Psixoloji problemi olanların cəmiyyətdə yeri- NECƏ DAVRANAQ?

Psixoloji problemləri olan şəxslər ailələri və cəmiyyətə zərər verməkdən daha çox özlərinə zərər verə bilirlər. Bu, baxımdan hər kəs ətrafındakı insanları yaxşı analiz etməli, üzərinə düşəni əsirgəməməlidir. 

Problemlə bağlı suallar üçün klinik psixoloq Səyyarə Yusubova ilə həmsöhbət olduq. 

-Səyyarə xanım, Psixoloji problem nələrə deyilir?

-Psixoloji problem çox geniş anlayışdır. Biz psixoloji pozuntu, psixi xəstəliklər və ağır psixi xəstəlikləri ayırd etməliyik. Psixoloji problem insan həyatında özü, yaxın ətrafı peşəsi, fəaliyyəti ilə bağlı problem yaşadığı zaman ortaya çıxa bilər. Yüngül səviyyəli psixoloji problemlərə ünsiyyət, münasibət zamanı olan problemlər daxildir.  Yüngül dedikdə, kliniki səviyyədə nəzərdə tutulmayan problemlər nəzərdə tutulur. 
Digər səviyyə artıq insanın öz fəaliyyətini həyata keçirə bilməməsidir. Məsələn, əhval-ruhiyyə, emosional vəziyyətləri dayanmadan dəyişir. Həyatı əhəmiyyətli münasibətlərlə bağlı yaşanan çətinliklər ucbatından öncələr rahatlıqla öhdəsindən gəlinə bilinən məsələlər imkansız ola bilər. Diqqət, yaddaş problemləri ola bilər. Özünü qiymətləndirmə, özünə güvənmək, inanmaq çətinlikləri psixoloji problemlərə daxildir. Ancaq, biz nəzərə almalıyıq ki, psixoloji problemin səbəbi yalnız sadaladığımız səviyyədə deyil, daha dərində "şəxsiyyət orqanizatiyası" dediyimiz yerdə ola bilər. 

-Cəmiyyətimizdə psixoloji problemlər arasında ən çox hansılar görünür?
Əslində bütün dünyada depressiya üstünlük təşkil edir. Azərbaycan cəmiyyəti üçün təşviş-həyəcan pozuntuları üstünlük təşkil edir. Bİz burada klinik terminlərdən istifadə edirik. Psixoloji pozuntu anlayışını da burada açmaq lazımdır. Psixoloji pozuntunun əsas meyarı insanın həyatına, fəaliyyətinə, münasibətlərinə mane olmaq, həyat keyfiyyətlərini aşağı salmaqdır. Azərbaycanda müharibə dövründən bu yana post-drammatik stress pozuntusunun genişləndiyini görürük. 

-Psixoloji problemləri yaş kateqoriyasına ayıra bilərikmi?

-Əlbəttə, psixoloji problemləri yaş kateqoriyasına ayıra bilərik. Neyro-inkişaf adı altında qruplaşdırdığımız qrupa daxil olan öyrənmə çətinliyi, ləngiyən psixi inkişaf problemləri 18 yaşına qədərki mərhələlərdə görülür. 
Yaşlılıq mərhələsində də görünən psixi xəstəliklər var.  Alzheimer, parkinson kimi xəstəliklər yaşlılarda görünür. Parkinson xəstəliyinin yaşı son dövrlərdə cavanlaşıb. Ümumi olaraq, bunlar beyinin qocalması ilə bağlı olan psixoloji xəstəliklərdir. Tədqiqatlarda hansısa ayrı-ayrı psixoloji xəstəliklər üçün yaş diferensasiyası görürük. Məsələn, ağır psixi xəstəlik olan şizofreniya daha çox 20-30 yaşlarda yüksəliş yaşayır. Beyində gedən hormonal proseslərin də burada təsiri var. Şizofreniya əsas etibarı ilə irsi xəstəlikdir. İrsiyyət amili böyük rol oynasa da, psixo-sosial amillər də xəstəliyi təhdid edə bilir. Yaş isə ayrı-ayrı psixoloji problemlərin ortaya çıxmasına təsir edən faktordur. 
Psixoloji problemlərin ortaya çıxdığı dövrlərdən biri yeniyetməlik dövrüdür. Çünki, yeniyetməlik böhran dövrüdür. İnsanların özləri ilə bağlı problemləri bu dövrdə aşkarlanır. İntihar hadisələrinə də bu dövrdə rast gəlinir. 

-Ətrafımızdakı insanlara qarşı şübhə yarandıqda nələrə diqqət etməliyik? Yəni, problemlərin göstəriciləri nələrdir?

-İlk öncə ağır psixi xəstəliklərdən danışaq. Ruhi xəstəliklər ilk vaxtlarda yuxusuzluq şəklində özünü göstərir.  İnsan gecələr oyaq qalırsa, özünə "yer" tapa bilmirsə, davranışlarında qəribəlik sezilirsə bunları nəzərə almaq lazımdır.
Təşviş və həyəcan pozuntuları da olduqca yayğındır. Belə insanlar hər şeydən narahat olur, vahimələnirlər. Adi səslərdən, yaxınlarının başına bir şey gələcəyi, ölüm ilə bağlı daimi qorxu içərisindədirlər.  Bu, əlamətlər göstəricidir. 
Bir digər qrup Obsessiv Kompulsiv Pozuntudur.  Sarışan fikirlər insanın düşüncələrinə daxil olur. Şəxs bunu nəzarət altına ala bilmir. Onlar bilir ki, ağıllarına gələn şeylər real deyil. Ancaq, özlərinə sahib çıxa bilmirlər. Bu, düşüncələrin təsiri ilə onlar müəyyən rituallar etməyə başlayırlar. Məsələn, təmizlik obsessiyası varsa, dayanmadan təmizlik edirlər. Həmin yerin təmiz olduğunu bilsələr də, təmizləməyə davam edirlər. Bəzi insanlar bir şeyi etsə də, ondan əmin ola bilmir. Qapını bağladığını bilsə də, narahat qalıb yenidən yoxlayır. Obsessiyanın bir çox növləri var.
Panik-atak təşviş pozuntularından biridir. Belə olan halda insanlar tək qala bilmir, çölə çıxa bilmirlər. 
Sosial fobianın əlaməti insanların ünsiyyətə girə bilməməsidir. Bu pozuntuların əlamətlərindən bir çoxu kültürlə dəstəklənir. Sosial fobiası olan insanı utancaq hesab edə bilərik. Hər ikisi arasında fərqlər var. Utancaq insan ünsiyyətə girə bilir, sadəcə utanır. Sosial fobiası olan insanlar isə lazım olan ünsiyyəti belə qura bilmir. Zəngələ bilmir, dialoq qurmur. Bunlar xarakter kimi dəyərləndirilsə də, təşviş əlamətidir. Belə hallar insanların zamanını alır, enerjisini tükədir, yaşamağına maneə olur. 

-Heç zaman müalicə oluna bilməyəcək növ varmı?

-Elə bir psixi pozuntu yoxdur ki, onun müalicəsi olmasın. Sadəcə buradakı müalicə anlayışını açmaq lazımdır. İngilis dilində olan sağaltmaq, müalicə etmək və terapiya sözləri bir-birinə olduqca yaxındır. Bir xəstəliyin tamamilə sağalması ilə insanın fəaliyyətinə yetəcək qədər müalicə olunması fərqlidir. Psixologiyada bu baxımdan iki ifadədən istifadə olunur. Xəstəlik və terapiya. Tibb o vaxt hər hansı bir şeyi xəstəlik adlandırır ki, səbəbi tam olaraq aydındır və hansı bioloji proseslərin baş verdiyi aydın olub.  Və həmin səbəb ortadan qaldırıldıqda, xəstəlik də ortadan qalxır. Ancaq psixi pozuntunun konkret səbəbi olmur. Pozuntu bioloji, psixoloji, sosial faktordan yaranır və müalicə edilir. 
Müalicə nəticəsində şəxs fəaliyyət göstərə biləcək, stabil əhvalda ola biləcək səviyyəyə gətirilir. 
Beyində gedən müəyyən proseslər nəticəsində insanın çox ağır travma aldığı, əvvəlki vəziyyətə qayıda bilmədiyi hallar var. Bunlar beyinin üzvi zədələnməsi, uzunmüddətli xroniki psixi xəstəlik nəticəsində əmələ gəlir. Beyin elə bir orqandır ki, onunla bağlı hələ çox şeyləri bilmirik. Tədqiqatlar gələcəkdə bu sahədə irəliləyiş olacağını göstərir.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31