«Dərələyəzim» əsəri Topkapı sarayında

Azərbaycanın tanınmış dekorativ tətbiqi sənət ustaları, Azərbaycan Rəssamlar İttifaqı ının üzvləri, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin qurucuları Lalə, Toğrul və İsgəndər Sərdarlıların İstanbul səfəri uğurla başa çatmışdır. Böyük Türk dünyasının milli mənəvi dəyərlərini formalaşdıran zəngin mədəni irsinin, el sənətləri ənənələrinin təbligi ilə bağlı nəzərdə tutulan işgüzar səfər zamanı müxtəlif platformalarda faydalı müzakirələr aparılmış, əhəmiyyətli görüşlər keçirilmişdir.Bu görüşlərdən ikisi Sərdarlı ailəsi üçün daha əlamətdar olmuşdur. Belə ki, Türkiyədə, eləcə də digər ölkələrdə kifayət qədər nüfuz qazanmış Mərmərə Qrupu Vəkfinin qurucusu doktor Akkan Suver Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Türkiyədə ilk dəfə gerçəkləşdirəcəkləri layihəyə ugurlar diləmiş, xeyir dua vermiş, gələcəkdə iki təşkilat arasında uyğun işbirliyinin qurulmasının əhəmiyyətindən danışmışdır. Türkiyənin ən önəmli məkanlarından biri sayılan, dünyaca məhşur Topkapı sarayındakı T.C Cumhurbaşkanlığı Milli Saraylar İdarəsi Topkapı Sarayı Dairə Başkanı İlhan Kocamanla keçirilən görüş isə Azərbaycanın mədəniyyət tarixində yadda qalan hadisələrdən biri sayıla bilər. Azərbaycan sənət ustalarının  yaradıcılığı ilə yaxından tanış olan başkan bildirmişdir ki, Sərdarlılar ailəsinin əsərlərini görüncə həqiqətən necə böyük sənətkar olduqlarını fərq etdik. Qərara gəldik ki, ölkəmizin ən önəmli məkalarından biri olan Topkapı sarayında bu nadir əsərləri uyğun bir yerdə, uyğun şəkildə ziyarətçilərimiz üçün sərgiləməni gerçəkləşdirək. Biz hər zaman söyləyirik ki, Türk mədəniyyətinin qaynağı şərqdən başlamışdır. Oradan gələn mədəniyyət günümüzdə somucunu Topkapı sarayında yansıtmışdır. Bizim eyni kökdən olduğumuz kimi mədəniyyətimiz, ənənələrimiz, dəyərlərimiz də ortaqdır. Azərbaycan üçün hər zaman söylədiyimiz iki dövlət tək millət anlayışı da bu əsərlərdə özünü göstərməkdədir. Azərbaycandan bura gələn sənətkarlardan ibarət Sərdarlı ailəsini bu məkanda müsafir etməmiz bizim üçün böyük şərəfdir.

İsgəndər Sərdarlı, ailəsi adından isti qəbula, qonaqpərvərliyə, sənət və yaradıcılıqlarına göstərdikləri yüksək sayğı və diqqətə görəTürkiyə dövlətinə, Milli Saraylar Başkanlığına, şəxsən İlhan Kocamana dərin təşəkkürlərini bildirdi. Lalə Sərdarlı da öz növbəsində Qeyri Hökumət Təşkilatı rəhbəri olaraq Topkapı Sarayı ilə yaranan əməkdaşlığın yeni əsərlərin yaranmasına, burada qorunan zəngin mədəni irs nümunələrinin təbliğinə tohvə verəcəyini bildirdi. Sonda İlhan Kocaman Topkapı sarayı adından qonaqlara Türkiyə sənətçisi tərəfindən xüsusi qaydada hazırlanmış əl işini hədiyyə olaraq qonaqlara təqdim etmişdir.

Sərdarlı ailəsi bütövlükdə İstanbul səfərinin olduqca əhəmiyyətli, Azərbaycan mədəniyyətinin, eləcə də vətəndaş cəmiyyətinin inkişafına töhvə verə biləcəyindən çox məmnun olduqlarını bildirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31