"Qidalar sağlam, yerli, mövsümi, təmiz olmalıdır"
17 Mart 2023 11:48 SosialƏhalinin böyük əksəriyyəti istehlak etdiyi qidaya güvənmir. Bir çoxlarımız ətrafımızdakı insanlardan "Güya yediyimiz nə sağlıqlıdır ki?!" ifadəsini mütləq eşitmişik. Doğrudur, istehlak etdiyimiz, gündəlik süfrəyə qoyduğumuz bir çox qida məhsulu sağlamlıq üçün kifayət qədər keyfiyyətli olmasa da, bir qisminə diqqətlə yanaşmaq öz əlimizdədir. Marketlərdə satılan çəkilmiş ətin, kolbasa, sosiska kimi ət məhsullarının keyfiyyəti hər birimizdə şübhə doğursa da, süfrəmizdən əskik etmirik. Dünya üzrə kişilərdə ürək-damar xəstəliyinə düşən ölüm sayına görə Azərbaycan birinci yerdə qərarlaşıb. Marketlər zinciri sisteminə hələ yaxın keçmişdə sahib olan ölkə üçün bu, çox "böyük" göstərici hesab olunur. Əlimizə məhsulu götürüb, səbətə atdığımız zaman dilimi ərzində dayanıb, biraz daha düşünməli olacağıq. Bütün dünyada baş verən iqtisadi böhran nəticəsində ölkəmizdə də məhsulların qiymətində artış hiss olunur. Ancaq, bahalaşma qədər vacib olan məsələ keyfiyyətdir. Aldığınız məhsul həmin qiymətə dəyərmi?
Qida sahəsində olan problemlərlə bağlı Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov ilə həmsöhbət olduq:

-Ağa bəy, hazır çəkilmiş ət almaq etibarlıdırmı?
İlk olaraq istehsalçıların farş (çəkilmiş ət) almağını məsləhət görmürük.Hansı ki, həmin məhsullar brend marka altında satılmır,təsdiqlənmiş deyil və baytar nəzarəti altında kəsilmir.Məsələn, şirkətə qida institutundan nəzarət var,baytarı var,qida zənciri qırılmayıbsa ,o zaman, etibar etmək olar.Ancaq, etibar etmədiyimiz mənbələr də var.Supermarketlərdə işıqlandırma sistemi elədir ki, çəkilmiş ət qıpqırmızı görünür.Şübhədən çıxmaq üçün həmin məhsullardan uzaq durmaq lazımdır.Ən yaxşısı,sümüksüz ət alıb,özümüz qiymə halına salaq.Bu, daha məqsədəuyğundur.Qiymələr bəzən başqa ət ilə də sintez edilir. Məsələn,qoyun ətinin çıxıntıları mal ətinə qarışdırılır.Digər bir aldadıcı vasitə isə süni rəngləndiricilərdir.Həmin rəngləndiricilər vasitəsilə ətin rəngi qırmızı görünür. Rəngləndirilən əti su ilə yuduqda,rəngini buraxır.Vətəndaşlar əti özləri çəkməli və ya marketdə çəkdirməlidir.
-Restoranların işi qənaətbəxş sayıla bilər?
-Ümumiyyətlə, Azərbaycanda olan restoran sistemi içərisində otellər biraz qənaətbəxş sayılır.Ancaq, hamısı yox. Gigiyena,avandanlığın təşkili,işıqlandırma,kanalizasiya sistemində çatışmazlıqlar çoxdur.Başda gigiyena problemi gəlir.Emal prosesində ət hansı şəraitdə saxlanmalıdır,temperatur necə olmalıdır,hansı bıçaqla kəsilməlidir,hansı taxtada doğranmalıdır bilmirlər.Restoranlarda belə acınacaqlı vəziyyət mövcuddur.Bu, problem isti, soyuq,şirniyyat kimi qida məhsulları üçün də keçərlidir.İşçilərin hər altı aydan bir həkim müayinəsindən keçib-keçmədiyi sual altındadır.Həkimlər ödəniş edildikdən sonra,heç bir müayinə tələb etmir.Hər biri yoxlamadan imza atır.İşçinin hansı xəstəliyin daşıyıcısı olduğu-Hepatit,ağciyər xəstəliyinin olub-olmadığı bilinmir.İşçilər üçün bu müayinələr vacibdir.Təəssüf ki, restoranlar buna əməl etmir.Faiz nisbəti ilə əməl etməyən restoranlar çoxdur.Gigiyena qaydalarından,çarpaz çirkənlənmədən,qonşuluq prinsiplərinin soyuducuda məhsullar arasında pozulmasından xəbərləri yoxdur.Azərbaycanda qrup yaradılmalıdır.AQTA ictimai iaşə obyektlərinə nəzarət gücləndirməlidir.Gücləndirmə proseslərində savadlı kadrlar olmalıdır.
-Kolbasa, sosiska kimi ət məhsullarını nə qədər müddətdən bir istehlak etmək olar?
Kolbasa və sosiska kimi məmulatlar delikates şəklində istifadə edilsə, daha yaxşı olar. Orqanik kolbasalar, sucuklar var. Söhbət bunlardan getmir. Onların saxlanma müddəti də azdır. Məsələn, Azərbaycanda ət işi ilə məşğul olan elə şirkətlər var ki, kolbasa kimi məmulatları orqanikdir. Həmin məhsulların istehsalında kimyəvi qatqılardan istifadə olunmur. Saxlanma müddətinin bitməyinə 3 gün qalmış artıq başqa yerə istifadə üçün verilir. Restoranlarda belə məhsullar səhər yeməklərində, pizzalarda istifadə edilir. Vaxtı keçmədən istifadəyə verilir. Elə yerlər də var ki, E621, dadlandırıcı, rəngləndirici, rəngqoruyuculardan istifadə edilir ki, xarab olmasın. Məhsulun vitrin ömrü uzansın. Bu cür məhsullardan toyda, nişanda delikates kimi istifadə edə bilərsiniz. Bayramlarda 1-2 dilim yemək olar. Ancaq, gündəlik, mütəmadi olaraq istehlakı çox zərərlidir. Ürək, qan-damar sistemi də başda olmaqla, mədə-bağırsaq sisteminin florasına kəskin mənfi təsir göstərir.
-Vətəndaşlarımız yerli yoxsa əcnəbi məhsullara üstünlük verir?
-Təəssüf ki, vətəndaşlarımız əcnəbi məhsullara üstünlük verir. Məsələn, alma alanda kənarı azca çürük olan kimi almaqdan imtina edirik. Əslində meyvə qurdunun yediyi alma daha faydalıdır nəinki görünüşü gözəl olan meyvə, tərəvəzlər. Yerli məhsula üstünlük verilməlidir. Çünki, radiusumuzda yetişən meyvə, tərəvəzləri istehlak etsək, daha çox vitamin, mineral əldə tmiş olacağıq. Bizə daha faydalı olan bizim torpaqda yetişən məhsullardır. Bizim torpağımızda yetişən otlarla bəslənən mal-qaranın südündə də, ətində də bizim üçün faydalı elementlər çox olur. Ən unikalı yerli məhsulların istehlak olunmasıdır.
Məsələn, biz buğdanı, düyünü özümüz istehsal etməliyik. Başqa ölkədən gəlməli deyil. Yerli düyüyə üstünlük verməliyik. İstehsal nə qədər çox olsa, rəqabət də artacaq. Satış qiyməti ucuzlaşacaq. Biz bütün məhsulları özümüz istehsal edə bilərik. Bunun üçün fermaları, maldarlığı çoxaltmağa maraqlı olmalıyıq. Su təminatı regionlarda güclənməlidir. Fermerlərə dəstək olunmalıdır. Yerli məhsulların çoxaldılması, əkilməsi, becərilməsində kəndliyə dəstək verilməlidir. Dövlət bu işlərə maraqlı olmalıdır. Bölgələrdə su ilə bağlı problemlər var. Bu, problem üzərində ciddi işlər görülməlidir.
-Dünya üzrə kişilərdə ürək-damar xəstəliyinə düşən ölüm sayına görə birinci yerdəyik. Qİda məhsullarının rolu bu göstəricidə nə qədərdir?
-Yediklərimizə diqqət yetirək. Ən başda yediyimiz ağ çörəyə nəzər salaq."Əla" növ undan bişirilir. Bəs, əla növ un nədir?. Rüşeym və kəpək qismi ayrılmış undur. Bu o deməkdir ki, sadəcə karbohidratdan ibarətdir. Tərkibində zülalın, liflərin,vitaminlərin, mineralların olmasından söhbət gedə bilməz. "Əla" növ udan hazırlanan çörəklər az istifadə olunmalıdır. Ümumiyyətlə, istifadə olunmasa, daha yaxşı olar. Mədəaltı vəz, qaraciyər yüklənir, piylənir. Nəticədə piylənmə xəstəliyi yaranır. Ürək, qan-damar problemləri ortaya çıxır, həzmsizlik yaranır, qida dözümsüzlüyü meydana gəlir. Ona görə də boş karbohidratdan ibarət olunan məhsullar istehlak edilməməlidir.
Rəngli, qazlı-qazsız, sərinləşdirici içkilərə nəzər yetirək. Bu da boş karbohidratdır. Tərkibində şəkər miqdarı çoxdur, fosfor turşusu var. Sümük əriməsi yaradır. Bu hallar istənilən yaş kateqoriyasında insanlara aiddir. Körpələrdə sümüyün inkişafının qarşısını alır. Bu böyük bir dərddir. Normal su içmək lazımdır. "Fresh" sular içilməlidir. Təzə çəkilən şirələr içilməlidir. Yaşıl çay olmalıdır. Süfrəmizdə dağ otlarından hazırlanan çaylara üstünlük verməliyik. Təəssüf ki, bunlar hamısı yazıda qalır.
Azyaşlıları fast food yeməyə aparırıq. "Kartof free" trans yağda qızardılır. Trans yağ, un və şəkərdən hazırlanan məhsullar ürək tıxanıqlığına səbəb olur. Damarlar tıxanır, infarkt riski artır. İnsan nə yeyirsə, odur. Qan-damar sistemimizdə bir çox problemlər irsi olsa da, ürək çatışmazlığı problemin ən çox faiz qida məhsulları üzərinə düşür. Qidaların sağlam, yerli, mövsümi, təmiz olması vacibdir.
Əfsanə Kamal