iştirakçılarını Şuranın "Presscouncil.az" saytında yaradılmış "Azərbaycanın media landşaftı" kateqoriyasında həyata keçirilmiş son yeniliklər haqqında məlumatlandırıb. İ.Tağıyevv saytda yer alan 5 kateqoriya haqqında iştirakçılara məlumat verib.
MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması"layihəsinin eksperti Müşfiq Ələsgərli çıxış edərək layihə çərçivəsində aparılan tədqiqatlar barədə danışıb. O, məlumat bazasında yerləşdirilən bir çox mövzuların Azərbaycanda ilk dəfə tədqiqata cəlb edildiyini diqqətə çatdırıb:
"2020-dən sonra "ChatGPT"nin mediaya təsiri genişləndi. "Süni intellekt dövründə medianın etik çərçivəsi" mövzusu Azərbaycanda işlənməyib. Bunu ilk dəfə Azərbaycanda tədqiqata cəlb etmişik".
MŞ təmsilçilərinin çıxışları bitdikdən sonra müzakirələr başlayıb. MŞ sədrinin müavini Səadət Məmmədova, İdarə Heyətinin üzvü Yadigar Məmmədli, Elşad Eyvazlı çıxış edərək, mövzu üzrə fikirlərini çatdırıblar. Toplantıda həmçinin, iştirakçıların sualları cavablandırılıb, təklifləri qruplaşdırılıb.