"Əkinçi" dən qalan böyük miras
22 İyul 2024 12:09 SosialƏsası dövrünün dahi mütəfəkkiri Həsən bəy Zərdabi tərəfindən qoyulan, Azərbaycanın ilk mətbu nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 149 il ötür. Qəzetin ilk nəşri 1875-ci ilin bu günündə işıq üzü görmüşdür. Cəmi 56 nömrəsi çapdan çıxmış "Əkinçi" qəzeti özündən sonra böyük miras qoymuş, bir-birinin ardınca milli-demokratik ruhlu qəzet və jurnalların nəşrinə təkan vermişdir.
Azərbaycan mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə, xüsusən torpaqlarımızın işğaldan azad edilməsinə öz böyük töhfəsini verib. Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynayıb. Jurnalistlərimiz Qarabağla bağlı tarixi həqiqətləri, o cümlədən işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini bu gün də yorulmadan davam etdirirlər.
Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyuldu. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əziz jurnalistlər, "Milli Mətbuat günü" münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə şərəfli və məsuliyyətli işinizdə hər birinizə böyük uğurlar arzulayıram!
Böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm!
İradə Sərdarova
Azərbaycan Dillər Universitetinin dosenti