Vahid tələbə kartının yaradılması tələbələrə nə verəcək
12 İyul 2024 18:40 SosialAzərbaycanın dünya təhsil sisteminə inteqrasiyası
Vahid tələbə kartı nədir?
27 iyun tarixində Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə "VISA" beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacağını qeyd edib.
Bəs bu xüsusi imtiyazlar hansılardır? Bu sualı təhsil məsələləri üzrə ekspertlərə ünvanladıq.

Təhsil eksperti Cahid İmanlı:
-Vahid tələbə kartının yaradılması müsbət bir haldır. Hətta deyərdim ki, bu çox gecikmiş islahatdır, çoxdan yaradılmalı idi. Vahid tələbə kartının mahiyyəti ondadır ki, tələbələr müəyyən güzəştlər əldə etsinlər. Bu kartla tələbələrə nəqliyyatda, mədəni-təhsil kommersiya sektorunda müəyyən endirimlər nəzərdə tutula bilər. Kartın bir üstünlüyü də bank kartı funksiyası daşımasıdır. Bununla tələbələr bütün banklardan pul çəkərkən faizsiz nağdlaşdırma, eləcə də özəl sektorda müəyyən şirkətlərin məhsullarını alarkən faizsiz taksit və endirim hüququ da əldə edə bilər. Bu addım atıldıqdan sonra bir çox iaşə, servis, satış mərkəzlərinin özlərinə də vahid tələbə kartı layihəsinə qoşulması maraqlı olacaq. Beləliklə,bu da tələbələrin daha çox sosial-maddi güzəştlər əldə etməsinə səbəb olacaq.

Təhsil eksperti Elnur Aydın:
Vahid tələbə kartı sisteminin yaradılması tələbələr bir çox sahələrdə güzəştlərin edilməsi məqsədilə yaradılır.
Vahid tələbə kartı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondu və Viza Beynəlxalq Ödəmə Texnologiyaları Şirkətinin birgə layihəsidir.
Vahid layihə kartı layihəsi mərhələli şəkildə həyata keçirilərək ölkənin bütün alı təhsil müəssisələrinin tələbələrinə şamil olunacaq.
Vahid tələbə kartları bakalavrlara kəşbek, endirim və promokodlar vasitəsilə güzəştlər verəcək.
Kart həmçinin debet kart kimi də istifadə olunacaq.
Vahid tələbə kart sisteminə qoşulacaq partnyor şirkətlər nə qədər çox olarsa bir o qədər tələbələr daha çox şirkətdən endirimlər əldə edə biləcək.
Vahid tələbə kart sistemi bir çox inkişaf etmiş ölkələrdə tətbiq edilir.
Təhsilalanlar sistemin yaratdığı imkan və güzəştlərdən istifadə edərək xərclərini azalda və ya minimallaşdıra biləcək.
Vahid tələbə kartı sistemi çox funksiyalı sistemdir, mütərəqqi sistemdir və tələbələr üçün endirimlər və güzəştlərin cəmləşdiyi vahid toplu sistemi rolunu oynayacaq.

Təhsil eksperti Kamran Əsədov:
-İlk növbədə qeyd edim ki, hazırda ölkənin 51 təhsil müəssisəsində 187 min, 54 orta ixtisas təhsil müəssisəsində isə 60 minə yaxın tələbə təhsil alır. Etiraf edək ki, tələbələr gündəlik həyatlarında müxtəlif kartlardan istifadə edirlər: həm tələbə bileti, həm metro kartı, həm də digər ödəniş vasitələri və s. Vahid tələbə kartının yaradılması müxtəlif istiqamətlərdə istifadə olunacaq əməliyyatları özündə əks etdirən bir platforma olacaq. Tələbələrə veriləcək vahid tələbə kartı onların yeraltı və yerüstü nəqliyyatda, bank əməliyyatlarında və s. istifadə etdikləri kartı həm də tələbə kartı kimi istifadə etməyə imkan verəcək. Həmçinin onun yaradacağı müsbət istiqamət ondan ibarətdir ki, tələbələr müxtəlif ictimai iaşə obyektlərində, kafe və restoranlarda, kitab satış yerlərində endirimlərdən yararlana biləcəklər. Dünyanın müxtəlif ölkələrində vahid kart istifadə olunur. Bu həmçinin tələbələrin ictimai nəqliyyatdan gələcəkdə güzəştli istifadəsinə də gətirib çıxaracaq amildir. Bu çox yaxşı haldır, tələbələrə geniş imkanlar və imtiyazlar verəcək bir platformadır. Çünki hal-hazırda tələbələrimizin hansı ictimai iaşə obyektlərindən istifadə etdiklərini bilmirik. Bu bizə imkan verəcək ki, tələbələrin daha çox istifadə etdiyi istiqamətlərdə onlara dəstək verə bilək. Həmçinin ən vacib məqamlardan biri bir kartda müxtəlif istiqamətlərdən istifadəyə imkan verilməsidir. Bəzən tələbələr müxtəlif kartları unudurlar və yaxud bir kart hər yerdə keçicilik funksiyasına malik olmur. Bu platforma imkan verəcək ki, tələbələr bundan rahatlıqla istifadə edə bilsinlər. Qardaş ölkə Türkiyədə buna "yaşıl kart" da deyirlər. Tələbələrə ictimai nəqliyyatda, kitab satış yerlərində və yaxud tələbələrin fəaliyyətini artıran sahələrdə güzəştlər tətbiq edilə bilir. Hesab edirəm ki, bu yaxşı bir nəticəyə gətirib çıxaracaq və Azərbaycan tələbələri vahid bir platformada birləşə biləcəklər. Həmçinin müxtəlif şirkətlər də maraqlı olacaq ki, böyük tələbə kütləsinə birbaşa çıxış əldə etməkdən ötrü onlara rahatlıqla endirimlər təklif edə, xidmətlər göstərə bilsin. Ümumilikdə 250 minə yaxın şəxsin vahid platformada birləşdirilməsi tələbələrə olduqca müsbət köməklik göstərəcəkdir. Bəzən tələbələr yaşları 18 olmadığı üçün banklardan kartlar əldə edə bilmirlər və valideynlər onlara pul göndərməkdə, digər maliyyə mübadilələrində problem yaranır. Amma vahid kart həm də onlara bank kartı funksiyasını yerinə yetirməyə imkan verəcək. Bu artıq Azərbaycan ali təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına öz müsbət təsirini göstərəcəkdir.

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu:
-Vahid tələbə kartı təhsilalanlara xüsusi imtiyazlar təqdim edəcək. Bunu tələbələrinin sosial-maddi rifahının yaxşılaşdırılması istiqamətində atılmış addım kimi qiymətləndirmək olar. Vahid bir kartdan istifadə olunması, tələbələrin bütün xidmət sahələrində endirimlərdən istifadə eləməsi yaxşı hal olacaq. Bu hal beynəlxalq təcrübədə də var və müsbət nəticələr verib.
Bu kartdan endirimli şəkildə müxtəlif istiqamətdə istifadə edilə biləcək. Restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda, eləcə də ictimai nəqliyyatda istifadə mükün olacaq. Bununla bağlı müvafiq işlər görülür. Həmin kart vasitəsilə tələbə universitetə girib-çıxa, ondan debet bank kartı kimi yararlana və eləcə də tələbə təqaüdünü alacaq. Tələbələr digər bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər.
Zeynəb Rzayeva