Məktəbli gəzintiyə gedəndə...

"Google" axtarış bölməsində "məktəb gəzintisi" yazdığımız zaman qarşımıza xeyli materiallar çıxır. 
Görünür ki, şagirdlər də düşərgəyə, gəzintiyə, ekskursiyaya, zooparka kollektiv şəkildə getməkdən zövq alırlar. Yoldaşları ilə birgə fərqli işlərlə məşğuliyyət onların həm dünya görüşünü formalaşdırır, həm də  dərs yükündən uzaqlaşdırır. Ölkəmizdə bu kimi fəaliyyətlər daha çox dərs ilinin sonuna doğru həyata keçirilir. Ancaq, dərs ilinin müəyyən dövrlərində bir neçə dəfə bunu təkrarlamaq olduqca gözəl nəticələr verir. 
Xarici təcrübədə bu cür fəaliyyətlər 10-16 yaş qrupuna aid olaraq universitet təcrübəsi ilə həyata keçirilir. "Yay məktəbi" təcrübəsi onlar üçün əyləncə, öyrənmək, inkişaf etmək deməkdirsə, bizim üçün kəsrləri düzəltməyə çalışmaq deməkdir. Ölkəmizin təcrübəsində nəinki məktəb şagirdlərinə, universitet tələbələrinə belə bu cür imkanlar yoxdur. Əlavə məşğuliyyət olmadığı üçün də öyrənilənlər geridə qalan semestrlə birlikdə unudulub gedir. Təhsil Nazirliyinin dəstəyi ilə bir neçə düşərgə təşkil edilsə də, onların sayı yetəri qədər deyil. Valideynlərdə də bir çox hadisəyə görə inamsızlıq yaranıb. Onlar, övladlarını təkbaşına düşərgəyə göndərmək istəmir. Bu məqamda şagirdlərin maarifləndirilməsindən daha önəmli şey onların təhlükəsizliyinin təmin edilməsidir. 
İnkişaf etmiş ölkələrdə bir qayda olaraq yay tətili proqramı uşaqların sağlamlığına müsbət təsir göstərməlidir. Onların yay tətilini yaxşı keçirməsi, yeni dərs ili üçün daha yaxşı nəticələr deməkdir. Bunlar hamısı xaricdə keçirilən yay tətilinin əvəz olunmaz xüsusiyyətidir. Ümumiyyətlə, Avropada, xüsusilə İsveçrədə ən yüksək təhlükəsizlik sistemi mövcuddur. Yay tətili ərzində hava şəraiti uşaqların müxtəlif sosial fəaliyyətlərlə məşğul olmasına imkan yaradır. Yay düşərgələrinin çoxu ABŞ, Kanada və Böyük Britaniyada yerləşir. Bir qayda olaraq onlar məktəb, kollec və universitetlərin nəzdində fəaliyyət göstərir. ABŞ, Kanada və Böyük Britaniya universitetlərinin çoxunun daxilində tələbə yataqxanaları mövcuddur. Uşaqların xaricdə yay tətilini keçirməsi demək olar ki, ən ideal seçimdir. Təəssüf ki, ölkəmizdən nadir hallarda valideynlər övladlarını xaricə-yay tətilinə göndərə bilirlər. Bu həm çoxlu vəsait, həm də, inam tələb edir. 
MDB ölkələrinin də bir çoxu SSRİ dövründən qalan bu ənənəni davam etdirməkdədir. Bunlar təkcə Avropa təcrübəsinə dayanmır. Bir çoxlarımız ata-anamızdan bu haqda maraqlı xatirələr eşitmişik. Məktəbli turları - səyahətlər, ekskursiyalar onların bütün həyatı boyu xatırlanır.  Sosial inkişafla bərabər psixoloji inkişaf da özünü mütləq şəkildə göstərir. 
Ölkəmizdə yay tətili, məktəb gəzintisi deyəndə ağıla nə gəlir?
Bir çox hallarda avtobus təşkil edib, hansısa rayona yollanmaq, yaxşı bir yerdə maşını saxlayıb sərinləmək, kabab çəkmək və həmin gün evə qayıtmaq... Təəssüf ki, bir çoxlarımız üçün yay tətili bundan ibarət idi, övladlarımız üçün də eynisi olmağa davam edir. Yolboyu tum çırtlamaq, bayağı mahnılarla əylənmək isə valideynlərin ən sevdiyi üsuldur. Təşkilatçılıq və rəsmi icazə olmadığı üçün valideynlər də övladları ilə birlikdə "gəzintiyə" yollanır. Bir neçə məktəb direktoru  bu tip gəzintilərə icazə vermədiyi üçün  müəllimlər "məktəbin qarşısında yığışmamaq" kimi üsullara əl atırlar. Belə olan halda bir çox valideyn övladını təkbaşına buraxmaq istəmir. Nəticədə ortaya məktəb yox, valideyn gəzintisi çıxır.
Azərbaycan hər daşı-qayası tarix olan məmləkətdir. İstənilən bölgənin tarixi zəngindir. Ancaq müəllimlər və şagirdlər bunları öyrətmək və öyrənmək yerinə, gəzib-görmək yerinə kabab bişirməyi, valideynlər isə boş söhbətlər etməyi sevirlər. İşin içində həm öyrənmək, həm də  əylənmək olmalıdır. Deməli, məktəbli gəzintiləri rəsmi şəkildə nazirlik tərəfindən təşkil edilmədikcə, belə olmağa davam edəcək. Kəmiyyət məsələsi də burada böyük rol oynayır. 20-30 nəfər şagirdin 1 müəllim və bir neçə valideynlə gəzintiyə getməsi idarəetmədə böyük problemlər yarada bilər. Azərbaycanın tarixi olduğu qədər heyvanlar aləmi və relyefi də zəngindir. İstirahət üçün maşın yolundan, meşəlik ərazidən kənarda dayanmaq vacibdir. Bu cür yerlərdə xəbərsiz hərəkət etməyi sevən yeniyetmələr yollarını itirə, dağdan yıxıla, suda boğula bilər. Bu cür təhlükələrdən qorunmaq üçün isə ən vacibi öncədən maarifləndirmə işidir. Yeniyetmələr onları gözləyən təhlükədən xəbərdar olmalıdırlar.  
Yaxın günlərdə məktəbli gəzintilərindən birində 6-cı sinif şagirdi avtomobil vurması nəticəsində həyatını itirdi. Bu, bədbəxt hadisədir. Faciənin altında müəllim, valideyn nəzarətsizliyi, maarifləndirmə işinin zəif olması yatır. Həm də biz hər zaman nəzərə almalıyıq ki, sürücülərimiz maşını mükəmməl idarə etmir. Bəzi işlərdə isə qənaətbəxş olmaq yox, mükəmməl olmaq şərtdir. 
Problemlə bağlı fikirlərini ekspertlər "Olaylar"-a danışıb:

Sosioloq Elçin Bayramlı:

-Bu bədbəxt hadisədir. Təəssüf ki, belə bir hadisə baş verib. Ancaq, bu o demək deyil ki, məktəblilər harasa gəzintiyə, ekskursiyaya aparılmamalıdır. Əksinə daha çox aparılmalıdır. Hadisədə müəllim və nəzarətçilərin məsuliyyətsizliyi olub. Əvvəllər qaydalar başqa cür idi. Təlimatlar var idi. Şagirdləri kollektiv şəkildə harasa aparanda saydan asılı olaraq, ən az 2 və 4 nəzarətçi olurdu. Onlar dəstənin başında və axırında dayanaraq, yolda hərəkəti tənzimləyirdilər. Ola bilsin, onlar bunu edə bilməyib. Bu o deməkdir ki, məsələyə diqqət ayrılmalıdır. Məktəblər işi qaydasında təşkil etməlidir. Təhlükəsizlik qaydalarına riayət edərək, uşaqları təlimatlandıraraq, marşrutu düzgün seçərək hərəkət etmək lazımdır. Nəzərə almalıyıq ki, ölkəmizdə sürücülərin 90%-i normal sürücülük tələblərinə cavab vermir. Sürücülük vəsiqəsini necə aldıqları bilinmir. Sizi əmin edirəm ki, yenidən şəffaf imtahan keçirilsə, azı 90%-i vəsiqəni ala bilməyəcək. Belə şəraitdə azyaşlıları yola çıxarmaq doğru deyil. Çıxarılırsa, yüksək nəzarət olmalıdır. Belə bədbəxt hadisələr bütün dünyada ola bilir. Ümid edirəm ki, bu hal uşaqların ekskursiyaya aparılmasına qadağa qoymaqla nəticələnməz. Problem hərəkətin təşkilində, nəzarətçilərin sayında və diqqətdədir. Bunlara əməl edilsə, heç bir hal baş verməyəcək. Biz də məktəbli olanda çox sayda gəzintilərə getmişik. Qaydalara əməl edildiyi üçün neqativ hallar baş verməyib.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev:

-Məktəbli şagirdlərin istirahət mərkəzinə, tamaşaya, gəzintiyə, hansısa rayona, muzeyə aparılması könüllülük prinsipi əsasında həyata keçirilir. Əgər, bu gəzintini məktəb təşkil edirsə, bütün təhlükəsizlik qaydalarını nəzərdən keçirməlidir. Hansısa valideynin, sinifin və ya müəllimin təşəbbüsü ilə həyata keçirilirsə, bütün təhlükəsizlik qaydaları məsuliyyət daşıyan şəxs tərəfindən gözdən keçirilməlidir. Əgər məlumatları yoxdursa, mütəxəssisdən məsləhətlər almalıdırlar. Şagirdlərin daşınması ilə bağlı işlər yaxşı olardı ki, müqavilə əsasında həyata keçirilsin. Daşınmanı həyata keçirən şirkətdən, bələdçilərin sertifikasıyasına, təcrübəsinə qədər hər şey nəzərə alınmalıdır. Gediləcək yerdə haralarda istirahət edəcəkləri, hansısa atraksiyonun istismara yararlı olması, hansı idman növləri ilə məşğul olacaqları əvvəlcədən müəyyən edilməlidir. Atraksionlarla bağlı çox hadisələr baş verir. Həmin əyləncə vasitələri vaxtında yoxlanılmalıdır. Əyləncə vasitələri qırıla bilər, çayda, göldə qayıqda aşa bilərlər, öncədən müəyyən edilməyən yerlərdə qida qəbul edə bilərlər.   Bu, kütləvi zəhərlənmə ilə nəticələnə bilər. Məsələ özündə çoxsayılı təhlükə ehtiva edir. Bu işlər görülürsə, mütləq təhlükəsizlik tədbirləri görülməlidir. Rəsmi qeydiyyatdan keçmiş şirkətlər tərəfindən həyata keçirilməlidir. Bunlar hamısı kompleks şəkildə görülən tədbirlər planıdır. Bütün bunlara riayət etsək, qəza hadisələrinin baş vermə riski minimum olar. Təəssüf ki, bəzən nəqliyyat vasitəsi qohumdan, tanışdan əldə edilir. Araşdırılmır ki, sürücünün uzaq yol təcrübəsi var, ya yox. Yer yalnış seçilə bilər. Meşəlik ərazidə ilan, əqrəb sancması, vəhşi heyvanların hücumu ola bilər.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31