Niyə DİM sertifikatı vətəndaşın təhsilini sübut və təsdiq edir?- ÖZƏL

"Azərbaycanda peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçirilir. Bu, o deməkdir ki, Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinə verdiyi təhsilə, mühasib diplomuna inam yoxdur. Bu həm də o deməkdir ki, Azərbaycan ali təhsil müəsisələrinin diplomları mövcud tələblərə görə keçərli deyil, yəni tanınmır və yalnız DİM sertifikatı vətəndaşın təhsilini sübut və təsdiq edir".

"Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib:

"Azərbaycan Elm və Təhsil Nazirliyi özünün ali təhsil müəssisələrinin diplomlarını tanımadığını sübut etməkdə davam edir. Müəllimlər, həkimlər, hüquqşünaslar, mühasiblər və sair ixtisaslı şəxslərin DİM-də yenindən sertifikatlaşdırılması məgər diplomların tanınmaması deyilmi? Qeyd edilənlər həm də onu sübut edir ki, ali təhsil müəssisələrində tələbələrə yüksək səviyyəli təhsil verilmədiyindən "sertifikatlaşdırma" məcburiyyətə çevrilib. Belədirsə, onda vətəndaşa niyə ikiqat əzab verilir? Bəlkə elə ali təhsil müəssisələrinin diplom müdafiəsi və təhsil prosesinin də imtahanlarını DİM keçirsin və sertifikatlaşdırmaya ehtiyac olmasın.
Nazirlər Kabineti bu məsələni köklü həll etmək niyyətindədirsə real addımlar atmalıdır. Sertifikatlaşdırma haqqında qərarlar Elm və Təhsil Nazirliyinin təyinatına, imicinə böyük zərbə vurur. Təhsilimizdə əsaslı dönüş olmazsa, tez bir zamanda Azərbaycan ali təhsil müəssisələrinin diplomlarının ali təhsil haqqında sənəd kimi tanınmayacağının elan olunacağını görəcəyik".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31