Hər hansı bir din xadimindən əl boyda bir kağız alırlar
7 İyun 2024 15:27 SosialMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Sədaqət Vəliyeva bildirib ki, rəsmi nikah olmadan molla kəbini kəsilməməlidir.
Deputat deyib ki, əvvəl bu məsələdə mollalar, din xadimləri ciddi riayət edirdilər: "Rəsmi nikah olmadan kəbin kəsilmirdi, amma indi bu hallar yaşanır. Rəsmi nikah olmadan kəbin kəsən din xadimləri cəzalandırılsın. Bu məsələyə nəzarət artırılmalıdır".
Mövzu ilə bağlı sosioloq Lalə Mehralının fikirləri aldıq:
-Dövlətin verdiyi rəsmi nikah şəhadətnaməsini görmədən heç bir din xadimi dini nikah əqdini bağlamamalıdır. Konkret olaraq belə işləsələr, ölkədə azyaşlıların nikahı, qanundankənar nikah məsələləri nisbətən nizama düşər. Gəlin görək hansı din xadimi dini nikahı kəsəndə tərəflərin rəsmi nikah şəhadətnaməsini tələb edib ona baxır və əmin olduqdan sonra kəbini kəsir? Belə din xadimi demək olar ki, yoxdur. Əgər olsaydı bu qədər tənqidin qarşısında çıxıb bir açıqlama verərdi. Deputat xanım doğru deyir, amma bir az gec deyir. Bu barədə çoxdan məsələ qaldırmaq, müzakirəyə çıxarmaq lazım idi. Nikahdan kənar bu qədər uşağın doğulması, vətəndaş nikahında yaşayan cütlüklərin ildən-ilə artmasının kökündə elə məhz bu məsələ dayanır. Hər hansı bir din xadimindən əl boyda bir kağız alırlar və bu da onların evlilik şəhadətnaməsi olur. Dövlət, qanunlar bunu tanımır. Sabah övladları olan zaman bu sənədin heç bir hüquqi əsası yoxdur ki, o uşağa doğum haqqında şəhadətnamə ala, sənədlərini qaydaya sala bilsinlər. Maarifləndirmə nikaha girməyə hazırlaşan tərəflər, din xadimləri arasında, bu istiqamətdə aparılmalıdır ki, rəsmi şəhadətnamənizi əlinizə almadan heç bir halda din xadimindən kəbin kəsməyi xahiş etməyin. Din xadimləri də bunu etməməlidir. Hətta bunla bağlı ciddi tədbirlər görmək lazımdır. Bu sayədə məsuliyyətlərini anlasınlar ki, bunu etmək dövlətin qayda-qanunlarına ziddir.
Zeynəb Rzayeva, Olaylar.az