Xarici görünüş və estetik əməliyyata gedən yol...

Qadınlarda xarici görünüş və estetikaya verilən önəm tarixin hər dövründə yüksək olmuşdur. Bu vəziyyət qadın təbiətinin bir hissəsidir və nə problem, nə də zəiflik əlamətidir. Əksinə, qadının öz  xarici görünüşünə, estetik vəziyyətinə biganə və laqeyd yanaşması  psixoloji problemin olduğuna dair mühüm işarədir.
Estetik aludəçilik və ya vəsvəsə deyə biləcəyimiz vəziyyət qadın təbiətinin adi estetik ehtiyac və axtarışlarından kənarda çox problemli bir vəziyyət kimi ortaya çıxır. Son zamanlarda, texnoloji inkişaflar və estetik əməliyyatların asanlıqla əldə edilə bilən və əlverişli olması ilə, insanlar fürsət düşdükcə bu əməliyyatlara üz tutmağa başladılar. Plastik əməliyyat etdirən qadınların və gənc qızların sayı günü-gündən artır. Bir xəstəlik və ya anadangəlmə xəstəliklərə görə fiziki problemləri aradan qaldırmağa çalışan estetik cərrahiyyə, son illərdə funksionallığı pozmayan və fiziki sağlamlığa təsir göstərməyən hallarda belə istifadə edilir. Bu cəhdlərin ümumi səbəbi qadının özündən və ya bədəninin bir hissəsindən narazı olmasıdır. Bu narazılığın altında yatan özünü bəyənməmək, özünə güvənməmək kimi psixoloji halların diqqətdən kənarda qalacağına və bədəndə estetik dəyişikliklər edildiyi zaman insanın xoşbəxt olacağına və özünü yaxşı hiss edəcəyinə inanılır.
Psixoloq Zarina Nuriyeva bildirir ki, təəssüf ki, günümüzdə sağlıqlı yollar olduğu halda belə, estetik əməliyyatlara üz tutulur:
"Məsələn, "liposuction" yəni bədənin müəyyən yerlərindən yağların çıxarılması ən çox görülən estetik əməliyyatlardan biridir. Sağlamlığa heç bir təhlükə olmadığı və alternativ üsullarla arıqlamaq mümkün olduqda belə bu üsul tez-tez istifadə olunur. Bu cür problemlərin arxasında əsasən özünə inamsızlıq və qida asılılığı kimi psixoloji amillər dayanır. Aşağı dözümlülük həddi və impulsiv nəzarətsizlik kimi psixoloji faktorlar insanın yemək davranışını tənzimləmək və ideal çəkisinə çatmaq üçün ağlabatan addımlar atmamasına səbəb olur. Ən böyük problem insanların əsas problemlərin fərqində olmaması, problemin yalnız çəki və görünüşlə bağlı olduğuna özlərini inandırmaları, əməliyyatdan məmnun qalacaqlarına sarsılmaz inam bəsləmələridir.
Bədəninin hər hansı bir yerindən narazı qalan, buna aludə olan, plastik əməliyyata müraciət edən hər qadın bədən dismorfik pozğunluğu yaşayır. Çox vaxt insanlar narahatlıq, depressiya, obsesyon kimi psixoloji problemlər səbəbindən bədənlərinin hissələrinə həddindən artıq həssaslıq inkişaf etdirirlər. Bədənlərinə qarşı həddindən artıq həssas olan bu insanlarda ən çox gördüyümüz əsas problemlər depressiya və narahatlıq pozğunluqlarıdır. İnsan xoşagəlməz hissdən xilas olmaq üçün estetik dəyişikliyə can atır. Çox vaxt insan bunun fərqində olmur və fiziki dəyişikliyin əsl ehtiyac olduğuna inanır və bu dəyişiklik baş verdikdə xoşbəxt olacağını düşünür. Plastik əməliyyatdan sonra ya dərin bir məyusluq və yeni görkəmə alışa bilməmək olur, ya da insan qısa müddət ərzində dəyişikliyə görə özünü yaxşı hiss etsə də, sonra yenidən pis hiss edir və yenidən plastik cərrahiyyəyə müraciət edir və ya həyatındakı digər vəziyyətlərdən narazı olmağa başlayır. 
Bədən dismorfik pozğunluğu daha çox böyümə dövründə, yəni yetkinlik dövründə və ya yeniyetməlik dövründə başlayır. Yeniyetmələr, oğlanlar və qızlar bu dövrdə öz fiziki inkişafı ilə son dərəcə maraqlanırlar. Bu dövrdə yeniyetmələrdə gözəlliyə diqqət başlayır. Əgər yeniyetmənin yaşadığı cəmiyyət inkişaf etmiş ölkələrdə olduğu kimi arıqlığa, fiziki gözəlliyə və estetikaya həddindən artıq aludə olarsa, insanın dövrünün fiziki qayğıları daha da obsesif olur. İnsan davamlı olaraq özündə qüsurlar tapmağa, özünü bəyənməməyə, evdə özünü təcrid etməyə başlayır. Bundan əlavə, bu dövrdə orta məktəb yaşlı yeniyetmələr bir-birinin fiziki xüsusiyyətlərini ələ salmağa çox meyllidirlər. Əgər insan dəfələrlə belə hallarla qarşılaşırsa və bu dövrü mütəxəssisdən kömək almadan keçməyə çalışırsa, bu dövrdə və ya gələcək həyatında bədənini qavramaqda ciddi problemlər yaşaya bilir və bədən dismorfik pozğunluğu yaranır.
Şəxsiyyət quruluşu ilə bədən dismorfik pozğunluğu arasındakı əlaqəyə nəzər saldıqda klinik müşahidələr göstərir ki, obsesif, vasvası, daim öz bədənini yoxlayan, özünə güvənməyən, pessimist və müxtəlif psixoloji konfliktlərdə olan insanlarda bu xəstəlik var. 
İstər depressiya, obsesif xəstəlik, anksiyete pozğunluğu kimi psixoloji problemlərdən qaynaqlanan bədəndən narazılıq, bədən qavrayışının qismən pisləşməsi və bunu əməliyyatla dəyişdirmək üçün güclü istək və ya bədən dismorfik pozğunluğu olan xəstənin güclü istəyi ilə bədənində dəyişiklik etməsi problemi tamamilə psixolojidir. Cərrahiyyə əməliyyatı əsas problemi aradan qaldırmır, travmatik təsir yaradır və yeni problemlər yaradır. İnsanlar dəfələrlə cərrahiyyə əməliyyatına girirlər, amma heç vaxt da razı qalmırlar. Hər cəhddən sonra vəziyyət daha da ağırlaşır. Ağır depressiyaya və intihara səbəb ola biləcək təhlükəli nəticələrlə qarşılaşma riski artır. Bu səbəbdən plastik əməliyyat etdirmə istəyinin arxasında psixoloji səbəblər olduğu halda, həmin şəxsin yaxınları və plastik cərrahlar bu mövzuda çox diqqətli və məsuliyyətliolmalıdırlar. Şübhəli hallarda psixiatrdan kömək istənilməlidir. Əks halda, dönməz faciələr baş verə bilir.
Münasibətlərdə yaranan problemlər də qadınların plastik əməliyyatlara üz tutmasına səbəb olur. İndiki vaxtda evliliklər yenə də həyatın gərginliyi üzündən çətin günlər keçirir və onların əksəriyyəti daim sarsıdıcı vəziyyətdədir. Cütlüklərin yaşadıqları münasibət problemləri həll olunmadıqda diqqət başqa insanlara yönəlir və aldatma baş verir. Bu vəziyyət son vaxtlar daha da artmaqdadır. Problemlərin yaşandığı, həll edilməmiş problemlər də qadınların gözəllik salonu, idman zalı və estetik mərkəzlərinə normaldan daha çox getməsinə səbəb olur. Son illərdə plastik əməliyyatlar daha çox gözə çarpan və asanlıqla alındığı üçün həyatlarından və evliliklərindən narazı olan qadınlar çarəni özbaşına plastik əməliyyatlarda axtarırlar.
Problemli bir əlaqədə olduqları və yaxud aldadılmaqdan narahat olduqları zaman estetik dəyişikliklər axtaran qadınlarla yanaşı, yanlış rəftar və davranışları və ya narahatlıqları olan kişilər də qadınların estetik həvəsinə düşməsinə səbəb ola bilər. Bəzi kişilər arvadının bədəninin bir və ya bir neçə nahiyəsinə fiksasiya edir və bu məsələni daima obsesif şəkildə gündəmdə saxlayır və ya lağ mövzusuna çevirir. Bəyənilmədiyini düşünən qadın sonda çarə olaraq plastik əməliyyata əl atır. Lakin bu zaman əsas problem, yəni həyat yoldaşları arasında münasibət problemi həll olunmadığından əməliyyat qısa müddətli rifah hissini təmin etsə də, adətən belə deyil, problemlər və həyat yoldaşları arasında problemlər yenə də davam edəcək. Əsas problem həll edilmədiyi üçün əməliyyat keçirən bir çox qadın dəyişikliklə kifayətlənmir, həddindən artıq peşmanlıq hissi keçirir və yaxud özünə yadlaşma və depressiya kimi daha böyük problemlər yaşayır.
Bədən dismorfik pozğunluğu, depressiya, anksiyete pozuqluğu, obsesyonlar kimi psixoloji sıxıntılar, cütleklər arasındakı problemlər kimi təməl problemlərin qadınlarda çox güclü estetik dəyişikliklər etmək istəyi yarada biləcəyini bilirik. Şiddətli estetik dəyişikliyə ehtiyac yaradan bu problemlərin aradan qaldırılması qadınların estetik əməliyyatdan sonra lazımsız maddi sıxıntılara düşməsinin, ciddi xəyal qırıqlığı yaşamasının və travma almasının qarşısını alacaq, psixoloji sıxıntının yaratdığı fərdi, münasibət və cinsi problemləri aradan qaldıracaq. Qadınlar müxtəlif səbəblərdən yaşadıqları psixoloji sıxıntı səbəbilə özlərində qüsurlar axtarmağa başlayırlar və bu qüsurların həlli yolunu da plastik əməliyyatlarda görürlər. Bu zaman onların əsas problemlərə aludəçilik və narahatlıq problemləri də əlavə olunur və psixoloji sıxıntının səviyyəsi dəfələrlə artır. Edilməsi lazım olan, problemlərin altında yatan mənbələrin aradan qaldırılmasının zəruriliyi ilə bağlı qadınlar arasında məlumatlılığın artırılması, cütlüklərin və ailələrin lazımi məsləhət, psixoterapiya və psixiatr dəstəyindən faydalanmalarına istiqamət verməkdir".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31