Biz gələcəyi onlara ərməğan edirik-İlqar Orucov- ÖZƏL
15 İyul 2024 10:58 Sosial""Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Viza Beynəlxalq Ödəmə Texnologiya şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı ilə bağlı məlumatlardan xəbərdaram. Məlumat üçün bildirim ki, Azərbaycanda xeyli əvvəlki illərdə ayrı-ayrı universitetlərin bu kimi təşəbbüsləri olub".

Bu fikirləri Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Olaylar.az-a açıqlamasında bildirib:
"Eyni zamanda, vaxtilə Gənclər və İdman Nazirliyinin belə bir təşəbbüsü var idi. O zaman bu təşəbbüsə biz də dəstək vermişdik. Hətta mən xatırlayıram, daha doktorantura pilləsində təhsil alanlar üçün bu imkandan yararlanmağın vacibliyini israr edirdim. Amma təbii ki, bu kimi vahid kart sistemi dünyanın müxtəlif ölkələrində var və fərqli ölkələrdə tələbələr üçün fərqli imkanlar yaradılır. Səbəb nədir? Tələbələr bilirsiniz ki, təhsil alan gənclər olduğu üçün onların maddi durumları, sosial qayğıları xeyli çox olur və eyni zamanda onlar qayğıya ehtiyacı olan həssas təbəqədir. Bu baxımdan da dünyanın fərqli ölkələrində bu kimi təşəbbüslər reallaşdırılır, tələbələrə vahid kart verilir. Onlar həmin kart vasitəsilə ayrı- ayrı iaşələr, ticarət müəssisələrində endirimlər əldə edirlər. Kitab mağazalarında endirimlər əldə edirlər. Kafe, restoranlarda həmin kart vasitəsilə endirimlərə malik olurlar. Hətta nəqliyyatda onların xeyli güzəştləri olur. Amma təəssüf edirəm ki, Azərbaycanda bu kimi sosial layihələr kənarda qalır. Mən Təhsilin İnkişafı Fondunun bu təşəbbüsünü alqışlayıram, dəstəkləyirəm Hesab edirəm ki, məhz Fondun Viza Beynəlxalq Ödəmə Texnologiya şirkəti ilə əməkdaşlığı çox əhəmiyyətlidir. Bu həssas qrupdan olan və qayğıya ehtiyac hiss edən təbəqə kimi tələbələrə ünvanlanmış sosial layihədir. Təhsilin İnkişaf Fondu hər zaman gənclərə yönəlik müsbət və yenilikçi təşəbbüslərlə çıxış edir. Hesab edirəm ki, bu da həmin təşəbbüslərdən biridir və ilkin olaraq doqquz universitetdə tətbiqi nəzərdə tutulan vahid tələbə kartı nə zaman yaradılacaq? Əlbəttə ki, mən bunu deyə bilmərəm. Hesab edirəm ki, bunun növbəti tədris ilinin yaradılması mümkündür. Burada zamanla bağlı məsələlər çoxdur. Çünki burada xeyli, həm də texniki məqamlar var. Ən azından hesab edirəm ki, 2024 -2025 tədris ilinə çatmasa belə, bunu 2024 -2025 tədris tədris ilinin ikinci yarısından tətbiq etmək, hesab edirəm ki, mümkün olar. Əlbəttə, burada universitetlərin iradəsi çox vacibdir.
Zeynəb Rzayeva