SOS! Azyaşlı uşaqlar kriminal qrupların maraqlarında
14 Aprel 2023 10:58 SosialCəmiyyət bioloji cəhətdən sosial-mədəni irsi daşımaq və çoxaltmaq üçün imkanlara malik deyil. Topluma aid dəyərlərin gələcəyə daşınması üçün ən önəmli vasitə yeniyetmələr və gənclərdir. Onların fiziki və psixi sağlamlığının qorunması varsa səhvlərinin düzəldilməsi böyüklərin öhdəlikləri çərçivəsindədir. Təhsil, sağlamlıq səviyyəsinin aşağı olması, iqtisadi imkansızlıq, mənəvi parçalanma, sərxoşluq və narkotik istifadəsi kimi məsələlər, fərdi və ictimai həyatı təhdid edən amillərdir. Bu problemlər arasında xüsusilə gənc nəsli maddə istifadəsi və asılılığı ilə bağlı inkişaflar cəlb edir. Bununla belə, ölkəmizdə maddə asılılığı gənc əhali arasında sürətlə yayılır. İstifadə olunan maddədən uzunmüddətli fizioloji və psixoloji asılılıq şəxsin, ictimai və peşə həyatının pisləşməsini göstərir. Maddə asılılığı, maddə istifadəsi pozğunluğu adlanır. Ancaq, bu diaqnozun qoyulması üçün maddəuzun müddət istifadənin tez-tez təkrarlanması lazımdır. Maddədən əl çəkdiyi zaman fərddə yersiz qayğı, titrəmə, yuxusuzluq kimi simptomlar ortaya çıxırsa, artıq maddədən asılı diaqnozu qoyula bilər.
Araşdırmamızla bağlı suallara cavab tapmaq üçün klinik psixoloq Səyyarə Yusubova ilə həmsöhbət olduq.

-Səyyarə xanım, asılılıq nədir?
- Asılılıq, yaxud aludəçilik kimi də ifadə etdiyimiz hal addiktiv davranış patternidir. Addiction - ingilis sözüdür, meyillilik, asılılıq, pis vərdiş kimi tərcümə olunur. Addiktiv davranış destruktiv davranışın növlərindən biridir, bu zaman insan gerçəklikdən uzaqlaşmaq üçün öz psixi vəziyyərini dəyişməyin yollarını axtarır, bu zaman intensiv emosiyalar doğuran hansısa predmetlər və ya fəaliyyət növlərinə aludə olur. Zehnin iradi gücü tükənir və addiksiyaya qalib gəlməkdə yetmir. Asılılıqları olan insanlar haqqında belə bir fikir formalaşıb ki, iradələri zəifdir. Ancaq, iradi güc tükənən bir şeydir. Asılılıq beynimizin plastikliyini istifadə edərək formalaşır. Məhz plastiklik hesabına biz digər çoxsaylı faydalı vərdişlərə yiyələnmişik. Reflekslərin formalaşmasında həzzalma meyli durur. Həzz almağa anında çatmağa canatma beynin təməl güdüsü, meylidir. Gündəlik həyatda sosial şəbəkələrdəki bəyənmə ikonu da bizə bu həzzi, beyində isə dofamin ifrazını təmin edir. Oyun asılılıqları, şopinq asılılığı da eyni mexanizmlə formalaşır və möhkəmlənir.
-Sadəcə zəif xarakterli insanlar asılı ola bilir?
-Ümumiyyətlə, zəif xarakter anlayışı doğru anlayış deyil. Asılılıq əsas etibarı ilə beyində gedən hormonal mübadilə nəticəsində formalaşan beyin xəstəliyidir. İnsanda kimyəvi və qeyri-kimyəvi xarakterli asılılıqların da mexanizmində beyində formalaşan biokimyəvi qanunauyğunluq dayanır. Ona görə də asılılıq zəif xarakterli insanlarda olur deyəndə səhv etmiş oluruq. Asılılığa yanaşarkən bioloji və psixososial vəziyyəti nəzərə almaq lazımdır. Asılılıqdan əziyyət çəkən insanlar müəyyən həssas qruplara aid olan, riskli faktorlardan öncədən əziyyət çəkən insanlar olurlar. Adətən asılı insanlar narkotikin olduğu mühitdə böyüyən, himayəsiz gənclər olur. İradi güc çətinliklərin öhdəsindən gəlmə qabiliyyətidir. İnsan öhdəsindən gəlməsi lazım olan məsələnin həlli yollarında real çıxış yolu gördüyü zaman məqsədyönlü ola bilir. Eləcə də, problem həlli motivasiyası da problemə müvafiq olmalıdır. Mümkün həll yollarına aid təsəvvür olmayanda insanın dirənci də formalaşmır.
-Qadağalar insanlarda maraq oyatmaqla mənfi təsir göstərə bilərmi?
-Məsələn, narkotik maddələrin qəbulunun leqalizasiyası olunmuş ölkələrlə qadağa olunan ölkələrin müqayisəsi tədqiqatlaı aparılır. Bəli, əlbəttə ki, qadağan olunmuş hər şey daima maraq doğurur. Bundan əlavə maddələrin bir çoxu ölümcül təhlükəlidir, keyfiyyətcə çox zərərli tərkibə malik olur. Əlbəttə, bu sahədə kriminal qrupların maraqları var. Ölkəyə narkotik maddələrin gətirilməsi, azyaşlı uşaqların buna cəlb olunması kimi ciddi sosial xarakterli problemlər var. Bu şəraitdə yeniyetmələr üçün xüsusilə həmin maddələri əldə etmək həyəcanı təəssüf ki, əlavə bir maraq yaradır. Çünki, davranış problemləri yaşayırsa, qaydaları pozmağa meyil formalaşır.
-Psixoloji olaraq asılılığın müalicəsi mümkündürmü?
-Psixoloji asılılıq, addiksiya da deyilir, anlayışı insanın predmetə, hadisəyə və ya hansısa əmələ qarşısıalınamayan güclü meyli olması deməkdir. Asılılığın mahiyyəti bizim adətlərimizlə eynidir, lakin yüngül səviyyəsində onlar bizə narahatlıq doğurmur. Bir çox adətlərimiz isə əksinə, fayda da verir. Məsələn kitab oxumaq, idmanla məşğul olmaq kimi vərdişlər.
Hazırda addiksiyaların təsnifatına kimyəvi maddələrdən və qeyri kimyəvi olan, hisslər, davranışlar, qida qəbulu, iş və internet kimi fəaliyyətlərdən asılılıqlar aid edilir.
Əlbəttə, siqaret istifadəsi, alkoqol və narkotik maddələrdən, preparatlardan asılılıq kimyəvi asılılıqlara aiddir.
Qumar, video oyunlar və internet asılılığı da ÜST tərəfindən qəbul edilmiş asılılıq növlərinə aiddir.
Bunlardan əlavə, şəxsi səviyyədə, başqa insana tələbat şəklində üzə çıxan asılılıq növü də vardır.
-Hansı valideyn münasibəti maddə/alkoqol/siqaret istifadəsinə yol açır?
-Uşaq şəxsiyyətinin inkişafı valideynlərin münasibətlərinin arasında baş verir. Bu münasibətlərin içində uşağı ünsiyyətin, münasibətin hansısa funksiyası kimi istifadə edərlərsə, uşağın fərdi psixoloji cəhətləinin inkişafına imkan yaranmazsa, valideynlərin münasibətləri nevrotik bağlılıq şəklində olarsa, özünə inamını zədələyərək, daima qadağalarla böyüdülərsə, hiperhimayə və ya hipohimayə yanaşması olduqda davranışın requlyasiyasında çətinlikləri olacaqdır. Ailədən sağlıqlı separasiyanın gerçəkləşməməsi də asılılıq patternlərinin formalaşmasına gətirib çıxarır.
Əfsanə Kamal