"VƏTƏN" qayıdır

2002-ci ildən başlayaraq, Rusiyada azərbaycan və rus dillərində həftəlik "Vətən" qəzeti nəşr olunmuşdur. "Vətən" Rusiyada yaşayan soydaşlarımıza eləcə də, Azərbaycanla maraqlanan geniş oxucu auditoriyasına ölkəmizin həyatı, tarixi, ədəbiyyatı, incəsənəti ilə bağlı xəbərlər, reportajlar və digər məlumatlar verirdi. 2007-ci ildə qəzet öz fəaliyyətini dayandırdı. Bu ildən başlayaraq, "Vətən" aylıq ictimai-kulturoloji dərgi formatında fəaliyyətini bərpa etdi və iyul ayında dərginin birinci sayı işıq üzü gördü. Dərginin bu sayında Azərbaycan ədəbiyyatının klassiki İmadəddin Nəsiminin, müasirlərimiz - Vaqif Sultanlı, Minəxanım Nuriyeva Təkəli, Eldar Əhədov, İlham Bədəlbəyli, Şahnaz Kamalın kiçikhəcmli əsərləri, general Polad Həşimova, Nobel mükafatı laureatı yeganə azərbaycanlı Bəxtiyar Siracova, tanınmış türkiloq-alim, Axərbaycan Respublikasının əməkdar elm xadimi Tofiq Məlikliyə, rəngkarlıqda yeni üslub - opalizm cərəyanının müəllifi məşhur rəssam Sakit Məmmədova həsr olunmuş esselər, şahmat üzrə qadınlar arasında Avropa çempionu Ülviyyə Fətəliyevaya, "Qarabağ" futbol klubuna həsr olunmuş məqalələr yer almışdır. Dərginin baş redaktoru Namik Murad, baş redaktor müavini Şahnaz Kamaldır. 
Hazırda Namik Murad Rusiyadadır. O, Rusiya Federasiyasının Mari El Respublikasının başçısı Yuri Zaytsevin dəvəti ilə 5-6 iyul tarixdə respublikanın paytaxtı Yoşkar-Ola şəhərindəTatar milli bayramı  Federal Sabantuyun fəxri qonağı olmuşdur. Bayram tədbirlərində Namik Murad həm də "Vətən" dərgisinin tanıtımı ilə məşğul olmuşdur. O, Mari El Respublikasının başçısı Yuri Zaytsevlə, Mari El Respublika hökumət başçısının birinci müavini Mixail Vasyutinlə və Mari-El Tatar icmasının rəhbəri Əmir Şakirovla görüşmüş, dərgi barədə məlumat vermişdir.
Rusiya səfəri çərçivəsində Namik Muradın növbəti görüşü Ulyanovsk şəhərində, Ulyanovsk vilayət qanunvericilik məclisinin deputatı, həmyerlimiz Gülağa Hüseynovla olmuşdur. 
"Vətən" dərgisini vatanjournal.com saytında oxumaq olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31