İşəgötürənlər əmək qanunvericiliyindən sui-istifadə edirlər- ÖZƏL
20 İyun 2024 12:54 Sosial"Son dövrlər dövlət qurumları da daxil olmaqla bəzi işəgötürən təşkilatlar münasibəti pozulmuş işçini Əmək Məcəlləsinin 70-ci maddəsi, xüsusən də "ç" bəndi ilə, yəni "işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;" - göstərilməklə bir tərəfli qaydada əmək müqaviləsinə xitam verir. Əmək Məcəlləsinə uyğun olaraq öz hüquqlarını tələb edən işçiyə qarşı ƏM-nin 70,72-ci maddələrinin bəndlərinin "qisas" məqsədi ilə tətbiq edilməsi də müşahidə olunur". "Olaylar" xəbər verir ki, bunu deyən Hüquqşünas Vüqar Dadaşovun sözlərinə görə, Əmək Məcəlləsinin 70-72-ci maddələrində göstərilən bəndlərin təsir müddəti olmadığından, işçi-vətəndaş konkret olaraq konstitusiyon hüququndan, yəni işləmək, əmək fəaliyyəti hüququndan "ömürlük həbs" kimi məhrum edilir:
"Faktiki olaraq, ƏM-nin 70-ci maddəsinin, xüsusəndə "ç" bəndi vətəndaşdan işləmək hüququnu əlindən alır. Barəsində ƏM-nin 70,72-ci maddələri tətbiq edilmiş şəxslər hüquqi məlumatsızlıq, ailə-məişət və maddiyyat səbəbindən hüquqlarının bərpası üçün prosesual müddətləri buraxdığından məhkəmələrə müraciət edə bilmir, ən əsası isə məhkəməyə müraciət etdikdə belə, ƏM-nin 70, 72-ci maddəsinin bəndlərinin təsir müddətinin və konkretləşməsinin olmadığına görə məhkəmələr vətəndaşın "işləmək hüququnu" bərpa edə bilmir. Nəticədə də vətəndaş ömürlük işsiz qalır, ona görə ki, ƏM-nin 70, 72-ci maddələrinin bəndləri ilə "ömürlük ləkələnmiş" işçini heç bir təşkilat işə götürmür. Deməli, işəgötürən öz işçisini ƏM-nin 70,72-ci maddələrini tətbiq etməklə onu konstitusiyon hüququndan məhrum etməklə ömürlük cəzalandırır.
Növündən asılı olmayaraq işəgötürən təşkilatın işçisini özünə müthi və qul şəklində tabe etməyə imkan verən bu normalar əslində işçini ƏM-nin 70,72-ci maddələri ilə işdən azad ediləcəyi qorxusuna və həmin bəndlərin müddətsiz təsir imkanına söykənir. Həm də ƏM-nin 70,72-ci maddələri işçiyə psixoloji təsir vasitəsidir.
ƏM-nin 70, 72-ci maddələrinin bəndlərinin müddətsiz tətbiqi əhalinin məşğulluğuna, ölkədə sosial-iqtisadi vəziyyətin yaxılaşmasına, dövlət büdcəsinə vergi daxilinə, dövlət-vətəndaş münasibətinə mənfi təsir edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 72-ci madələrunin bəndlərinin təsir müddətinin müəyyən edilməsi ilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi mütləq zərurətdir".
Alim Hüseynli
Olaylar.az