Uşaqları bu cahilliyə sürükləmək heç bir cəmiyyətə xeyir gətirməyib...- ÖZƏL

"Aşura günü küçələrdə, ictimai yerlərdə baş-gözünə döyən əzadar uşaqları, qanını tökən gəncləri, başına palçıq yaxan insanları çox görürük".

Bu fikirləri sosioloq Lalə Mehralı Olaylar.az-a açıqlamasında bildirib:

"Tarixi unutmamaq, əslində yaxşı xüsusiyyətdir. İnsanlıq hansı çətinliklərdən, necə məşəqqətlərdən keçib, uşaqlar da bilməlidir. Lakin Xocalıda baş verənləri övladından gizlədən, onu öz yaxın tarixi barədə məlumatlandırmayan valideynlər əsrlər öncə baş vermiş hadisə barədə övladına müfəssəl məlumat verirsə, onu özü ilə məscidə aparıb əzadarlıq etməsi üçün şərait yaradırsa, burada bir yanlışlıq, bir səmimiyyətsizlik var.

Uşaqları bu cahilliyə sürükləmək heç bir cəmiyyətə xeyir gətirməyib. Təhsil yerinə xurafat yüklənən yaddaşları, tərtəmiz zəkaları, dümağ beyinləri heyfdir. Məscid həyətində başına, sinəsinə döyüb ağı söyləyən yeniyetmələrin və uşaqların görüntülərini izlədikdə ziyalı insanın keçirdiyi hiss heyfslənməkdir. Üst-başına palçıq çəkib var gücü ilə başına-gözünə döyən gəncləri, yeniyetmələri sosial şəbəkələrdə yayılan görüntülərdə ürəkağrısı ilə izləyir əksəriyyət. O uşaqlara dinin gözəlliyini, məşhur din xadimlərinin əməllərini və xidmətlərini, Peyğəmbər və imamların din uğrunda mübarizələrini, ruhi dünya, ruhi biliklər haqqında məlumat vermək yerinə cahilliyə sürükləmək kimə, nə qazandıracaq?

Başını, alnını xəncərlə kəsib qan axıdan insanlar səhvən həyati bir damarı kəsə bilər, kürəyinə zəncir döyən, başına qapaz endirən insanların hamısının sağlamlıq vəziyyəti yerində olmaya bilər. Aşurada bashabasda, ayaqaltında qalıb əzilən də az olmur hər il. Özləri bir yana, körpələrin alnını, başını kəsib qan axıdan qisim var. O körpələri ora aparan, incidilməsinə, zorakılığa məruz qalmasına göz yuman qadınlar, analar var. Övladının dərsini oxumamasından narahat olmayan, amma əzadarlıq etməməsindən narahat olan valideynlər var. Üstəlik bu mərasimlər zamanı uşaqların zərər görəcəyini, ayaq altda qala biləcəyini istisna etməyərək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31