Həssas əhali qruplarına aid uşaqlar üçün bayram proqramı təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas əhali qruplarına aid uşaqlar üçün Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə xeyriyyə məqsədli "Sehrli Yeni il" adlı iki günlük bayram proqramı təqdim olunub. "Olaylar" xəbər verir ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu  və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə əməkdaşlıqda təşkil olunan  tədbirdə  hər gün 120 uşaq olmaqla, ümumilikdə 250-yə yaxın uşaq iştirak edib.Tədbirin birinci hissəsində uşaqlar üçün sehrbazların, dj-lərin, Yeni ilin ənənəvi qəhrəmanlarının iştirakı ilə əyləncəli proqram, köpük şousu nümayiş olunub.

Abdulla Şaiqin əsəri əsasında Mərkəzin benefisiarlarının və rəqqasların ifasında səhnələşdirilmiş "Tülkü həccə gedir" tamaşasının premyerası keçirilib. Tamaşaya Mərkəzin səhnə ifaçılığı üzrə təlimçisi Əbdülqəni Əliyev quruluş verib. Səhnə əsərindəki əsas personajları Əli Əsədov, Fərid Firyazzadə, Aslan Məmmədov, Rəşid Mikayılov, Ləman Məmmədova, Babək İsmayılov, Fatimə Məmmədova canlandırıb. Səhnə libaslarını mərkəzin dərzilik, modelyerlik studiyasında təlim alan benefisiarlar ərsəyə gətirib.

"Mc Donalds Azərbaycan" şirkəti, "Ağ çiçəyim", "Sensum by Amapola" və Azərbaycan Badminton Federasiyasının da təşkilati dəstək verdiyi tədbirdə uşaqlara müxtəlif hədiyyələr, bayram sovqatları paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31