Günümüzün reallığı- HƏDƏ-QORXU!

Şantaj və hədə-qorxu günümüzün reallığına çevrilib. İnternet dövrünə keçid etdikdən sonra isə hədə-qorxu ilə istədiyi şəxsə istədiyini etdirməyə çalışmaq adi hal alıb. Saxta profillərin, görünüşlərin altında gizlənən "şəxsiyyətlər" insanlardan pul qoparmağı özləri üçün qazanca çeviriblər. İnternet aləmində olan tanışlıq və fəsadlar sadəcə həmin adamı "blok" etməklə həll oluna bilsə də, real həyat üçün daha ağır travmalara səbəb olur. Yeniyetmə vaxtlarında, gənclik çağında, evlilik həyatında belə hədə-qorxuya məruz qalan şəxslər var. Travmaların ağırrlığı yaşa və şəxsə görə dəyişsə də, nəticə etibarı ilə hədə qorxu gəlmək məişət zorakılığına çevilib. Təəssüf ki, bu yola əl atanların da çoxu elə bizə bir zamanlar ən yaxınımızda olan şəxslər olur. Rəfiqə, dost, sevgili, qonşu hətta, keçmiş həyat yoldaşı tərəfindən belə hədə-qorxuya məruz qalırlar. Bütün bunlar fərdin gözünü qorxutmaqla bərabər, insanlar arasında nüfuzunu aşağı salmaq, özündən asılı hala gətirmək məqsədi güdür. Əhali arasında bu problemə qarşı maarifləndirmə işləri zəif olduğu üçün insanlar, xüsusilə, azyaşlılar belə halla qarşıladıqda necə davranacaqlarını bilmirlər və qurbana çevrilirlər. Təhsil ocaqlarında problem ilə bağlı psixoloji işlərin aparılması olduqca vacibdir.

Qeyd etdiyimiz kimi, bunları edənlər adətən ən yaxınımızda olan şəxslər olduğu üçün, zəif "nöqtələrimizi" bilir, ona görə addım atırlar. Qurbana çevirdikləri insanların gedə biləcəyi yerlər, imkanları, cəsarətləri onlara gün kimi aydındır. Reallıq isə bundan ibarətdir ki, ölkəmizdə ən çox qadınlar hədə-qorxuya məruz qalırlar.

Hədə-qorxu bir müddət sonra qanunla və ya qeyri-qanuni şəkildə (nadir hallarda)  həllini tapsa da, yaratdığı travma uzun müddət zərərçəkəni rahat buraxmır. Problemi psixoloji olaraq mərhələli şəkildə anlamaq üçün klinik psixoloq Səyyarə Yusubova ilə həmsöhbət olduq. 

"Xüsusilə, məişət zorakılığı zəminində psixoloji - emosional xarakterli zorakılığın formaları insana yönəlmiş davamlı xarakter daşıyan təhdid etmə, hədə-qorxu və şantaj davranışları psixi sağlamlığı tədricən pozan mənfi təsirlərə malikdir.
Zorakı münasibətlərdə özünəməxsus bir döngü/sikl mövcuddur.
Bu sikl münasibətərdə gərginliyin artması ilə başlayır, ailə üzvləri arasında narazılıq artır, ünsiyyət pozulur. Aqressor tərəfindən planlaşdırma və "hazırlıq" başlayır. Bu zaman qarşı tərəf hücumun növbəti gəlişini təsəvvür edə bilir. Zorakılıq davranışı edən tərəf, qadın və ya kişi, öz hökmranlığının xəyalından həzz alır. Əksərən təcavüzkar belə daxili "hazırlığın" fərqində olmur. Bu, bir neçə səbəbdən baş verir. Onlardan ən yayılmış olan səbəb ailədən öyrənilmiş münasibətlər "ssenarisidir". Növbəti mərhələ bilavasitə zorakı insidentin baş verməsidir. Verbal, emosional və ya fiziki xarakterli qəddarlığın partlayışı baş verir. Hiddətlə, mübahisələrlə, günahlandırmalarla, hədə-qorxu və təhdidlər, qorxutmalarla müşayiət olunur. Sonra isə təcavüzkar/cinayətkar bağışlanma rica edir, üzrlər istəyir, öz qəddarlığının səbəblərini izah edir. Günahı zərər çəkən tərəfə yükləyir, bəzən baş verənləri inkar edir yaxud olanları zərər çəkənin şişirtdiyini vurğulayır. Gərginlikdə qalmaq qurban/zərər çəkən tərəfə çətin, təcavüzkar tərəfə isə dözülməzdir.Zorakılığın yaratdığı gərginliyi aradan qaldırmağa hər iki tərəfin ehtiyacı olur. Çünki bu gərginliyin emosional yükünə tab gətirmə üçün lazım olan psixoloji sağlam müdafiələrə hər iki tərəf də malik deyil. Odur ki, "məsuliyyətin" ağır yükündən azad olmaqdan ötrü təcavüzkar bir sıra tədbirlər görür. O, özünə bəraət qazandırmağa çalışır, qurbanı öz davranışında səbəbkar bildiyini deyir, onu günahlandırır. Bir qayda olaraq, qurbanı etdiyi hərəkətlərə görə də günahlandırır. Məsələ, "Əgər sən evdə yır-yığış etmiş olsaydın, səni döyməyə ehtiyac duymazdım", "Əgər sən vaxtında yemək hazırlasaydın, səni vurmalı olmazdım". Zorakılıq edən adam öz qurbanını incitdiyi üçün peşman olmur. Bəli, o üzrr istəyir, amma cəzadan canını qurtarmaq üçün. Bu mərhələnin məqsədi özü üçün cəzasızlığı təmin etməkdir. 

Zorakılığın növbəti sikli "bal ayıdır". Ən mürəkkəb mrəhələdir. Zorakılıqdan sonra təcavüzkar qayğıkeş, vəfalı, mehriban adama çevrilir. Qurban zatən bu adamı belə halına görə sevmişdi. O restoranlara apara bilər, güllər alar, qarşı tərəfi inandırmağa çalışar ki, dəyişəcək. Bu zaman məqsəd qurbanı ailədə saxlamaqdır, firavalıq görüntüsünü qorumaq. Zorakı insident beləcə undulur, təcavüzkar bağışlanır . Bir çox qadınlar/kişilər öz partnyorlarına bu mərhələdə yaşanılan hissləri yenidən yaşamaq arzusu ilə geri dönürlər. O vaxta  qədər ki, hər şey çox  gözəldir, eynilə tanışlığımızın əvvəlində olduğu kimi.

Ancaq "bal ayından" sonra münasibətlər yenidən siklini davam etdirir və birinci mərhələ, gərginliyin artması perioduna geri qayıdır. Zaman keçdikcə hər faza qısa çəkir. Qəddarlıqların partlamaları tezləşir, böyük zərərlər ortaya çıxır. Məişət zorakılığında yaşanılan belə döngü ucbatından Azərbaycanlı ailələrdə heç kimlə paylaşılmayan, qonşular bilməsin fikri gizlədilən, uşaqların psixoloji olaraq qeyri-sağlam böyüməsinə səbəb olan əlverişsiz mühitdə yaşamaq sanki norma kimi diqtə edilməsi geniş yayılan problemdir. Təcrübə göstərir ki, əksərən qadınlar məruz qalır və nəsillərlə davam edən belə ssenarilər özünü təkrarlanan kəhanət kimi, sanki heç nə insanın əlində deyilmiş, sanki heç nəyi dəyişdirə bilməyəcəkmiş dərəcədə çarəsizlik hissi və acizliyi formalaşdırır. Qadınların öz fiziki və psixoloji təhlükəsizliyini hər an təmin edə biləcəyini sığınacaqların sayı çox olmalı, təcili telefon xətti olmalıdır. Bir mütəxəssis kimi xüsusilə vurğulamaq istəyirəm ki, hədə-qorxu və şantaj edərək qurbanını hadisələrin günahkarı kimi qələmə verməyə çalışan təcavüzkar tərəfin təhdidləri qarşısında hüquqi və sosial müdaifə olunmaq mövqeyinə keçmək, yaxınlardan dəstək almaq mütləq lazımdır. İllərlə təcavüzkarla birlikdə yaşamış qurban onu hamıdan daha yaxşı tanıdığı zənn edir. Qurbanda belə təəssürat formalaşır ki, onun dilini ancaq mən bilirəm, o mənsiz nə edər kimi xilaskarı oynamaq patterni görünür. Bu, illərlə davam etmiş psixoloji travmanın təsirləridir. İnsanda öz həyatına nəzarətin itkisi, daimi təhlükədə olmaq, gücsüzlük, dəyərsizlik inancları formalaşır. Belə şəxslər ağır depressiya, posttravmatik stres, slmatik xəstəliklərdən əziyyət çəkir. Mütəmadi özünü günahkar hiss edir, özünə inamı olduqca aşağı olur. Hədə-qorxu və şantaja məruz qalan şəxs emosional travma alır və mütəxəssis yardımı almalıdır. Təcavüzkardan isə özünü uzaqlaşdıraraq təhlükəsizliyini təmin etməlidir. Bu zaman növbəti, "hər şeyin yaxşı olduğu" mərhələnin onu aldatmasına icazə verməmək üçün də yuxarıda dediyimiz sklin getdikcə qısalacağını, amma alınacaq zədələrin ağırlaşacağını  unutmamalıdır".

-Vəkil Turan Abdullazadə 

"Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə- üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə-  beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər  zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə- on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə -
on üç ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . 

Burada qeyd olunan hədə konkret olaraq şəxsin mənzilinə, avtomobilinə, pul vəsaitinə və ya digər əmlakına yönəlmiş olmalıdır. Yəni hədə zərərçəkmiş şəxs tərəfindən real və həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Belə hədə zərərçəkmiş şəxsə müxtəlif üsullarla və formalarda çatdırıla bilər.
          Bu cinayətin subyekti 14 yaşına çatmış hər hansı anlaqlı fiziki şəxsdir. Yəni cinayət törədənin 14 yaşının tamam olması kifayətdir ki, törətdiyi əmələ görə məsuliyyətə cəlb olunsun.
          Qeyd olunan əməl formal tərkibli cinayət olduğundan hədənin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab olunur və cinayət məsuliyyətinə cəlb olunması üçün əsas yaradır".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31