Orqan nəqlinə üç küncdən baxış
7 Aprel 2023 11:38 SosialOrqan ticarətinin dünyada yayıldığı bir vaxtda Azərbaycanda da məsələyə birmənalı yanaşmayanlar az deyil. Sosial şəbəkələrdə paylaşılan orqan satış qiymətləri insanları loru dildə desək, şirnikləşndirir. Ancaq, bilirik ki, hər şey qanun çərçivəsində olmalıdır. Bir çox insanın məsələyə birmənalı yanaşmaması narahatlıq doğurur. Orqan bağışlamağın isə müxtəlif mərhələləri var. Məsələyə din, sosial və hüquqi baxımdan qiymət verməsi üçün mütəxəssislərlə həmsöhbət olduq:
Sosioloq Elçin Bayramlı

"Tez-tez eşidirik ki filankəs orqanlarını bağışlayıb. Mən bu məsələnin göründüyü qədər səmimi olmadığını düşünürəm. Düzdür, kimisə xilas etmək üçün orqanını bağışlaması humanist hərəkətdir. Lakin burada çox mürəkkəb məsələlər var. Əvvəla, tam ölüm zamanı heç bir orqan götürülüb köçürülə bilmir, çünki o orqan yararsız olur- göz qişasından başqa. Bu halda həkimlər beyin ölümü diaqnozu qoyduqları xəstənin hələ tam ölməmişkən orqanlarını götürə bilərlər. Halbuki, adam hələ həyatdadır. Bundan qlobal orqan mafiyası necə lazımdır istifadə edir və dövriyyəsi trilyonlarla ölçülür. Beyin ölümü və digər bu tip tibbi diaqnozları təsdiq edən elmi mərkəzlər də həmin qlobal mafiyanın nəzarətindədir. Üstəlik, beyin ölümünün təyin olunma mexanizmi və bunun tam ölüm sayılması barədə dünya elmi tibb mərkəzləri həmfikir deyil. Son illərdə beyin ölümü faktının əleyhinə daha çox elmi faktlar ortaya qoyulur.
Beyin ölümü belə insanın tam ölümü demək deyil. Bu halda sağ insanın orqanları onun icazəsi olmadan, yəni, onu vaxtından tez öldürərək alınma halıdır. Beyin ölümü diaqnozundan sonra sağalıb yaşayan minlərlə adam var dünyada. Bu halda beyin ölümü diaqnozu qoyularaq şəxsin orqanlarının zorla götürülməsi cinayətdir. Yəni, birini xilas etmək üçün digərini öldürmək cinayət faktıdır. Hətta ailə üzvlərinin belə buna icazə verməyə ixtiyarı, hüququ yoxdur, olmamalıdır.
Biz bunu araşdırmalıyıq ki, niyə orqan çatışmazlığı yaranır və bunun qarşısını almaq üçün çalışmalıyıq. İnsanları sağlam həyat tərzinə, sağlam qidalanmağa, yeri gəlsə, məcbur etmək lazımdır. Qida təhlükəsizliyi maksimum təmin olunmalı, zərərli vərdişlər və texnologiyalara qarşı mübarizə aparılmalıdır.
Yoxsa, kimsə heç bir qaydaya riayət etmədən yaşayır, kefini sürür, nəticədə orqanı sıradan çıxır, kimsə də insan kimi sağlam həyat tərzi sürür, sağlam orqanı olur, sonra o, varlı və harın şəxsin kefcil və bivec həyat tərzinin ağır nəticələrinin əvəzini bu kasıb olan ödəyir. Burda ədalət hardadır?
Acınacaqlı vəziyyətdə olan və orqanını satmaqla yaşamağa çalışan insanlara dövlət və cəmiyyət yardım etməlidir. Əks halda insan cəmiyyətindən danışmaq olmaz".
Vəkil Turan Abdullazadə
_(2).jpg)
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası cinayət hesab olunur.
Belə ki, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı -altı min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi - on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə -iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi -doqquz min manatdan on beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər: təkrar törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası" haqqında Azərbaycan Respublikası Qanununa əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər. Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.
Canlı və ya meyit donordan donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisələrində, habelə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçirilir.
Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır.
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar".
İlahiyyatçı Əkrəm Həsənov

"İslam dininə görə insan orqanı satmaq icazəli deyil. Çünki, insan oqranı digər əşyalar kimi satış obyekti deyil. Ona görə ki, insanın orqanları öz şəxsi malı deyil və şəriətə görə onları satmağa onun haqqı çatmır. İnsanın öz orqanının satılmasına və dəyişdirilməsinə şəriətdə icazə verilmir. Belə ki, insanın öz orqanını satmağı sahibi olmayan bir əşyanın satışına bənzəyir. Düzgün satış üçün satıcının satılan əşyanın sahibi olması lazımdır və İslam alimləri yekdil qərara gəliblər ki, hər hansısa bir şəxsin öz orqanı həmin şəxsin şəxsi malı deyil. Yəni, insan öz orqanının sahibi deyil. Çünki, Allah təala Qurani Kərimdə buyurub ki, sizin bütün orqanlarınızı mən sizə hədiyə olaraq vermişəm və Qiyamət günü yenidən sizi dirildəndə bütün orqanlarınızla birlikdə dirildəcəyəm və bu səbəblə insan dünyasını dəyişəndə yuyunub kəfənlənib dəfn edilir. İslam dininə görə insan orqanları nə insanın malı, nə də vəfatından sonra onların əvəzini verənə qədər onun varislərinin malı deyildir. Orqanın satılmasının qadağan olunmasının ikinci səbəbi insanın bu orqanlarına hörmət və ehtiram göstərilməsidir. Orqanını satmaq isə hörmət və ehtirama ziddir. Orqanın satılmasının haram olmasının üçüncü səbəbi əgər bu sahədə insanların üzünə qapı açılsaydı, buna görə başlarına gələ biləcək zərərə baxmadan, orqanlarını satmağa tələsərdilər. Bununla da insanlıq və bəşəriyyət məhv olardı. Orqanın satılmasının qadağan olunmasının dördüncü səbəbi odur ki, əgər bir şəxs öz orqanlarını satarsa - istər müsəlman olsun, istərsə də kafir - bu həmin şəxsin özünə olan hörmətsizliyidir. Halbuki Allah təala insana hörmət etdiyini Qurani Kərimdə bildirib (Əl İsra 70 ci ayə).
İslam dinində orqan satılması ona görə qadağandır ki, müsəlmanın diri və ya ölü olmasından asılı olmayaraq, yaralamaq və ya kəsməklə bədəninə toxunmaq qadağandır. Əslini dəyişdirməyi və istisna etməyi zəruri edən dəlil olana qədər onun üzərində qalmaq vacibdir, çünki nəqlə mane olan dəlillərin hamısı müsəlmana aiddir.
Bir çox alimlər, ehtiyac olduğu təqdirdə orqanların bağışlanmasına icazə veriblər və həkimlər, orqanların sahibindən götürüldükdə heç bir təhlükə olmadığına və çıxarılan şəxs üçün də düzgün olduğuna qərar veriblər. Bu, sahibinin ölümünə əmin olduqdan sonra böyrəyini və ciyərini digər çətinlikdə olan insana vəsiyət etməsi üzərinə köçürmək olar".
Əfsanə Kamal