Təhsil qədər önəmli- PSİXOLOJİ SAĞLAMLIQ...
26 May 2023 12:34 Sosialİstər inkişaf etmiş, istərsə də inkişaf etməyən ölkələrdə azyaşlılar arasında zorakılıq halları olduqca yüksək səviyyədədir. Dünya mediasının son zamanlar olan xəbərlərinə diqqət yetirsək, məktəblərə silahlı hücum halı olduqca artıb. Bir neçə gün öncə Serbiyada yaşıdları tərəfindən zorakılığa məruz qaldığı üçün silahla səkkiz nəfəri öldürən məktəbli dünya mediasını zəbt etdi. Ölkəmizdə də bu səbəbdən intihar halları baş verir. Ancaq, yetəri qədər ciddiyə almırıq. Çox zaman azyaşlının ağılsızlığı bəhanəsi ilə ört-basdır edirik. Beləliklə, çoxlarının intihar səbəbi elə müəmmalı olaraq qalır. İntihara cəhd edə bilməyənlər isə cəmiyyətin travmtik fərdi kimi həyatına davam edir. Ən pis halda özü kimi nəsil yetişdirir. Çünki, nə təhsil sistemi, nə də valideyn çox vaxt övladının psixologiyası ilə maraqlanmır. Problem ilə bağlı psixoloq Fidan Canbabazadə Olaylar-a danışıb:

-Fidan xanım, bullinq nədən baş verir?, nələri bullinq adlandırmalıyıq?
-Bullinqin elmi açılaması zorakılıq, zorbalıqdır. Bullinq dedikdə ağıla xüsusilə məktəblər gəlir. Əslində bullinq bütün kollektivlərə aiddir. Fərqi yoxdur, məktəb, bağça yoxsa universitetdir. Bullinq bir neçə insan tərəfindən də edilə bilər. Eyni zamanda bir neçə insana və ya kollektivə yönəlmiş ola bilər. Bullinqin bir neçə növü var. Hazırda ən çox yayılan növü fiziki bullinqdir. Uşaqlarda bilərək itələmə, vurma, zərər yetirmə vərdişləri olur. Bullinq dedikdə bilərək zorakılıq etmək ağıla gəlməlidir. Bullinq əvvəlcədən planlaşdırılmış şəkildə baş verir. Hazırda ən çox yayılan bir digər növe kiber bullinqdir. Sosial şəbəkələr vasitəsi ilə azyaşlıların şantaj edilməsi, haqlarında şaiyələr yayılması, qorxutmaq kimi cinayətlər kiber bullinqə aiddir.
Bir digər növü mobbinq də adlanır. Hər hansı şəxsin kollektivdən uzaqlaşdırılması, təcrid olunması kimi hallarda özünü göstərir.
Sözlü zorakılıqlar təhqirlər, təhdidlərdən ibarət olur. Əşyalara bilərək xələl gətirmək, sındırmaq da fiziki zorakılığa aiddir. Bullinqin bir başqa növü əlaqəli bullinqdir. Məsələn, nüfuza xələl yetirmə, uşaqların haqqında şaiyə çıxarma və.s ola bilir.
Bullinq ümumi zorakılıq halı olsa da, xüsusilə məktəblərdə yayılan hal olduğu üçün bullinq adlanır. Psixoloji bullinq də var ki, azyaşlıları baxışlarla, təqiblə narahat edirlər. Bunlar həm sosial şəbəkələrdə, həm də real həyatda həyata keçirilir. Zorakılığın demək olar ki, bütün növləri bullinqə aiddir.
-Valideyn hansı göstəricilərə əsasən övladının bullinqə məruz qaldığını anlaya bilər? Və bu halda nə etməlidir?
- Əslində bir çox valideynlə uşaqları arasına yeniyetməlik dövründə soyuqluq daxil olur. Ona görə də bəzən valideynlər uşaqlarının bullinqə məruz qaldığını anlaya bilmirlər. Bullinq alçaldıcı motivdir. Özünə güvəni aşağı salır. İnamları aşağı düşdüyü üçün bir çoxları bunları valideynləri ilə bölüşməyə utanırlar. Çünki, orada bir neçə faktor da ola bilir. Valideynimə deyib şikayət etdikdən sonra daha ciddi zorakılığa məruz qalmaq qorxusu yaranır. Valideynin ən önəmli işi uşaqla daimi ünsiyyətdə olmaqdır. Azyaşlılar özlərini bezgin, depressiv hiss etdikdə valideynlər çox vaxt bunu yeniyetməliklə, dərslərin çoxluğu ilə əlaqələndirirlər. Ailə daxilində dəstək görən azyaşlılar kənarda zorakılığa nə qədər məruz qalsa da, axır-əvvəl öhdəsindən gəlirlər. Yeniyetmə yaşda olsa belə, valideynlər uşaqların dərslərinə diqqət yetirməlidir. Sinif rəhbəri ilə əlaqə saxlamalıdır. Şərt deyil ki, bütün bunları yeniyetmənin gözü qarşısında etsin. Fiziki zorakılığa məruz qaldıqda isə valideyn bunu daha rahat öyrənə bilir. Bu halda yeniyetmənin bədənində izlər ola bilər, hər hansı əşyası qırıla, itə bilər. Bunlar göstəricidir.
Digər tərəfdən zorakılığa məruz qalan azyaşlılar özünə qapanıq olur, dostları olmur və ya çox az olur, məktəbə getmək istəmir, insanlarla ünsiyyətdən qaçır. Valideyn övladın bu halda təhsil almaq istəmədiyini düşünür. Məktəbdə ciddi araşdırma aparsalar, hər şey məlum olacaq.
Bir qrup azyaşlı isə məktəbdə göstərə bilmədiyi aqressiyanı evdə göstərir. Valideyn övladında fərq görürsə, mütləq səbəbi araşdırmalıdır. Bütün bubları psixososial inkişafa bağlamamalıdır. İnsan inkişaf etdikcə hədəfləri çoxalmalıdır. Övladınızın hədəfləri azalıbsa, bullinqdən söhbət gedə bilər.
Övladının zorakılığa məruz qaldığını öyrənən valideyn nə olursa olsun onun yanında olduğunu göstərməlidir. "Nə üçün bizimlə bölüşməmisən?", "Sən zəifsən" kimi ifadələrə və suallara yer verməməlidir. Zorakılıq görən azyaşlıya mütləq psixoloji yardım lazımdır. İntihar cəhdlərinin böyük əksəriyyəti məhz bullinqin təsirindən yaranır. Cəhddən əlavə qədər intihar edən azyaşlıların sayı az deyil.
Statistik məlumatlara görə məktəblilərin 14%-i bu haqda düşünür. 7%-i isə intihara cəhd edir. Mütləq məktəb psixoloqu ilə danışılmalıdır. Psixoloq məktəbdə zorakılıq halını həll etməlidir. Zorakılığı həyata keçirən azyaşlı ilə də danışmaq lazımdır. Ətrafdakı azyaşlılar da təsir altında qalır. Zorakılıq həm zərərçəkənə, həm də ətrafındakı azyaşlılara təsir etdiyi üçün əhatə dairəsi geniş olur.
-Yoldaşlarına qarşı təzyiq göstərən yeniyetməyə qarşı hansı tədbir görülməlidir?
-İlkin olaraq, tibbi ekspertiza və psixoloji konsultasiya vacibdir. "Şiddətə meyl haradan gəlir?" sualı araşdırılmalıdır. Ailə sütununa baxılmalıdır. Mütləq ailədə problemlər olur. Nəinki azyaşlı hətta bəzən ailəyə də terapiya lazım olur. Bəzən zorakılığı uşaqlar arasında zarafat adlandıra bilirik. Erkən yaşda bullinqə məruz qalan azyaşlılar bunu həmin dövrdə yox, bir müddət sonra da biruzə verə bilir. Gələcək üçün çox ciddi psixi pozuntular meydana gəlir. Bütün bu hallar cəmiyyət üçün problem deməkdir. Zorakılıq edən azyaşlıda düzgün olmayan şeylər mütləq var.
-Müəllimlərin şagirdinə qarşı hansı hərəkəti bullinq hesab edilə bilər?
-Nəinki müəllimlərin ətrafda hər kəsin müəyyən dərəcədə bir-birinə etdiyi zorakılıq bullinq hesab edilir. Müəllimlərin şagirdi digərlərinin yanında alçatması, təhqir etməsi, nüfuzdan salması, fiziki zorakılıq etməsi bullinqdir. Təəssüf ki, müəllimlərin şagirdlərə qarşı seksual zorakılığı da mümkündür.
Psixoloji bullinq olaraq isə, şagirdlərlə ədavət aparır, onları dərsə qaldırmır, təcrid edir.
Bullinqin ən çox görülən sonluğu hər iki tərəf üçün intihar ola bilir. Sinif rəhbəri, müavinlər, məktəb direktoru bullinqin qarşısının alınmasında böyük rol oynayır. Hər ay bütün şagirdlər tibbi, psixoloji testdən keçirilməlidir. Qrup terapiyası yaranmalıdır.
Valideynlər övladlarının təhsili qədər psixoloji sağlamlığı ilə maraqlanmalıdır.
Əfsanə Kamal