Cəmiyyət ayıq-sayıqlığını, media peşəkarlığını itirməməlidir- ÖZƏL

"İnformasiya  axtarışı,  məlumat yeniliyi media üçün təbii və normal haldır.  Acınacaqlı hal odur ki, təxribat toruna düşəsən. Bir neçə gün öncə  Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Ceyhun Tofiq oğlu  Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşməsi xəbəri yayıldı. Bəzi media quruluşları  hərbçimizin Ermənistana azaraq keçdiyini və həmin ölkənin teleqram kanallarına istinad edərək orada həbs olunduğunu yazımışdı. Qısa zaman kəsiyində həmin media resursları verdiyi  məlumatları təkzib etməyə cəhd göstərdilər. Sonradan Müdafiə Nazirliyi məlumat yayaraq bildirdi ki, əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi  Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilib".

"Olaylar" xəbər verir ki, bunu deyən ekspert Əkrəm Bəydəmirlinin sözlərinə görə, kifayət qədər mürəkkəb mexanizm olan hərb sistemində gözlənilən və gözlənilməyən hadisələrin baş verməsi mümkündür: "Heç şübhəsiz ki, Ermənistanda informasiya təxribatı ilə məşğul olan qurumların fəaliyyəti davam edəcək. Onlar mütəmadi olaraq Azərbaycan media gündəminə soxulmaq üçün davamlı çalışırlar. Və bir çox hallarda buna nail olurlar.  Belə təxribatlarla məşğul olan erməni kimin tərəfindədir?  Paşinyançıdır, revanşistdir, onlar kimdir?  Bu bizi əsla maraqlandırmamalıdır. Çunki bunların toplum olaraq  hədəfləri çox vaxt bəlli olur. Ən vacibi  isə odur ki, ermənilərin informasiya təxribatı Azərbaycan mediasının gündəmini zəbt etməməlidir. İndi və hər zaman bu ölkədə baş verən bütün prosesləri izləmək çox zəruridir. Amma, lakin qorxulu odur ki, informasiya təxribatının toruna düşəsən. Ona görə, cəmiyyət ayıq-sayıqlığını, media peşəkarlığını itirməməlidir". 

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31